Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Şıxəli Qurbanov 50 il öncə Novruz bayramını necə keçirtdi?- Tarix

Şıxəli Qurbanov 50 il öncə Novruz bayramını necə keçirtdi?- Tarix

Sovet dövründəki ilk rəsmi Novruzun digər əsas təşkilatçısı isə 24 il sonra 20 Noyabr vertolyot faciəsinin qurbanı oldu…
1920-ci ilin aprelində Qızıl Ordu müstəqilliyimiz kimi bayramlarımızı da işğala məruz qoyur. Yaradanı insanların beynindən silməyə çalışan Allahsızlar İttifaqı Novruzu da guya İslam dini ilə bağlı olması səbəbindən qara siyahıya salır. Ancaq  bütün basqılara rəğmən xalqımız sovet imperiyası dövründə də  məişət səviyyəsində bu bayramı qoruyub saxlayır…
Şıxəli Qurbanov Vəli Məmmədova folkşorşünas professor Məmmədhüseyn Təhmasiblə məsləhətləşməyi tapşırır…
 
Nəhayət, 1967-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi, gözəl ziyalı, dramaturq Şıxəli Qurbanovun böyük cəsarəti və şəxsi təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Novruz bayramı qısa müddətə də olsa, sovet əsarətindən azad edilir və kütləvi el şənliyi kimi keçirilir…
Bayram tədbirlərinin təşkili və keçirilməsi vətənpərvər, millətsevər dövlət xadimi Bakı Partiya Komitəsinin katibi Vəli Məmmədova həvalə olunur. Şıxəli Qurbanov ona Novruz bayramının keçirilməsi planını tərtib edərkən folklorşünas professor Məmmədhüseyn Təhmasiblə məsləhətləşməyi tapşırır.
 
Şıxəli Qurbanov Moskvaya sübut etdi ki, Novruzun dinlə heç bir əlaqəsi yoxdur…
Sovet dönəmindəki ilk rəsmi Novruz bayramı barədə qocaman publisist və ədəbiyyatşünas, professor Teymur Əkbəroğlu (Əhmədov), S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivinin direktoru Maarif Teymurun tədqiqat və xatirələrində, eləcə də Vəli Məmmədovun xanımı Xalidə Əlizadənin kitab və məqalələrində dəyərli məlumatlar var.
Novruz bayramını təşkil edən qeyrətli ziyalılar sovet dövlətinin təzyiqlərindən qurtulmaq üçün bir sıra əlavə tədbirlər də görürlər. Rəsmi sənədlərdə bayramın adını “Bahar bayramı” kimi qeyd edirlər. Eyni zamanda, Ş.Qurbanov Kremldə böyük nüfuzu olan dünya şöhrətli şərqşünas alim İ.S.Braginskiyə Novruz bayramı haqqında məqalə yazmağı sifariş etmişdi. Bayram ərəfəsində – 20 may 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuş məqalədə professor İ.S.Braginski yazırdı: “Bahar bayramı əsrlər keçdikcə öz mənəvi mərasimlərini saxlamaqla bərabər, bəzi yeni xüsusiyyətlər də kəsb etmişdir. Hökmdarlar və ruhanilər xalqın bu Yeni il bayramını özlərinə “tabe etməyə”, ona yeni don – din və istibdad donu geyindirməyə çalışmışlar. Xalq isə bayramın mahiyyətinə uyğun gələn xüsusiyyətləri qoruyub saxlamış, bütün yabançı cəhətləri rədd etmişdir. Xalq kütlələrinin əziz tutduqları Bahar bayramı… öz ruhuna, mahiyyətinə tamamilə uyğun olan yeni demokratik xüsusiyyətlər və keyfiyyətlərlə zənginləşə bilər və şübhəsiz, zənginləşəcəkdir. Buna görə də Bahar bayramının yaxşı düşünülmüş şəkildə keçirilməsi, ona gözəl bədii tərtibat verilməsi bu bayramı daha da rövnəqləndirər, onun xəlqilik mahiyyətini daha da artırar”. Həmin məqalə ilə Ş.Qurbanov Kremlə sübut edir ki, Novruzun dinlə heç bir əlaqəsi yoxdur…
Xalidə Əlizadə “Xalqın Vəlisi, millətin səsi” adlı kitabında (2007) Kremlin qılıncının dalı-qabağı kəsdiyi bir dönəmdə Vəli Məmmədovun Novruz bayramının Azərbaycan paytaxtında – dövlət səviyyəsində keçirilməsi ssenarisinin əlyazmasının tam mətnini dərc etmişdir. 1967–ci il martın 8–də el adət–ənənəsinə uyğun bayram şənliyinə iki–üç həftə qalmış hazırlıq tədbirlərinə başlanması, görüləcək işlərin məzmunu və şərtləri əlyazmasında şərh olunmuşdur.
Vəli Məmmədov “Bahar bayramı (Novruz)” adlandırdığı ssenarisində 1967–ci il martın 21–də Bakıda keçirilən əzəmətli el şənliyinin dəqiq iş planını təsvir etmişdir.
“Raket və termatik atəşfəşanlığın “təbrik salamları” ərşə qalxırdı…
 
Həmin günlər “Azərbaycan” jurnalının şöbə müdiri kimi çalışmış 87 yaşlı professor Teymur Əkbəroğlu o möhtəşəm Novruz bayramını belə xatırlayır: ”Səhər saat 11:30–da Qız qalasında başlayan kütləvi bayram şənliyi Dənizkənarında, şəhərin park və meydanlarında, binaların həyətlərində gecə yarısınadək gur tonqallar və fişənglər ətrafında keçirildi. Ertəsi gün, martın 22–si saat 6:45–də Dənizkənarı parkda böyük izdiham —məktəbli və tələbə gənclər ilk bahar şəfəqini qarşılamaq üçün toplanmışdılar. Günəşin şəfəqləri saat 7:04 dəqiqədə dənizdən boylanar–boylanmaz gənclərin sədaları altında raket və termatik atəşfəşanlığın “təbrik salamları” ərşə qalxdı. Sonra musiqi və mahnı melodiyası altında rəqslər və idman yarışları başlandı. Mən bütün bu hadisələrin şahidi olmuşam. Məni heyrətləndirən təkcə ailələrdə, ev şəraitində keçirilən, kütləvi məclislərinə qadağa qoyulmuş Novruz bayramının “əsarət və sıxıntılı” şəraitdən çıxıb misli görünməmiş geniş ümumxalq bayramı kimi keçirilməsi deyildi, kiçikdən–böyüyə qədər bütün əhalinin misli görünməmiş birliyinin, həmrəyliyinin nümayişi, milli oyanışı idi. Burada xalqın gücü, qüdrəti nümayiş olunurdu.
Mən deyərdim ki, Novruz bayramını təşkil edənlərin özləri də belə böyük izdiham gözləmirdi. Həyəcanlı anlar yaşanırdı. Bu vəziyyət sovet hakim dairələrini, manqurt xislətli yerli məmurları bərk narahat etmişdi.
Novruz bayramının xalq gəzintisi adı altında kütləvi keçirilməsi böyük hünər, cəsarət idi. Onun ideya rəhbəri Şıxəli Qurbanov və təşkil edib həyata keçirən Vəli Məmmədov sovet hakimiyyəti dövründə ilk dəfə Novruz bayramının kütləvi el şənliyi kimi keçirilməsinə görə şovinist hakim dairələrin qəzəbinə gələcəklərindən ehtiyat edib vəziyyətdən çıxmaq üçün tədbirlər də görmüşdülər.
Bunların biri də 20 mart 1967–ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 50 illiyinə həsr edilmiş ilk yubiley qabağı iməciliyin təşkili idi. Bakılıların ümumşəhər iməciliyi geniş miqyasda keçirilirdi —həyət, küçə, magistral yollar təmizlənir, bağlarda çiçək kolları və tinglər salınır, şəhər ətrafında yaşıl zolaq yaradılır, ağac əkənlərin, sahələrdə işləyənlərin siyahısı şüşə qablarda sahələrdə basdırılırdı. Radio və televiziyada, “Bakı” və “Baku” axşam qəzetlərində bütün küçə boyu bayraqlar, plakatlar və ting yüklənmiş maşınlarla orkestr sədaları altında iməciliyə gedənlər, onların gördükləri işlər işıqlandırılırdı…”
Vəli Məmmədov:“Novruzu təmtəraqlı keçirək – işdən çıxsam da, dərdim olmaz…”
 
