Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Millət vəkilindən milyonluq evi barədə – Açıqlama

Millət vəkilindən milyonluq evi barədə – Açıqlama

Bu mənzillər artıq 5 ildir ki, mülkiyyətimizdədir, onların qiyməti də yazılanlardan qat-qat ucuzdur.

Bu sözləri Axar.az-a açıqlamasında mediada milyon yarımlıq evi olması ilə bağlı rəsmi sənədin yayılması xəbərinə aydınlıq gətirən millət vəkili Elmira Axundova deyib. Deputat bildirib ki, bu sənədi yayan tərəf məhkəmədə yenə uduzduğuna görə belə qanunsuz əməllərə əl atıb:

“Nə vaxtdan mənzil sahibi olmaq qəbahət sayılır? Məgər mənə çoxillik fəaliyyətim və xidmətlərim qarşısında yaxşı mənzil bağışlana bilməzdimi? Bir də ki, mənim Feyruz Həşimovla olan məhkəmə prosesim şərəf və ləyaqətlə bağlıdır, mülkiyyətlə yox. Sadəcə olaraq, qarşı tərəf məhkəmədə yenə uduzduğuna görə belə qanunsuz əməllərə əl atır. Onlardan fərqli olaraq, mən qanuni yollara üstünlük verirəm və hüquqlarımı məhkəmədə uğurla müdafiə edirəm. Bəzi KİV-lərə isə məsləhətim budur ki, boş yerdən ucuz sensasiya axtarmasınlar və ciddi problemlərlə məşğul olsunlar”.

Qeyd edək ki, Elmira Axundova Feyruz Həşimovu 2015-ci ilin mayında “Gündəlik Bakı” qəzetində dərc olunan yazılara görə məhkəməyə verib. Deputat həmin məqalələrdə özü və oğlunun şərəf və ləyaqətinin təhqir olunduğunu, ona böhtan atıldığını iddia edir. E.Axundova həmin yazılara görə təkzib verilməsi, üzr istənilməsi və 100 min manat kompensasiya tələb edib. Xətai Rayon Məhkəməsi deputatın iddiasını qismən təmin edib və 5 min manat miqdarında təzminat ödənilməsi barədə qərar çıxarıb. Deputat bundan narazı qalaraq, apelyasiya şikayəti verib.

Hazırda Elmira Axundova ilə jurnalist Feyruz Həşimov arasında məhkəmə çəkişməsi apelyasiya instansiyasında davam edir.

Fevralın 3-də Bakı Apelyasiya Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə prosesində 78 yaşlı Feyruz Həşimov və onun nümayəndəsi deputatın əmlakı, həmçinin oğlu Həbib Axundovun 1,5 milyon dəyərində evə sahib olması barədə rəsmi sənəd açıqlayıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın