Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Siyavuş Novruzov: “Siyahını 1-2 günə açıqlayacağıq…”

Siyavuş Novruzov: “Siyahını 1-2 günə açıqlayacağıq…”

Gözləntilərə baxmayaraq, hakim Yeni Azərbaycan Partiyası (YAP) ötən gün də parlament seçkiləri ilə bağlı namizədlər siyahısını açıqlamadı. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovla budəfəki söhbətimiz də siyahı və ümumilikdə seçki məsələləri ətrafında oldu.

 
– Siyavuş bəy, YAP-ın namizədlər siyahısının açıqlanacağı ilə bağlı deyilən növbəti gün də ötüb keçdi. Bu müəmmanın səbəbi nədir, siyahı ətrafında nə baş verir, deyə bilərsinizmi? 
-1-2 günə açıqlayacağıq. Yəni problem yoxdur, işləri yekunlaşdırmışıq.
– Yəni siyahıdakı adlarla bağlı son nöqtə qoyulub?
– Qoyulub, qoyulub, narahat olmayın. Eşidəcəksiniz, darıxmayın.
 
– Heç olmasa növbəti seçki proseduru başlayan tarixə, sentyabrın 12-sinə qədər gözlənilirmi? 
– Bu həftə ərzində yəqin ki, açıqlanacaq.
 
– 2010-cu il parlament seçkilərində hakim partiyanın namizədlər siyahısı 18 sentyabrda elan olunmuşdu. Bu dəfə də eyni hal təkrarlana bilərmi? 
– Bəli, o vaxt elə olmuşdu. Ancaq bu dəfə eyni hal baş verməyəcək. Vaxtında açıqlanacaq, problem yoxdur. Onsuz da 12-sindən tez imza vərəqələrini DSK-ya təqdim etməyə qanunla icazə verilmir. Bu baxımdan tələsməyə ehtiyac görmürük. Partiya tərəfindən lazım olan işlər görülüb. İmza toplayan şəxslər müəyyən olunub, onlar da öz dislokasiyasını müəyyənləşdirib. Hətta biz bu dəfə tapşırmışıq ki, dairənin bütün ərazisindən, ən azı 80 faizindən imza toplanılsın. Cəmi 450 imzadır, bunu lap bir kənddən də yığmaq olar. Amma biz bütün dairəni əhatə etmək göstərişi vermişik. Lap hər imza vərəqəsi bir kənddən yığılsa, daha yaxşı olar. Çünki bütün kəndlər imzavermə kampaniyasında iştirak etmiş olacaq. Bizə imza toplamaq üçün bir gün vaxt lazımdır.
DSK təqdim olunan sənədlərə 7 gün müddətində baxacaq, ya təsdiq edəcək, ya hansısa düzəlişlər edib geri qaytaracaq. Ona görə də tələsməyə ehtiyac yoxdur. Həm də partiya bütün dairələrdə namizəd irəli sürdüyünə görə vahid seçki strategiyasını həyata keçirir. Odur ki, bizdə vahid seçki hesabı açılacaq, bu baxımdan da məsələ xeyli yüngülləşir. O cümlədən vahid plakatların buraxılması il bağlı artıq dizayn işləri qurtarıb. Namizədlərin fotoları təqdim olunandan sonra onların hamısının eyni formada, eyni şüarla plakatları buraxılacaq. Seçki proqramı, bukletlər, digər məsələlər də hazırdır, bir çapa verilməsi qalıb. Yəni biz kompleks şəkildə seçki elan olunana qədər bütün hazırlıq işlərimizi görmüşük. Sadəcə olaraq, prosedur qaydalara uyğun olaraq digər işləri davam etdiririk. Ona görə də siyahının hansı gün elan olunmasının bizimçün o qədər də əhəmiyyəti yoxdur.
– YAP-ın maliyyə məsələləri sizə həvalə olunub. Sirr deyilsə, hakim partiya seçkilərdə təqribən nə qədər vəsait xərcləmək niyyətindədir? 
– Baxır da… Ümumilikdə partiyanın təbliği, ayrı-ayrı namizədlərlə əlaqədar vahid fond olacaq, ora maliyyə toplanacaq və bu maliyyədən də həm plakatların, bukletlərin çapına, tədbirlərin keçirilməsinə sərf olunacaq.
 
– Təqribi bir rəqəm deyə bilərsinizmi?
– Fondun formalaşmasının aşağıdakı yolları var: birincisi, partiya tərəfindən qoyulan vəsait, ikincisi, namizədlərin şəxsi vəsaiti, üçüncüsü, vətəndaşların, seçicilərin maliyyə dəstəyi, dördüncüsü isə hüquqi şəxslərin dəstəyi. Biz adətən hüquqi şəxsin dəstək göstərməsinə çalışmırıq. Çünki orda detallar çoxdur, onun vergiləri ödəyib-ödəmədiyi və başqa məsələlər var, uzun məsələdir.
 
– Qısası, YAP-ın seçki fondunun vəsaiti 1 milyard manat ətrafında ola bilərmi? 
– Yox. Qanunvericiliyə görə, hər bir namizəd üçün maksimum hədd təxminən 500 min manatdır. Ancaq 500 minlik təbliğata da ehtiyac yoxdur. Azərbaycanda bir çox ölkələrdən fərqli olaraq təbliğat-təşviqat işi dövlət televiziyası və qəzetlərində ödənişsiz həyata keçirilir. Həmçinin görüşlər üçün ayrılan yerlərə pul sərf olunmur. Sadəcə, hər bir namizədin özü üçün təbliğat materiallarını buraxması məsələsi qalır ki, bu da böyük vəsait tələb etmir. Mən dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində maliyyə məsələləri ilə məşğul olmuşam, bilirəm ki, Azərbaycanda o qədər də böyük maliyyəyə ehtiyac yoxdur.
 
– Siyavuş bəy, yenə siyahı müəmmasına qayıdaq. Bizə demişdiniz ki, YAP İdarə Heyətinin toplantısı keçiriləcək və yekun qərar veriləcək. Toplantı keçirildimi və partiya sədri son sözünü dedimi?
– Yenə deyirəm ki, bunlar hamısı İdarə Heyətinin iclasında olacaq. Cənab prezident, partiya sədri də İdarə Heyətinin üzvüdür, İdarə Heyətinin iclaslarına rəhbərlik edir. O baxımdan da İdarə Heyətinin hər hansı toplantısı keçirilirsə, özü iştirak etmədiyi təqdirdə partiyanın sədr müavinləri, icra katibi bu iclaslara rəhbərlik edir və prezidentin tapşırıq və tövsiyələrini çatdırır. O baxımdan İdarə Heyətində bu məsələlərin hamısı aydın şəkildə müzakirə ediləcək və son qərar qəbul olunacaq.
– Deməli, hələ siyahı ilə bağlı son qərar yoxdur? 
– Yenə deyirəm, qərarı səlahiyyətli orqan verə bilər. Yəni partiyanın rəhbər orqanları qurultay, Siyasi Şura, İdarə Heyətidir. Bizdə də qərar İdarə Heyətində qəbul olunacaq. İdarə Heyəti qərar qəbul etmədən İdarə Heyətinin üzvü kimi, mən, digərləri hər hansı bir fikir söyləyə bilmərik. Çünki qərar səsvermənin nəticəsi ilə qəbul olunur. Əgər səsvermə yoxdursa, o təsdiq olunmayıbsa, biz bu barədə heç bir söz deyə bilmərik. Qərar olandan sonra artıq bu açıqlanır.
– Siyahı ilə bağlı narazılığın olması barədə xəbərlərin isə ardı-arası kəsilmir…
– Heç bir narazılıq yoxdur, bunlar hamısı şayiələrdir. Hətta bəzi mətbuat orqanları da YAP-ın adından düzgün olmayan informasiya vermişdi, sonra təkzib də verdilər. Mən keçən dəfə də demişdim, ola bilməz ki, kimsə bu siyahı ilə bağlı informasiya versin. Adamın özünün məlumatı yoxdursa, hansı informasiyanı verə bilər?
 
– Bəs qocaman YAP-çıların narazılığı, giley-güzarı? Əli Əlirzayev dedi “gedib sorğu keçirsinlər, görsünlər mən çox səs alıram, ya özləri”. Bu barədə nə demək olar?
– Bununla bağlı biz dəfələrlə mətbuata da demişik ki, hələ seçki elan olunmazdan 3-4 ay qabaq tədqiqat işləri aparmışıq. Həm deputatlarımızla, həm keçmişdə deputat olub indi olmayanlarla, həm gənc partiya fəalları ilə əlaqədar bütün rayon və şəhər təşkilatlarında tədqiqatlar aparılıb. O cümlədən hər rayondan Bakıda olan tanınmış şəxslər, ziyalılarla bağlı məlumatları toplamışdıq. Yəni YAP siyahıya kimisə daxil edirsə, bunu havadan götürmür. Bununla bağlı biz aylarla tədqiqatlar apardıq. Əli müəllim də iki dəfə Milli Məclisə deputat seçilib. Həm proporsional, həm majoritar qaydada namizədliyi irəli sürülüb. Üçüncü dəfə İqbal Ağazadə ilə rəqib olub, nəticəsi bəllidir…
– Deyir mən niyə cəmi iki dəfə seçilirəm, amma başqaları on dəfə? 
– O sualı bizə yox, özünə versin.
 
– Şahlar Əsgərov və Eldar Sabiroğlunun dediklərinə nə sözünüz var?
– Şahlar Əsgərov da iki dəfə deputat seçilib. Eldar Sabiroğlu isə bir dəfə proporsional qaydada seçilib, ikinci dəfə parlamentə namizədliyi rəsmi şəkildə irəli sürülüb, ancaq alınmayıb. Bütün bu məsələləri bir-birinə qatmaq lazım deyil. Şahlar Əsgərov başqadı, Eldar Sabiroğlu da başqa. Tutalım ki, Əli Əlirzayev “91-lər”in üzvüdür, YAP-ın yaradıcılarından biridir. Onunla Eldar Sabiroğlu eyni deyil, fərqli-fərqli yanaşmalardır.
 
– Bir məlumat da var ki, rektorlar artıq “ya mandat, ya vəzifə” seçimini də ediblər. Bunu da təsdiqləmirsiniz?
– Bunlar hamısı şayiədir. Bütün bunlar hamısı qərar qəbul olunanda bilinəcək.
 
– Yəni gələn həftəni gözləyək? 
– İnşallah, məlumat olan kimi YAP-ın saytında yerləşdiriləcək.

 

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …

Bir cavab yazın