Həyat yoldaşı X.Əlizadənin xatirələrindən: ”Vəli Məmmədov Novruz bayramı keçirildiyi günlərdə çox narahat idi. Bütün günü aram tapmırdı, gecə saat 4–dək işləyirdi. O deyirdi: “Təşkilati işə bacarıqlı adamlar cəlb etmişik, hamı can–dildən işləyir. Gərək bayramı elə keçirək ki, xalqın ürəyincə olsun”.
Şıxəli Qurbanov yarızarafat, yarıciddi: “Vəli, səs–küy düşsə, ciddi töhmət versəm, narahat olma”, – deyə xəbərdarlıq edəndə Vəli Məmmədov gülümsəyib ona cavabında demişdi: “Bayramı təmtəraqlı, mütəşəkkil keçirək, işdən çıxsam da, dərdim olmaz…”
Moskvada Vəli Məmmədovun Novruz haqqında məqaləsi çıxmışdı
Teymur Əkbəroğlu: “Bayram tədbirləri uğurla başa çatdı. Moskvada mərkəzi jurnalların birində Vəli Məmmədovun Novruz bayramı haqqında məqaləsi də çıxmışdı. Kütləvi el şənliyi “vətəndaşlıq vəsiqəsi” almışdı. Şıxəli Qurbanov və Vəli Məmmədov şərəfli iş gördüklərini dərk edirdilər. Onlar Azərbaycanın comərd, qeyrətli və təəssübkeş övladları idilər. Ümumxalq məhəbbəti onların ən böyük mükafatları idi. Məkrli, qara qüvvələrin sui–qəsd cəhdləri onları qorxutmurdu, sanki nə vaxtsa şəhid olacaqlarını bilirdilər…
Xatırladaq ki, Vəli Məmmədov 1991-ci il noyabrın 20-də Azərbaycanın digər görkəmli ziyalı və dövlət xadimləri ilə birgə imeriyaya güvənən terrorçuların vurduğu vertolyotda həlak oldu…
 
“Novruz mahiyyətcə xalqın xalqın azadlıq əzmini nümayiş etdirirdi…”
 
1967–ci il martın 21–də Novruz bayramının misli görünməmiş mütəşəkkilliklə kütləvi keçirilməsi vətənpərvər insanların qəlbini riqqətə gətirmişdi, onların beynində elə bil ki, milli müstəqilliyə inam oyatmışdı. Mahiyyətcə bu bayram Azərbaycan xalqının əsarətə, haqsızlığa, zülmə qarşı etirazını, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini nümayiş etdirirdi…”.
Dövlət Ədəbiyyat və İncəsənət arxivinin direktoru Maarif Teymur son illər arxivdə apardığı yeni araşdırmalar nəticəsində müəyyən edib ki, araşdırmaçı-dramaturq Şıxəli Qurbanovun Hovruz bayramının tarixi kökləri ilə bağlı bir yazısı 70-ci illərdə çıxan “Seçilmiş əsərləri”nə daxil edilib”.
Maarif Teymur:“Həmin gün adamlar gecə səhərədək  Bakı küçələrindən yığışmadılar…”
Sovet dövrünün ilk rəsmi Novruz bayramı keçirdiyi günlər tələbə olan M.Teymur belə deyir: “İndi də həmin hadisəni xatırlayıram. İri tonqal qalanmışdı. Bahar qız – Səfurə İbrahimova bu obrazı gözəl canlandıra bilmişdi. Yadımdadır, məsul dövlət işçiləri olaraq Ş.Qurbanov və V.Məmmədov necə böyük sevinclə tamaşa edirdilər. Tədbir martın 20-də başladı. Camaat axın-axın gəlirdi. Hamı üçün sanki bu, təzə bir hadisə idi. Xalq neçə on illərdən sonra qadağan olunmuş bayramın belə səviyyədə keçirilməsinə hədsiz sevinirdi. Həmin gün adamlar gecə səhərə kimi küçələrdən yığışmadılar. Od Suraxanı atəşgahından gətirilmişdi.
Bakıdakı Novruzdan sonra Orta Asiya ölkələrində də bu bayramın keçirilməsinə təkan verir…  
O zaman çalınan musiqiləri xatırladıqca sanki hələ də qulağımda səslənir. Ənənəvi meydan tamaşalarına hamı böyük həvəslə baxırdı. Aktyorlar Fərəc Nağıyev və Əlimran Dəmirov – Şirvanski Kosa və Keçəl obrazlarını yaratmışdılar. O zaman Bakıda bu tədbirin keçirilməsi az sonra Orta Asiya respublikalarında da Novruz bayramının keçirilməsinə səbəb oldu…”.
Kreml Şıxəli Qurbanovdan Novruzun qisasını necə aldı? Onun qızı atasının ölümü barədə nələri danışıb? 1977-ci ildə növbəti dəfə Bakıda Novruzun rəsmi səviyyədə keçirilməsinə kimlər cəhd etdi?
(Moderator.az)
Sultan LAÇIN

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın