Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Araşdırma / Bakıda son sahura partlayışla oyananlar – “Bütün pəncərələr qırılıb, tavan çöküb…”

Bakıda son sahura partlayışla oyananlar – “Bütün pəncərələr qırılıb, tavan çöküb…”

Xəbər verdiyimiz kimi, Bakının Xocasən qəsəbəsində yerləşən “Lider Cola” şirkətinə məxsus istehsal fabrikində güclü partlayış baş verib. Hadisəyə səbəb isə içkilərə vurulan karbon qazının toplandığı çənin partlaması olduğu bildirilib.

Qafqazinfo”nun əməkdaşları da səhər saatlarında hadisə yerində olub. Partlayış nəticəsində yaranan fəsadlar yaxınlıqdakı ən azı 20 evdə, fabrikdən 500 metr aralı olan “Pepsi” şirkətində müşahidə olunur. Belə ki, şirkətin bir hissəsinin pəncərələri tamam qırılıb.

Yaxınlıqdakı evlərdən ən böyük zərər Səid Rəhimovun mənzilinə dəyib. Demək olar ki, evin bütün pəncərələri qırılıb, tavanı çöküb, dam örtüyü tökülüb. S. Rəhimovun sözlərinə görə hazırda evə girmək mümkün deyil:

“Xoşbəxtlikdən ailəm hazırda rayondadır. Evin tavanı çöküb, hər yer şüşə qırıntısıdır. Dam örtüyü də tökülüb. Hazırda bu mənzildə qalmaq mümkün deyil”.

Zərər görmüş başqa bir evin sahibi Cəmilə Abbasova partlayış zamanı sahur üçün oyandıqlarını, tez həyətə qaçdıqlarını deyib:

“Sahur üçün oyananda birdən güclü partlayış səsi eşitdik. Səsi eşidən kimi həyətə qaçdıq. Evdəki uşaqları da bayıra çıxardıq ki, birdən nəsə olar. İnsan tələfatı olmasa da, 20-dən çox evə maddi zərər dəyib. Əsas 3 ev ziyan görsə də, digər evlərdə də fəsadlar var. Gecə saat 3-dən küçədəyik. İşıqlar da söndürülüb”.

Sakinlərin sözlərinə görə, artıq müxtəlif dövlət orqanlarında əraziyə baxış üçün gəliblər. İcra başçısı, şirkət sahibi də zərərçəkənlərlə görüşüb, ekspert təyin olunaraq dəymiş zərərin ödəniləcəyini bildirib.

“Lider cola” şirkətinin mühafizəçisi isə hadisə baş verən zaman fabrikdə tək olduğunu bildirib. Mühafizəçinin sözlərinə görə, hazırda hesablamalar aparılaraq şirkətə dəyən zərərin ümumi həcmi müəyyənləşdirilir.
Qeyd edək ki, hadisə yerində olduğumuz zaman FHN əməkdaşları da əraziyə baxış keçirirdi.

Günel Hacı
Fotolar: Nuran Məmmədov

Bakıda son sahura partlayışla oyananlar -  “Bütün pəncərələr qırılıb, tavan çöküb...”

Həmçinin oxuyun

Adnan Oktar dəstəsinin votsap mesajları ortaya çıxdı

Oktarın gizli kod adı “Yazar” imiş; Onun “Mənə bir şey olsa, təşkilatdakı əsas adam odur” …

Bir cavab yazın