Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / “Kürdlər HDP-ə səs verdi ki…” – Nurəttin Aras

“Kürdlər HDP-ə səs verdi ki…” – Nurəttin Aras

Nurəttin Aras 2011-ci ildən sonra İqdır vilayətində hakim AK Partinin (Ədalət və İnkişaf Partiyası) qələbəsini ilk dəfə təmin edə bilib.

1999 və 2004-cü illərdə Milliyyətçi Hərəkat Partiyasından bələdiyyə başçısı seçilən Nurettin Aras, 2009-cu ildə AKP-nin namizədi kimi təkrar seçimlərə qatılsa da, Sülh və Demokratiya Partiyasının yerli kürdləri təmsil edən namizədinə məğlub olmuşdu.

2011-ci ildə keçirilmiş parlament seçkilərində də Nurettin Arasın AKP sıralarından seçkiyə qatılmaq istəyi uğursuzluqla nəticələnmişdi.

Onunla müsahibəni BBC Azərbaycanca üçün İlhamə Qasımlı edib.

Bir neçə seçkidən sonra AKP-nin İqdırda qələbəsini necə qiymətləndirirsiniz?

– Bizim partiyamız Türkiyədə hər kəsi qucaqlayan bir partiyadır. Ancaq bu günə qədər AK partinin siyahısında birinci sıradan mənim seçici bazamı təmsil edən namizəd göstərilməmişdi. Ancaq seçici bazamın – həm icma öndərləri, həm din xadimləri, həm muhtarlarımız (məhəlli seçkili orqanın rəhbəri), həm aparıcı ticarətçilərimiz, həm də şəxsən mənim AK partiyə bir simpatiyamız vardı. Ona görə də belə bir nəticə gözləyirdim. Təmsilçilik haqqı verildikdən sonra da seçici bazam AK parti ətrafında birləşdi və önəmli bir artışla buradan bir millət vəkilini parlamentə göndərdi. Bundan sonra da Türkiyədə yaşayan azərbaycanlıların, Avropada yaşayan azərbaycanlıların, xüsusən Azərbaycanda, Naxçıvanda və digər yerlərdə yaşayan azərbaycanlıların təmsilçisi olacağıq. Bu da çox sevindirici və məmnunedici inkişafdır. Biz, inşaallah, burada bu təmsilliklə bərabər, yolumuza əmin addımlarla davam edəcəyik.

Həmçinin oxuyun: “AKP 3 faiz belə səs ala bilməzdi, əgər..”

– Siyasi rəqibləriniz AKP-nin digər partiyalara təzyiqlər nəticəsində, onların seçki öncəsi kampaniya aparmasına mane olmaq bahasına səs qazandığını deyir. 7 iyunda təkbaşına hökumət qura biləcək qədər səs toplaya bilməyən AKP, necə oldu ki, 1 noyabr seckilərində yenidən təkbaşına hökumət qurmaq imkanı əldə etdi?

– Bizim ölkədə demokratiya var. İnsanlar azad vicdanları ilə pərdə arxasına gedərək səs verirlər. 7 iyunda HDP kürd xalqı üzərinə aşırı təzyiq etməkdə idi. Təhdidlər də vardı. Kürdlər də onlara səs verdilər ki, HDP parlamentdə çözüm axtarışında olsun. Danışılacaq problemlər varsa, həll edilsin. Ancaq onlar şiddət yolunu seçdilər. Ən müqəddəs haqq olan yaşam haqqını təhdid etdilər və terrora dəstək verdilər. “Kürəyimizi terror təşkilatına söykəyirik” dedilər. Təbii ki, bu həm ölkənin qərbində, həm də şərqində HDP-yə səs vermiş seçiciləri narahat etdi. Seçici bu seçimdə HDP-ni, xüsusilə də MHP-ni cəzalandırdı. MHP-nin də rədd siyasəti vardı. Koalisyon hökumət quraraq iqtidar olmaq imkanı yaxalamışdı, onu rədd etdi.

Əslində, bizim ölkəmizdə kiməsə təzyiq etmək, “təbliğat aparmayın, nümayiş, mitinq keçirməyin” anlayışı yoxdur. Hər kəs istədiyi kimi təbliğat kampaniyasını apardı. Mənim seçki bölgəmdə də HDP-lilər səsvermə qutularını qəsb etdilər. Öz kəndlərinə getdiyimdə ordakı PKK-lılar, təhrikçilər onsuz da qutuları qəsb etmişdilər. Xalq öz azad iradəsi ilə oralarda səs verə bilmədi. Təəssüf ki, orda da yüksək səs aldılar. Getdiyim bəzi kəndlərdə seçim-flan yox idi. Orda başqa şeylər olurdu. Vətəndaş gedib pərdə arxasında səs verə bilmirdi ki… əlindən alıb qutuya basırdılar. Səsvermə qutusuna məsul olan şəxsləri qəsb edirdilər.

Bilmirəm, siz “hökumət təbliğata icazə vermir” xəbərlərini hardan alırsınız? Başqaları edir bunu. Bizim hökumətimizi, dövlətimizi, lütfən, bu məsələdə günahlandırmayın. Belə bir şey indiyə qədər Türkiyədə olmayıb, bundan sonra da olmaz.

İqdırda gerçəklər ortadadı. Seçki keçirilib. Fikrimcə, olduqca önəmli, uğurlu nəticə əldə edilib. Bundan sonra biz, inşaallah, buradakı gücümüzü, qüvvətimizi artıraraq yolumuza davam edəcəyik.

7 iyundan fərqli olaraq. 1 noyabrda HDP parlamentdə üçüncü partiya səviyyəsinə yüksələ bildi. HDP təmsilçisi Mehmet Emin Adıyaman hesab edir ki, “AKP-nin təzyiq kampaniyası olmasa idi, daha çox səs toplaya” bilərdilər.

– Bölgədə təzyiq HDP və PKK terror təşkilatı tərəfindən xalqlara edilir. Xalq öz iradəsi ilə sandığa gedə bilmir. Burada qorxu hakimdir. Bizim partiyamızın təzyiqi məsələsi yoxdur. Təzyiq Adıyamanın partiyasındandır. Bunlar irqçi ifadələrlə, şovinist duyğularla hərəkət etməkdədirlər. Bizə görə isə irqçilik bir xəstəlikdir. Bunlar “kürdlər başqasına səs verə bilməzlər, hamısı bizə səs verməlidir” iddiasındadırlar. Xalq azad iradəsi ilə sandığa getməyib ki… Yəni öz cinayətlərini örtmək üçün hökumətə, partiyamıza iftira etməkdədirlər. İqdırın heç bir yerində, heç bir qarışında mənim partiyam Allahın bir quluna təzyiq etməyib. İnsanlarımız sevərək, azad iradələri ilə səsverməyə gediblər. Bizim ölkəmizdə əgər insanların ürəyinə girə bilsəniz rəy, səs ala bilərsiniz. Ürəklərinə girə bilməsəniz çox çətindir. Bir də bu çür təşkilatların təzyiqi ilə, zorla səs ala bilərsiniz ki, belə bir quldurluq da onlarda var. Bizim partiyamızda demokratiya bütün qaydaları ilə işləməkdədir. Biz tərəfdən belə bir təzyiq olmayıb. Bunlar tamamilə iftiradır.

– Mətbuat üzərindən seçki təbliğatı bərabərhüquqlu aparıldımı? Çünki təbliğat prosesində tarazlığın AK partinin xeyrinə pozulduğu barədə tənqidlər səslənməkdədir…

– Kartel mediasının (medianın öz mənfəətləri üçün istifadə edilməsi, başqalarına yaşam haqqı tanınmaması) nələr etdiyini hər kəs bilir. Prezidentimiz Tayyip Erdoğan zərər görsün deyə kartel mediası HDP-ni hər zaman şişirtmişdi. 7 iyunda da bunu etdi, 1 noyabrda da. Amma Türkiyədə insanlar şiddəti, yaşam haqqına müdaxiləni qəbul etmir. İnsanlarımız hüzur axtarır. Bu, bizim bölgəmizdə də, Qərbdə də belədir. Bizim axtardığımız hüzurdur. Onu əvəzləyəcək heç nə yoxdur. Bunlar hüzursuzluğun mənbəyi olublar. Bunlar Diyarbakırda yatan iki polisimizi şəhid ediblər. Yenə Diyarbakırda yol qəzası ilə bağlı görüntü yaradaraq yalan məlumat verib, sonra çarpaz atəşə tutub iki polisimizi şəhid ediblər. Bunlar dövlətimizin humanistliyindən sui-istifadə ediblər. Dövlət bunlara olduqca humanist yaxınlaşıb, “sülh olsun, uzlaşma olsun, qardaş kimi yaşayaq” deyib, amma bunlar pis niyyətlidirlər. Pis niyyətlərini də ortaya qoydular. Bunlar xalqa təzyiq edən ünsürlərdir, dövlət xalqa təzyiq etməz. Dövlət şəfqətlidir, humanistdir. Bizim dövlətimiz böyük olmaqla bərabər, həqiqətən, mərhəmətli, xalqını sevən bir dövlətdir. Dövlət heç bir zaman xalqını terrorçuların himayəsinə buraxmaz. Dövlətimiz gərəkəni edib və edəcəkdir. Bundan sonra da bu belə davam edəcək. Terror xoş bir şey deyil. Terror yaşam haqqına müdaxilədir. Kimi harada, nə zaman yaxalayacaq, heç bəlli deyil. Ona görə də terror tamamilə ortadan qaldırılana qədər mübarizə davam edəcək.

Ölkədə media ilə bağlı hüquqi araşdırma adı ilə keçirilmiş müxtəlif əməliyyatlar medianın fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olub. Bu tendensiya yenə davam edəcəkmi?

– Artıq Türkiyədə FETÖ deyilən terror təşkilatı var. O, terrorizmlə ölkəmizin dinamikasını qarışdırmağa, xaos mühitinə çevirməyə, qarışıqlıq yaratmağa çalışır. Dövlətimizin müvafiq qurumları bununla maraqlanır. Bu, siyasi bir qərar deyil. Türkiyədə mətbuat azadlığı hər tərəfdən daha çoxdur. Prezidentimizə diktator deyirlər, amma qəzetlərində də hər cür təhqiri etməkdədirlər. Mən də bir türk insanı olaraq, ölkəmin qəzetlərində, koşə yazılarında bu cür təhqiredici, insanı incidən şeyləri oxuyanda utanıram. Bir diktatora elə sözlər deyə bilməzsiniz. Recep Tayyip Erdoğan diktator olmadığı üçün, onlara humanist yanaşdığı üçün belə yazıları yaza bilirlər. İslam nəcabətinə, lətafətinə sığırmı belə yazılar? Heç kim belə yazıları haqq etmir. Amma istədikləri kimi yaza bilirlər. Onlar karikaturizə edə bilirlər, hər şey yaza bilirlər, sonra da “Recep Tayyip Erdoğan diktatordur” deyirlər. Diktatorluqla idarə edilən ölkədə belə yazılar yaza bilməzsiniz.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …

Bir cavab yazın