Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Əzrayıl doğan ana, yaxud “Əhmədin anası ölməyib hələ”…

Əzrayıl doğan ana, yaxud “Əhmədin anası ölməyib hələ”…

Son günlər ölkə gündəmini silkələyən, dəhşətli sözünün belə çərçivələrinə sığmayan bir ailə dramının, ya ailə tragediyasının ən pis halda ailə soyqırımının təffərrüatlarına şahidlik etməkdəyik.
Bəs gəlin görək, “Kimdir müqəssir”?
Cəmiyyəti birmənalı olaraq şok durumuna salan bu qətliamda kimi valideynləri qınayır, suçlayır, kimi zombiləşmiş vampirin əməllərindən sarsılır, empatik hissləri daha güclü olanlar, əslində duyğusal, emosional insanlar hədsiz təlaş keçirirlər. Elə mənim kimi. Kifayət qədər sentimental olduğumdan ailə faciəsi məni də belə desək orbitimdən, məhvərimdən çıxarır, içimdəki təlatüm səngimir. Nə qədər əksini düşünməyə çalışsam da, özümlə bacarmıram. Nə qədər desəm də axı mənə manqurtlaşmış Əhməd lazımdır, axı mənim vaxtım nə gəzir Əhməddən yazım? Bu qədər vaxta bir roman oxuyardım axı, nəyə lazım özümü cani-dildən tükədirəm, gecəni yatmıram, desəm də…
Amma…
Amması, əmması çoxdur…
Düşünürəm ki, axı mən deməyim, sən demə, bəs kim desin?
(Guya desək də nə dəyişəcək ki?… )
Hər nə isə…
Ümumiyyətlə bir mənalı olaraq düşünürəm ki, elə yaxın qohumların da təsdiq etdiyi kimi hadisədə birbaşa valideynlər təqsirkar olub. Tamamilə əminəm ki, sağ olmuş olsalar həmin valideynlər mütləq istintaqa cəlb edilməli olacaqdılar.
Mentalitet dediyimiz – “adama nə deyəllər kəlməsi” də elə əsrlər uzunudur ki, ilişib keçib boğazımıza, hələ neçə-neçə belə qəti”llərə fərman verəcəkdir. Nə qədər ki, bu cür hallara laqeyd, biganəyiksə o qədər də, bu kimi canilər çox yetişəcək aramızda.
Xatırlayırsınızsa bir neçə il əvvəl Çində yarasadan törədildiyi deyilən koronavirus adlı bir kabus az qala bütün dünyanı cənginə alan panemiyaya çevrilmişdi. Görünür binəva ana da dünyaya gətirmiş olduğu “ƏZRAYIL”ının, az qala ağuşunda dəlicəsinə əzizlədiyi “KABUSU”nun əməllərini vaxtilə ört-basdır edərək təhlükənin qarşısını almaq əvəzinə böyük bir ailənin sərdabəsinin qazılmasına fərman verməyi üstün tutmuş olur.
“Əhmədin anası ölməyib hələ”… deyərək şir ürəyi yemiş ana sanki öz evində teatr açmış, “əzrayılla çiling-ağac oynamağ”ı səhnələşdirməyə başlayıbmış. Başqa cür desək valideynlər sanki: “Əhməd xəstəxanaya yalnız bizim qəbrimizin üstən adlayıb gedə bilər” deyə and içiblərmiş. Nə yazıq ki, Əhməd yenə də xəstəxanaya getmədi axı…
Ən ağrılısı da odur ki, nəticədə çanaq günahsız məsum körpələrin başında çatlamış oldu həm də.
Təəssüf, çoox təəssüf…
Dünyada ən asan iş başqasına məsləhət verməkdi deyirlər. Bəlkə də, suçlamaq, göstəriş vermək, ittiham eləmək qanımızdadır deyə belə rahatlıqla danışa bilirik. Allah o hissləri yaşamağı nəinki heç bir valideynə, hətta düşmənimə belə qismət eləməsin. Bir qədər etik çərçivədən kənar olsa da, ağbirçəklərin zəngin söz xəzinəsindən olan bir ifadə yadıma düşdü və inanıram ki, həm də yerinə düşdü: “qarnımdan çıxıb qada, hayana gedim dada”.
Nə deyək, nə söyləyək… Allah hər kəsi öz bətnindən, öz canından ayrılmış övlad cildində olan iblislərdən, əzrayıllardan qorusun. Amin, inşallah…
Hələ ötən əsrdə lap belə desək 1899-cu ildə Londonda mühafizəçi və oğru Patrik Xuliqan da təxminən bu cür axmaq hadisələr törədərək adını tarixə yazdırmaq istəmiş və nail də olmuşdur. (Yəqinki bu gün dələduz adamların niyə xuliqan adlandırıldığını da öyrənmiş oldunuz). Bəlkə də elə bizim “xuliqan qəhrəman”ımız “bir ailəni yer üzündən silmiş canı” adı ilə “Ginnesin rekordlar kitabı”na düşmək istəyirmiş həm də… Kim bilir? Bunu onun bir özü, bir də Allahı bilir yəqinki.
Dünyada analoqu olmayan Xocalı faciəsi törədiləndə səkkiz ailəni yer üzündən silən erməni faşizminə nifrət bütün dünyanı hələ də dolaşmaqdadır. Bizim “erməniləşmiş qatil” sanki toyuq-cücə boğazlayırmış kimi öz doğmalarını yan-yana düzməyi də əlbət düşmənə sanki rəhmət oxutmuş kimi oldu.
Bu məqamda məşhur qırğız yazıçısı Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanında Nayman ana obrazı canlanır göz önündə. Düşmənlər tərəfindən manqurtlaşdırılmış oğlunu səhrada axtaran ana məhz elə oğlu tərəfindən də öldürülmüşdü
Rəhmətlik Z. Yaqub məşhur “Nayman ana” əsərində bu səhnəni çox təsirli dilə gətirib:
“Oğlun sәni nişan aldı, Nayman ana!
Ağ dәvәdәn, ağ mayadan yerә saldı, Nayman ana!
Oğul qәlbi alışmadı, daşa döndü, Nayman ana!
Ana qәlbi göyә çıxdı, quşa döndü, Nayman ana!
“Oğlun sәni tanımadı!
Layla çaldın, tanımadı, ağı dedin, tanımadı.
Ürәyimin, gözlәrimin yağı dedin, tanımadı!
Nayman ana, onda görmә, onda görmә günahı sәn,
Günahkar bil Allahı sәn! Günahkar bil yağını sәn!
Daha sәnә olan olub, daşı oğul dağını sәn!”

