Şənbə , Aprel 27 2024
Ana səhifə / Köşə Yazarları / Səbuhi Məmmədlinin ayaqları…

Səbuhi Məmmədlinin ayaqları…

Və yaxud

Bir İmza Dəfnindən reportaj əvəzi

Biz pafosa meylliyik və oxşamaya başlayanda çox uzaqdan və yüksək tonla başlayırıq! Nəticədə elə alınır ki, deyirik: “sağlığında kor Fatma, öləmdə badam gözlüm!”
Əslində, pafosa yuvarlanmasaq, yəni ideallaşdırmasaq, şişirtməsək, hər şey öz axarında olacaq! Və… nə xoş söz, nə də ağı yaltaqlıq səviyyəsində yalan həddinə çatmaz!
Eldəniz Zeynalov demiş, emosiya çatmır – yəni: səmimiyyət!
Səmimi olanda gərək lap əvvəldən, birinci cümlədə yazasan ki:
Azərbaycan jurnalistikasında başqasına, ümumilikdə iqtidarlı-müxalifətli cəmiyyətə bir daha BELƏ ziyansız iti ağlı, çevik reaksiyası və əndazəsiz ifadə qabiliyyəti olan başqa bir İmza olmayacaq – əlbəttə ki, müxalifətdə Qənimət Zahid, iqtidarda Eynulla Fətullayevdən sonra, ziyanlı olmaq şərtiylə!
Səbuhi Məmmədli digər ikisindən fərqli olaraq, ziyanlı deyildi – maksimumu avantürist-melkaşka” kalibri ilə səciyyələnə bilər!


Səbuhi Məmmədli baş redaktor, həmkar, oxucu və dost saxlamadı ki… ATMAMIŞ olsun… yazı!
Adam var söz-replika atır, Səbuhi Məmmədli bütöv atırdı… yazını!


Maraqlıdır ki, atdığı yazılara görə nəinki inciyirdilər, hətta pul da verirdilər!
Səbuhi Məmmədli dünyada Stendaldan, Azərbaycanda Qənimət Zahiddən sonra üçüncü Yaradıcı Şəxsdir ki, onun qədər bəşəriyyətə yalan danışan da olmayıb, onun qədər də xalqına doğru deyən də!


Sadəcə, Səbuhi Məmmədlinin yalanları özünün ziyanına (başsağlıqlarında “allah günahlarını bağışlasın” eyhamı da buna görədir), doğruları xalqa-oxucuya, dostlara, müxalifətə, iqtidara xeyirli olub!


Və… Səbuhi Məmmədli bir ara müsahibələri ilə sevimli oldu!
Səbuhi Məmmədli bir ara reportajları ilə sevimli oldu!
Səbuhi Məmmədli bir ara dezoları ilə sevimli oldu!
Səbuhi Məmmədli bir ara kompromatları ilə sevimli oldu!
ÇÜNKİ Səbuhi Məmmədli real müsahibə, real reportaj, real kompromat və real dezo ilə işləmirdi: Azərbaycan xalqı iqtidarlı-müxalifətli goppalogiyanı, pafosu sevir!
Və…. Səbuhi Məmmədli uydururdu!
Səbuhinin yeri jurnalistika yox, ədəbiyyat idi: FANTAST YAZIÇI olmaq onun alın yazısı idi, amma o jurnalistikaya transfer edib tale hekayəsini yazdı: okean balığı çayda üzə bilməz!
Tanrı onu okeana buraxmışdı, o, çayı seçdi: təzyiq və materiallar müqaviməti fərqliydi!
BU FƏRQİN HESABINA CİDDİ JURNALİSTİKADA
Səbuhi əvvəlcə müsahibə janrını öldürdü!
Səbuhi ardınca reportaj janrını öldürdü!
Səbuhi daha sonra “dezo” ilə “komplo”nu öldürdü!
Axırda özünü öldürdü!


Hələ özünü öldürməkdən sonra danışarıq, indi ondan danışaq ki…
Çeçen səhra komandiri ilə, Şimali Koreyadan, Suriyadan “reportaj”larını-“müsahibə”lərini oxuyanda ciddi redaktor başa düşürdü ki, adam qətllə məşğuldur, yaradıcılıqla yox!
Taksi sürücüsü ilə söhbətindən, Neftçaladakı atılmış kənddən, İmişlidəki alman əsilli fransız nənədən yazılarla bəlli olurdu ki, Tanrı adamı ac saxlamaz, amma yaşatmaz da: bütün fırıldaq variantlar tükənəndə ciddi mateialla ortaya gəlmək məharəti onun şarmıydı!
Və… Səbuhi qeyri-ciddi jurnalistikanın banisi və dahisi olaraq, sevimli imza oldu!
Səbuhi Məmmədli Müsüslüyə ayaqları olmadan getdi!


Səbuhi Məmmədli haqqında indiyə qədər deyilən bütün xoş və bəd sözlər heç bir anlam kəsb etməyəcək – biz goppalogiyanı sevən toplumuq, bizi növbəti uydurma ustaları uyduracaq, amma Səbuhi Məmmədlinin nə qədər istedadlı biri olduğunu yalnız bu cür ifadə etmək olar: əgər Səbuhi ayaqları ilə getsəydi o dünyaya, o… orada da gəzib-gəzib bir hadisə tapardı reportaj yazmağa, gəzib-gəzib orada da müsahibə götürməyə Çörçilli, Şarl dö Qollu ələ keçirərdi!
Bu həyatda təyinatı üzrə işlətmədiyi yeganə orqanizmi ayaqlarıydı!


O ayaqlarla o… BMT-nin tribunasına, FİFA-nın konfrans zalına, AŞ PA-nın məclislərinə getməliydi, fəqət həmişə yanlış yerlərə apardı ayaqları onu! Belə də demək olar: ayaqlarının aparmadığı-getmədiyi yerlərdə cisminin olduğuna ayaqları şahidlik etdiyi üçün, ayaqları burda qaldı!
Bu gün Müsüslüdə dəfn olunan sadə bir insan-vətəndaş deyildi, bu gün Müsüslüdə Azərbaycan Mətbuatının Bir İmzası idi (Azərbaycanda Ölkə Mətbuatı artıq Əyalətin Kənd Qəbristanlığında dəfn olunmaq qədərincə ucuzlaşıb!). O imza ki… istənilən halda, Fəxri Xiyabanların birində abidələşməliydi: uydurma reportajlarla, fiktiv müsahibələrlə, səs-küylü dezolarla, komplolarla olsa da, bir “dvijeniya” yarada bilirdi: sükunətə və ətalətə qapanmış cəmiyyəti yerindən tərpətmək cəhdi-cəsarəti dahilikdir!
SƏBUHİ MƏMMƏDLİ İLƏ VİDA SÖHBƏTİM:
Bir gün bir narkoman qardaş dozasını qəbul edib, dənizkənarında oturub, balıq tutur, birdən bir qızıl balıq düşür toruna. Qızıl balıq üç şərtini yerinə yetirməyi boynuna götürür azadlığı müqabilində. Narkoman qardaş deyir ki, Xəzərin o tayı ilə bu tayı arasında bir körpü sal. İkinci arzusu bu olur ki, Teymurləngin qoşunu keçsin o körpüdən. Üçüncü arzusu da belə olur: Teymurləngin qoşununu qaytar dala.


Qızıl balıq hər üç arzunu yerinə yetirir və gijələk qalaraq, soruşur: bu, sənin nəyinə lazım idi?
Narkoman qardaş deyir:

  • Heç, “lomka”çılıq idi, dedim bir “dvijeniya” yaradım!
    “… İdeallaşdırırıq! … Şişirdirik!”
    İdeallaşdırmayaq, şişirtməyək!
    Bizə baxıb ideallaşdırırlar, şişirdirlər və dözə bilməyənlər də deyir “sağlığında kor Fatma, öləndə badam gözlüm”!
    Ölən… ayaqları sahibi ilə sonacan yola getməyib hamıdan tez ayrılan Bir İmzadır!
    Ayaqda saxlaya bilmədiyimiz İmza!
    p.s. Azərbaycanda müsahibə-reportaj janrında ustad kimi təqdim olunan iki jurnalistdən biridir Səbuhi Məmmədli müsahibə götürə bilmədiyinə, hadisə yerinə vaxtında çatıb reportaj yaya bilmədiyinə şahidlik edə bilərəm: “Millətin səsi” və “Xural” qəzeti tam heyətdə mənim şahidlərimdir!
    Ancaq bu heç nəyi dəyişmir!
    Ruhun şad olsun, “Sinişa Mixayloviç” – əmin ol, Sənin bu imzanı heç vaxt heç kimə demərəm də, yazmaram da!
  • Aydın Canıyev

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …