Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İqtisadiyyat / Sterliqovun işində İnterpolun qərəzli davranışının sirri

Sterliqovun işində İnterpolun qərəzli davranışının sirri

İnterpol Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlə məşğul olan rusiyalı biznesmen German Sterliqovun axtarışını dayandırıb. Bu barədə onun vəkili Artur Ayrapetov bildirib.
Vəkil deyib ki, İnterpol siyasi motivlərə görə tutulması istənilən şəxslərin axtarışını həyata keçirmir: “Çünki bu, təşkilatın nizamnaməsinə uyğun deyil. İnterpolun komissiyası isə Azərbaycanın Sterliqovu təqib etməsini siyasi motivli hesab edib. Biznesmen 10-15 gün İnterpolun axtarış bazasında olub, avqustun 21-də isə onun beynəlxalq axtarışı dayandırılıb”.
Vəkil onu da əlavə edib ki, hüquqlarını müdafiə etdiyi şəxs avqustun 29-dək Dağlıq Qarabağda qalacaq. Biznesmen həmin gün böyük tədbirlər təşkil edəcək – həyat yoldaşı Alyona Sterliqovanın Moda Evinin nümayişi və cıdır yarışları olacaq.
Qeyd edək ki, Azərbaycan G.Sterliqovu iyulun 28-də İnterpol xəttilə axtarışa verib.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və digərlərinin Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlmələri və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından, 28 iyul 2015-ci il tarixdə German Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, İnterpolun bu hərəkəti Azərbaycana yönəlik ikili standartların olmasını bir daha ortaya qoydu: “Biz bir dövlət olaraq belə hallarla tez-tez rastlaşırıq. Həmin iş adamının məsuliyyətə cəlb olunması üçün Azərbaycanın əlində kifayət qədər dəlil var. Elə onun işğal altında olan torpaqlarda bizim ölkənin icazəsi olmadan qalması cinayətdir. Digər tərəfdən isə, Sterliqov öz cinayət əməlini təbliğ edir. O, digər insanları da Dağlıq Qarabağa çağırır. İnterpol siyasi motivləri əsas gətirir. Bu, heç bir hüquqi normaya sığmır. Məlumdur ki, Sterliqov öz kriminal əməllərinə don geydirmək üçün belə sərsəm yola əl atıb. Təsəvvür edin ki, həmin adamın Rusiyada da qaranlıq kriminal keçmişi var. Bu səbəbdən də o, vətəndaşı olduğu ölkədən qaçaraq başqa bir cinayət əməlinə yol verib. Onun tərəfimizdən axtarışa verilməsi bütün prossesual normalara cavab verir. Sadəcə, İnterpol belə əmələ yol verməklə ölkəmizə qarşı qərəzini bir daha ortaya qoydu”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Büdcə xərclərinə qənaət olunmasının nəyi pisdir?

Başa vurduğumuz 2020-ci il dünya ölkələri üçün maliyyə-fiskal-büdcə siyasəti baxımından əvvəlki illərlə müqayisədə bir çox …

Bir cavab yazın