Təəssüf, çox təəssüf ki, həmişə də bu cür hallarda “olacağa çarə yoxdur” deyirik, “qismətdən artığını yemək olmaz” deyirik, hətta “alın yazısıdır” da deyirik, amma heç vaxt demirik ki, “camaat adama nə deyər” deyə-deyə gizlətdiklərimiz, əslində doğru hesab etdiyimiz yalnışlar bir gün bomba kimi partlayıb öz başımıza töküləcək. “Cidanı çuvalda gizlətmək olmaz” deyiblər. Təssüflər ki, vaxtilə təhlükələrimizə qığılcım ola biləcək hər halımızı gizlətdiyimiz, ifrat sadiq olduğumuz cəmiyyətimiz lap elə insafsızcasına bizi ya zəlzələdən, ya da vəlvələdən aləmə faş edəcək onsuzda, ya tez, ya gec. Hətta başımıza gələn faciələrdən sevinənlər belə mən deyərdim ki, sevinməyənlərdən də qat-qat çox olacaqdır, inanın mənə, bu belədir. İndi siz deyin görək, “nə deyərlər” deyib gizlətdiyiniz cəmiyyət çoxmu sadiqdir sizə, rəhmətlik Mirzə Cəlil demiş ay mənim miskin xalqım…
Təsəlli verməyə heç bir sözün yetməyi bu faciə qarşısında kəlmələr kasadlıq eləsə də bircə onu söyləməyə gücüm çatdı ki, nə qədər ki, vaxtsız gələn əzrayıla qapı açıb, xoş gəldin deyib, evimizin yuxarı başına çıxaracıqsa, nə qədər ki, yazıçı İsmayıl Şıxlı demişkən “sapı özümüzdən olan baltalar”ın əlində oyuncağa çevriləciksə cəmiyyətdə çalınan həyəcan təbilinin səsi heç zaman susmayacaq…
“DOĞMA QATİL”in (mən onu belə adlandırıram) soyuq silahı bötün bəşəriyyətin, bütün ölkənin boynuna vurulan baltadır. Vaxtında tədbir görülməzsə Əhmədovlar ailəsinin başına gələnlərin sabah bizim qapımızı döyməyəcəyindən kim sığortalayıb ki, bizi??? Kim bizə zəmanət verib, kim???
Ailədən Allah kimə səbir versin deyə bilmirəm, Əhmədə də dəqiq olaraq səbir arzulamıram hər halda.
Allah sizə rəhmət eləsin günahsız körpə mələklər, deyirəm!!!
Ruhunuz şad olsun deyirəm.
İnanın ki, qatiliniz hələlik yanınızda olmasa da, əmin olun ki, o, artıq Cəhənnəmdədir…

Leyla Fərhadqızı Məmmədəliyeva,
fil. üzrə fəl.doktoru-publisist

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …