Şənbə , Aprel 27 2024
Ana səhifə / Köşə Yazarları / Mediamızın yeni janrı: təbrik və başsağlığı jurnalistikası…

Mediamızın yeni janrı: təbrik və başsağlığı jurnalistikası…

Bilirəm ki, bu statusu qorxusundan çox adam bəyənməyəcək. Çünki medianı və onun mənsublarını elə vəziyyətə qoyublar ki, bu adamlar nəinki öz saytlarında heç öz profillərində belə jurnalist demirəm, adi vətəndaş mövqeyi sərgiləyə bilmirlər.

Vəziyyət o yerə çatıb ki, hansısa posta bəyən işarəsi qoymağa belə çəkinirlər ki, birdən paketini və ya maliyyələşməsini kəsərlər. Allah kəssin belə jurnalist olmağı. Təsadüfi deyil ki, FB-də adamın qarşısına ancaq jurnalistlərin yazdıqları : başsağlığı, ad günü təbrikləri, hansısa saytın yaranma günü ilə bağlı restorandan çəkilən fotolar və vəzifə təyinatları ilə əlaqəli olan yeni vəzifə alanlara “girmə” postları çıxır.

Buna bənzər dalğanı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının yeni təyin olunmuş üzvlərinə yağdırılan təbriklərdəki postlarında da gördük. Bir neçə dəfə bu barədə yazmışdım ki, mediaya nəzarət edən Media Agentliyi özünə nəzarət etməli olan Müşahidə Şurasını uzun illərdi formalaşdıra bilmir.

Nəhayət Prezident öz fərmanı ilə 5 nəfərdən ibarət olan bu təsisatın heyətini təsdiqlədi. Media üçün olduqca önəmli olan bu posta təyin olanlar isə nə etdi? Hamısı bir-bir Prezidentə təşəkkür etdi və onlara ünvanlanan təbriklərə cavab verib xoşallandılar. Prezidentə təşəkkür etmək lazımdır və onların borclarıdır. Çünki çox böyük məsuliyyətli işə təyinat alıblar.

Ancaq unutmasınlar ki, Prezident onları həmin Şuraya yalnız ona təşəkkür etmək üçün təyin etməyib. Onların başlıca vəzifəsi olduqca strateji sahə olan medianı bu bataqlıqdan çıxarmaqdır. Bu 5 nəfərdən heç biri gələcək fəaliyyətləri ilə bağlı, nələrə prioritet verəcəkləri haqda bir kəlmə də olsun proqram xarakterli nəsə yazmadılar. Deyəsən, bunların da işi ya kimlərəsə başsağlığı vermək, ya təbrik etmək, ən yaxşı halda isə təbriklərə cavab vermək olacaq. Allah mübarək eləsin, yeni vəzifəniz ruzili, bərəkətli olsun!

Məhəmmədəli QƏRİBLİ

Azinforum.az

Həmçinin oxuyun

“Azinforum” ictimailəşdirdiyi mövzu dövlət qurumlarını hərəkətə gətirdi-“Gənclik” ətrafı təmizləndi+Video

Azinforum.az-ın metronun “Gənclik” stansiyası ətrafındakı piyada səkülərin mağaza və “obyekt” sahibləri tərəfindən qanunsuz zəbt edərək, …