Şənbə , Aprel 27 2024

Xam xəyallar

Bizim şanlı Azərbaycan Respublikasında son 30 ildə cərəyan edən siyasi proseslərin cövhəri nədir?

Xam xəyallara qapılmaq bütün insanlara, bütün xalqlara xas bir təzahürdür. Fərdlərin yetkinlik dərəcəsindən və cəmiyyətlərin inkişaf səviyyəsindən asılı olmayaraq xam xəyallara uymaq, ilğım məqsəd və hədəflərə doğru can atmaq şakəri dünyada istisna tanımır.

Dərindən düşünsə, hər bir fərd nə vaxt yanıldığını, gerçək olmayan ümid və xam xəyallara aldanaraq harada və necə səy və ömür itkisinə yol verdiyini dərk edə bilər.

Lakin bu özünütəhlil və məntiqi düşüncə qabiliyyəti hər insanda olmur, cəmiyyətlərdə və xalqlarda isə heç vaxt və heç bir vəchlə olmur. İnsanı xam xəyallardan ayılmağa düçar olduğu ağır itki, ruhi sarsıntı vadar edə bilər, cəmiyyət və xalqlar isə heç vaxt ayıq başla düşünmək qabiliyyətinə malik olmurlar, onları yalnız acı məğlubiyyət və qırğınlar silkələyib xoş-zor oyanmağa və ayılmağa doğru sürüyə bilər.

Sovet xalqlarını yarım əsr kommunizm xam xəyalı ilə yedizdirdilər. Bəzi alimlər onun mümkünsüzlüyünü deyirdi, lakin qüdrətli sovet cəza maşını belə adamları üyüdüb məhv edirdi. Tarixin gərdişi-dövranını aldatmaq və zorlamaq mümkün deyil, həmin o təqib, təcrid və məhv edilən nadir insanların dedikləri həqiqətlər sovet quruluşunun sonuna yaxın gerçəkləşməyə başlayanda sovet rəhbərliyi yeni bir xam xəyal ilğımı ortaya atdı: “insan çöhrəli sosializm”. İstəkləri o idi ki, nomenklatura quruluşunun əsas istibdad mahiyyətini saxlayaraq sıravi vətəndaşlara “bir balaca” sərbəstlik versinlər, hər fərqli danışanı qazamata salmasınlar, nomenklatura marallarının sərt nəzarəti altında “suveren demokratik” seçki keçirib sovetlərə təhlükəli olmayan sayda “qanacaqlı” müxalifət nümayəndələrinin daxil olmasına imkan versinlər.

1989-cu ildə SSRİ Xalq Deputatları Qurultayına seçki elə bu Qorbaçov demokratiyası qəlibində keçirildi. Məlum oldu ki, hətta onda bir nisbətdə Qurultaya seçilmiş azad deputatlar nomenklaturanın “tatar-monqol süvarisi”ndən təşkil edilmiş onda doqquz ordusunu basıb əzə bilir. Cin sehirli cıraqdan çıxmışdı, onu təkrar aldadıb çırağa salmaq üçün təşkil edilmiş “QKÇP” cəhdi uğursuzluğa düçar oldu. SSRİ gurultu ilə süqut etdi.

Lakin hiyləgər nomenklatura maralları ayaqlarını hakimiyyət üzəngisinə möhkəm basmışdılar, vəzifə yəhərində rahat əyləşmişdilər, cahıl kütləni tovlamaq və minmək fəndlərini gözəl bilirdilər, odur ki, postsovet məkanında hakimiyyətin mənbəyinin xalq olması barədə sözlər yalnız heç bir əməli əhəmiyyəti olmayan konstitusiyalarda xoş niyyət kimi qaldı. SSRİ çökəndən sonra nomenklatura hakimiyyəti əhalinin boynuna dolandırılmış kəndiri, ayağına bağlanmış zənciri ardıcıl olaraq sıxmağa və qısaltmağa başladı.

Uzağa getməyək, bizim şanlı Azərbaycan Respublikasında son 30 ildə cərəyan edən siyasi proseslərin cövhəri nədir?

1.İcra hakimiyyətinin, yəni prezidentin səlahiyyətlərinin intəhasız genişləndirilməsi. Prezidentin sərəncamında olan qanuni və əməli səlahiyyətlər nə Nikolay Romanovda, nə də Rza Pəhləvidə var idi.

2. Seçkili qurumların həm seçilmə mexanizminin tam nəzarətə götürülməsi, həm də parlamentin və bələdiyyələrin səlahiyyətlərinin qanunla sıfırlanması.

