Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Gündəm / Valideynləri imtina etdikləri siyasi mühacir kimdir?

Valideynləri imtina etdikləri siyasi mühacir kimdir?

Müzəffər Baxış: “Valideynin övladdan imtina etməsi qanunvericilikdə nəzərdə tutulmayıb”

 
 
Sabiq vicdan məhbusu, hazırda Hollandiyada mühacirətdə yaşayan Rəsul Mürsəlovun ailəsinin ondan imtina etməsi barədə xəbər vermişdik. İmtina ərizəsini gənc fəalın atası Maarif Mürsəlov yazıb. Müraciət Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə və Ombudsman Aparatına göndərilib. 
Bəyanatda bu sözlər yer alır: “Biz oğlumuz Rəsulun siyasi fəaliyyətini dəstəkləmir və ondan imtina etdiyimizi bəyan edirik. Bunu nəzərə almağınızı və Rəsul Mürsəlovu bundan sonra bizim ailə ilə əlaqələndirməməyinizi xahiş edirik”.
Bəyanatdan sonra mətbuat və sosial şəbəkələrdə  Mürsəlovlar ailəsinə haqq qazandıranlar da oldu, bəyanata qarşı çıxanlar da. Əsas ortaya atılan iddia isə müraciətin təzyiq yolu ilə yazdırılmasıdır. Çoxları hesab edir ki, R.Mürsəlovun xaricdəki siyasi fəaliyyəti hakimiyyətin qəzəbinə tuş gəlib və nəticədə onun ailəsi buna məcbur edilib. Qeyd edək ki,  R.Mürsəlov sosial şəbəkələrdə və mətbuatda hakimiyyəti sərt tənqid edən yazıları ilə tanınır.
İndiyə qədər övladdan imtina kimi hallara demək olar ki, Azərbaycanda rast gəlinməyib.
 
Buradan ortaya maraqlı bir sual çıxır: R.Mürsəlovun ailəsi ondan qanunla imtina edə bilərmi?
Hüquqşünas Müzəffər Baxış qanunvericilikdə valideynin övladdan imtina etməsi prosedurun nəzərdə tutulmadığını bildirdi: “Konstitusiyanın 34-cü maddəsinə görə, uşaqları tərbiyə etmək və qayğısına qalmaq valideynin borcudur. Bu, konstitusion bir normadır, həm də    valideynin hüququdur. Qanunda bu qayda tətbiq edilib. Azərbaycan qanunlarına görə, uşaq dedikdə 18 yaşına çatmayanlar nəzərdə tutulur. Konkret olaraq, qanunvericiliyimizdə valideynin övladdan imtina etməsi nəzərdə tutulmayıb. Valideynlikdən uzaqlaşdırıldıqda, yaxud hüquqları məhdudlaşdırıldıqda belə, övladlarının qayğısına qalmaq valideynin borcudur. Rəsul Mürsəlov 18 yaşından yuxarıdır. O, uşaq deyil. Tam yetkin bir insandır. Bu, valideynlərin vəziyyətdən çıxmaq üçün verdiyi bəyanatdır. Bunun heç bir hüququ əsası yoxdur. Qanunda da belə hal yoxdur. Çox təəssüf edirəm ki, ölkəmdə belə valideynlər var”.
Sonda Rəsul Mürsəlovun siyasi fəaliyyətinə qısa nəzər salaq. Əvvəllər Rəsul Mürsəlov ADP-nın üzvü olub. 2012-ci il iyulun 18-də Balakəndə tutulub. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmədə təqsirli bilinərək, 1 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Həbsxanada  AXCP-yə keçib. 2014-cü ilin yanvarında azadlığa çıxıb. Həmin ilin avqustunda barəsində 274 ( Dövlətə xəyanət) 178 (Dələduzluq) maddələri ilə cinayət işi açılıb. Bundan sonra gənc fəal ölkəni tərk edərək, Gürcüstandakı xarici  səfirliklərin birinə sığınıb. Hazırda Hollandiyada mühacirətdə yaşayan R.Mürsəlov iki ay öncə üzvü olduğu AXCP-dən də istefa verib.

 

Həmçinin oxuyun

Arif Hacılı saxlanıldı

Müsavat Partiyasının başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb. Unikal.org xəbər verir ki, bu barədə Müsavat Partiyasının …

Bir cavab yazın