Ana səhifə / Gündəm / ABUTALIBOVUN “HOLLİVUD” ARZUSU – “26” kafesinin bağlanma səbəbi bəlli oldu

ABUTALIBOVUN “HOLLİVUD” ARZUSU – “26” kafesinin bağlanma səbəbi bəlli oldu

Bakının mərkəzində “26” adlı kafe bağlandı və məkandakı əşyalar müsadirə edildi. Məkan sahibi polis tərəfindən saxlandı.

 

Buna səbəb isə, məkanın adındakı “26” rəqəminin “26 Bakı Komissarı” ilə əlaqəli olması iddiası olub.

Bir müddətdir sosial şəbəkələrdə bəhs etdiyimiz məkanın fotoları yayılırdı. Bəzi saytlar da məkanı ermənilərin işlətdiyini yazmışdı. Bunun ardından ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə Bakının Xəqani küçəsində yerləşən “26” adlı restoran bağlanıb və məkandakı əşyalar müsadirə edilib.

H.Abutalıbov restoranı bağlamağa gedən zaman özü ilə bir neçə telekanal əməkdaşlarını da aparıb və hadisə yerində onlara bu açıqlamanı verib: “Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsini icarəyə götürərək “26” adlı kafe açıblar. Bu sözü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət etmişlər. Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq”.

İcra başçısı həmçinin əlavə edib ki, obyekt bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq.

Musavat.com saytının əməkdaşı da adıçəkilən məkanda olub. Məkandan hazırlanan reportajı təqdim edirik:

Məkanda olan bütün əşyalar fəhlələr tərəfindən daşınaraq, yük maşınlarına yüklənirdi. Ərzaqlar, paltar asqıları, təmizlik ləvazimatları, salfet qutuları kimi məkana məxsus şeyləri isə təmizlik işçiləri özləri üçün kənara qoyurdular və sonda da özləri ilə apardılar.

Müsadirə zamanı siyahının tutulduğunu görmədik. Qanunla müsadirə edilən zaman məkandan, evdən çıxarılan əşyalar siyahıya alınmalı, bu zaman məkan sahibi və ya yaxını iştirak etməlidir. Burada isə elə bir şey görünmürdü.

Öyrəndik ki, məkan bu ilin fevral ayında, atəşfəşanlıqla açılıb. 30-a yaxın işçi personalı olan məkan gündüzlər restoran, gecələr isə əyləncə məkanı kimi istifadə edilirmiş. Qısa müddətdir fəaliyyətdə olsa da, məkan yaxşı imicə sahib olub.

O ki qaldı buranın adının “26” olmasına, işçilər dedilər ki, məkanı işlədən Ramin adlı gəncin 26 yaşı var. Bura bu adı həm yaşına görə, həm də dünya üzrə brendləşən “26” adlı restoranların adına görə qoyub. Belə ki, bu adda bir çox ölkədə restoran və kafelər var. Müqavilə əsasında eyni adı təmsil edərək hər kəs öz ölkəsində bu məkanı aça bilər. 2010-cu ilin avqust ayında İngiltərənin London şəhərində əsası qoyulan “26 cafe”si artıq bir çox ölkələrdə var.

Hazırda İngiltərənin London, ABŞ-nın Oreqon ştatının Portlend şəhərində, Türkiyənin Əskişəhər şəhərinin Təpəbaşı yaşayış massivində, Almaniyanın Hamburq, Fransanın Marsel şəhərində və bir çox ölkələr bu kafe şəbəkəsi fəaliyyət göstərir.

İddialara görə, bir müddət öncə məkan sahibindən kimlərsə rüşvət də istəyib, amma o, verməyib.

İndi isə keçək hadisə anına.

Öyrəndik ki, bu günə kimi məkana adla bağlı hər hansı bir irad tutulmayıb. Hər şey rəsmi qaydada görülüb. Qanunla hansısa məkanın qapadılması üçün məhkəmə qərarının olması lazımdır. Üstəlik bu qərar icra olunmadan öncə məkana xəbərdarlıq edilməlidir. Amma bu hadisədə bunların heç biri olmayıb.

Ötən gün günorta saatlarında Hacıbala Abutalıbov polis əməkdaşları ilə birgə məkana daxil olub və ilk söz olaraq da bunları deyib, “Məkanı boşaldın, içəridə heç kim qalmasın, dərhal buranı tərk edin”. Bunun ardından işçilər bayıra çıxmağa başlayıblar. Məkanın sahibinin kimliyini soruşub, Ramin adlı şəxsi bölməyə aparıblar. Ardından isə Hacıbala Abutalıbov məkanın işçilərini nəzərdə tutaraq deyib ki, “Bunları tutun, basın içəri. Qoy vətən xaini olmağın nə olduğunu anlasınlar”.

Amma polislər bu sözü diqqətə almayıblar. Sadəcə məkan sahibini saxlayıblar. Ardından isə məkanda müsadirə işləri başlayıb.

İşçilər deyirlər ki, onların böyük hissəsi hələ maaş ala bilməyiblər: “Bütün bunlar absurd və gülməlidir. Bura sadəcə restorandır. Deyərdilər adı dəyişin, müdir yəqin ki, dəyişərdi. 7-8 aydır işləyən məkan hələ tam gəlir əldə etmədən bağlandı. Bizim maaşlarımız gecikirdi. Çünki gəlir az idi. Bu hadisəyə kimi bəzi saytlar xəbər yazmışdılar. Amma belə olacağını gözləmirdik. 30-a yaxın adam işsiz və maaşsız qaldı. Əşyalar müsadirə olunur. Bəzi əşyaları isə fəhlələr özlərinə ayırıblar. Bayaq fəhlənin əlindən öz çantamı güclə aldım, aparırdı”.

Kiçik araşdırma apardıq və məlum oldu ki, ötən gün polislər tərəfindən saxlanılan Ramin əslində məkanın sahibi deyil. O, sadəcə administrator olaraq çalışır.

Araşdırmamız zamanı çox şeyləri öyrəndik.

Buna bir az da hadisə yerində olan yüksək rütbəli polis əməkdaşı da köməklik etmiş oldu.

Çəkiliş edərkən həmin polis bizə, “Sənə yaxşı başlıq deyim, yaz. Növbəti məkan “Hollivud” olacaq”. Həmin anda bu sözün mənasını anlamasaq da, məkan haqqında araşdırma aparanda hər şeyi öyrəndik.

Məlum oldu ki, “26” adlı restoranın əsl sahibi Bakı Dövlət Universitetinin Hüquq fakultəsində çalışan, professor Ərəstun Qasımovdur. Buraya və həmçinin son zamanlarda məşhurlaşan “Hollivud” restoranlar şəbəkəsinə onun oğlu Əliyar Qasımov nəzarət edir. Ə.Qasımov dəbdəbəli həyatı ilə də tanınır. İddialara görə, bu məkanın qapadılması əslində Qasımovlar ailəsinə bir mesajdır. “26” məsələsi isə sadəcə bəhanədir.

Həmçinin oxuyun

Apellyasiya Məhkəməsinin hakimindən ədliyyə nazirinə şikayət – “Hakim Elnur Həsənov tamah məqsədiylə…”

Bugünlərdə redaksiyamıza müraciət edən Bakı şəhər sakini Elşən Ağa oğlu Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi …

Bir cavab yazın