3.Siyasi partiyaların boğulması, cılızlaşdırılması, müti və bihal edilməsi, çoxlu sayda hakimiyyət axurundan yemlənən saxta liderlərin meydana atılması.

4. KİV-in sərt nəzarətə götürülməsi məqsədilə qanunlara daxil edilən ağlasığmaz məhdudiyyətlər, maliyyə qaynaqlarının hakimiyyət mənbələrinə bağlanması, azad danışan və yazan jurnalistlərin bəzi hallarda qətli, çox vaxt isə şərlənərək  məhbəsə salınması, ölkəni tərk etməyə məcbur edilməsi, itaət etməyən mətbu qurumların bağlanması və darmadağın edilməsi.

5.Parlaq və müstəqil vətəndaş cəmiyyəti xadimlərinə qarşı aramsız təzyiq, təqib, onların maliyyə qaynaqlarının kəsilməsi, eyni zamanda hakimiyyət axurundan yemlənən çox sayda saxta “vətəndaş cəmiyyəti fəalı”nın peyda olması, onların Qərbə həqiqi QHT kimi sırınması.

6.Müstəqil həmkarlara qarşı sovet dövründən yürüdülən basqı və təqib siyasətinin şiddətləndirilməsi, rəsmi həmkarlar ittifaqlarının tayfaya mənsub mafiozların sərəncamına verilməsi, həqiqi həmkarlar fəallarının təqibi, şərlənməsi və həbsi.

7. Əhalinin ziyalı saydığı yaradıcı insanların başının hakimiyyət axuruna bağlanması, itaət etməyən yaradıcı insanların öz əməyi və əsərləri hesabına yaşamasını mümkünsüz edən sərt nəzarət və inhisar sisteminin qurulması.

8. Biznes adlandırılan sahədə dar bir zümrənin mütləq inhisarının təmin edilməsi, hakim istibdad quruluşunu bəyənməyən və qəbul etməyən fərdlərin biznes fəaliyyəti ilə gəlir əldə etməsinin qarşısının inzibati üsullarla sərt alınması.

9. Ölkədəki maliyyə axınlarının və formalaşmış bazar məkanının bir ailənin və onun ətrafına toplaşmış zümrənin ixtiyarına verilməsi.

10. Əhalini qorxu və vahimə içində yaşamağa sövq edən qüdrətli və qəddar güc qurumlarının say və səlahiyyət baxımından mütəmadi genişləndirilməsi.

11. Öz milli, etnik və şəxsi mənliyini təsdiqləməyə cəhd edən bütün vətəndaşların təqibi, cəzalandırılması və susdurulması.

Bu təsvir postsovet məkanında təşəkkül tapmış bütün siyasi rejimlərin mahiyyətini aşağı-yuxarı kiçik fərqlərlə əks etdirir. Bu sahədə istisna, demək olar ki, yoxdur.

Son iki əsr rus tarixinin iki məşhur sualının səsləndirilməsi məqamıdır:
1.Kimdir müqəssir?
2.Nə etməli?

Birinci suala cavab axtaran insan ortaya hədsiz sayda adam adı və familiyası qoya bilər. Məncə, təqsiri ayrı-ayrı fərdlərdə axtarmaq əbəsdir. Ortada dağ boyda müqəssir xalq dura-dura təqsiri cırtdan boyda fərdlərdə axtarmaq istintaqı həqiqətdən yayındırmaq kimi qiymətləndirilməlidir. Bəli, müqəssir kal xalqdır, onun cəhalətidir, siyasi mədəniyyətdən xali kütlənin siyasət meydanına atılıb cövlan etməsidir. 1987-1993-cü illərdə maşın sürməyi bilməyən kütlə dövlət avtomobilinin sükanından yapışmağa can atırdı və bəzən buna müvəffəq olurdu. Təbii ki, bu cəhdin aqibəti göz önündədir.

İkinci sualı vermək istəyən tapılsa, ona mən qara camaatın dili ilə cavab verərdim: “canına azar etməli!”

Ay bədbəxt millət, peyğəmbər sizə nə deyib? “Beşikdən qəbrə qədər oxuyun”. Oxuyun. Çay içməyin, çayxanalarda laqqırtı vurmağın, zər atmağın, kef məclislərində şellənməyin öz vaxtı var, fəqət əsas oxumaqdır.

Zərdüşt Əlizadə

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …