Ana səhifə / Sosial / Bahar Muradova: “Bu adı mənə atam verib, 8-ci övladına, 6-cı qızına…”

Bahar Muradova: “Bu adı mənə atam verib, 8-ci övladına, 6-cı qızına…”

Bu gün, martın 20-də Milli Məclisin sədr müavini Bahar Muradovanın doğum günüdür. Parlamentin xanım vitse-spikerinin 55 yaşı tamam olur. Doğum günü söhbəti etmək üçün əvvəlcə tərəddüd etdim. Nədən ki, xanımlar əksər hallarda bu mövzuda danışmaqdan vaz keçirlər. Ancaq Bahar xanım üçün bu mövzunun hər hansı narahatçılığı yox imiş. Suallarımza cavablarından özünüz də görəcəksiniz:
– Bahar xanım, doğum gününüzü, 55 yaşınızı təbrik edirəm. Çox əlamətdar bir gündə, yurdumuza bahar fəslinin qədəm qoyduğu gündə dünyaya gəlmisiniz. Bu tarixin özəlliyi barədə nə deyə bilərsiniz?
– Təşəkkür edirəm. Şəxsən mənimçün bayram günündə doğulmağın iki özəllliyi var, mən ötən illər ərzində bunu hiss eləmişəm. Birinci özəlliyi ondan ibarətdir ki, bunun miqyası çox böyük olur. Nəinki bir ölkənin, dünyanın bir hissəsinin bayramı qeyd etdiyi gündə dünyaya gəlirsən və sənin varlığından xəbəri olmayan insanlar bir növ sənin şadyanalığında iştirak edirlər. Amma ikinci bir tərəfdən insanın yalnız özünə xas olmayan günün olmaması kompleksini yaşayırsan. Məndə hər zaman bu iki hiss olur. Bir çox hallarda mən bayramdan ya bir gün əvvəl, ya bir gün sonra doğulmağı arzulayırdım ki, belə daha yaxşı olardı (gülür). Yəni insanlar, sırf özümə yaxın olan şəxslər ən azı münasibətlərini mənə görə bildirərdilər. Xatırlayıram, uşaqlıqdan üzü bəri məndən söhbət düşəndə, mənim dünyaya gəlişimin əhəmiyyətli və yaxud əhəmiyyətsiz olması barədə danışanda mütləq bunu bayrama bağlayırdılar. Elə ikinci, üçüncü cümlədən dərhal mövzu dəyişir və hamı bu məsələ barədə danışırdı. Ona görə də mənimçün bir az xoşagəlməz anlar yaşanırdı. Amma bu illər ərzində bunun üzərinə üçüncü bir hiss də əlavə olundu. Biz məcburiyyət qarşısında elliklə evimizdən, eşiyimizdən köçəsi olduq. Bu gün artıq əvvəl hiss etdiyim o iki hiss arxa plana keçib, üçüncü hiss daha çox üstünlük kəsb edir. Bu da öz ev-eşiyində bayramı qeyd etməmək, sənin dünyaya gəldiyin evin, həyət-bacanın işğal altında olması və səni ora bağlayan nə xatirələr varsa, hamısının bir növ girovluqda, əsirlikdə olması barədə düşüncələrdir. Bu, nə ümumi bayramı bütövlükdə hiss etməyə, nə də özünəməxsus olan bir günün hissiyatını tam duymağa imkan verir. Ona görə bu günlər mənimçün bir az ağrılı günlərdir.
– Amma hər halda 55 yaş sıradan bir yaş deyil. Bu mənada yəqin ki, müəyyən planlarınız var…
– Yox, bu günü hansısa şəkildə qeyd etməklə bağlı planım yoxdur. Sadəcə bu gün hamı kimi biz də ailəvi bir süfrə ətrafına toplaşacağıq və yəqin ki, ümumilikdə həm bayramı, həm ad gününü qeyd edəcəyik. Amma bununla belə, 55 yaşdır. Biz 55 ildir biz bu yer üzündəyik, bu dünyanın sakinlərindən biriyik. Bu 55 il bizə həyatın hər üzünü göstərib. Amma düşünürəm ki, bütün bunların hamısı bundan sonrakı dövr və irəliyə baxmaq üçün mühüm rol oynayır. Acısı da, şirini də, sevinci də, kədəri də bunu daha geniş çərçivədə hiss etməyə imkan verir. 55 il az deyil, mən Tanrıma minnətdaram, bu, onun mənə lütfüdür ki, bu yaşa qədər yaşamışam. Bundan sonra nə qədər yaşayacağam, bilmirəm, bir ona bəllidir. Amma bildiyim bir odur ki, həyatın hər gününü təkcə özünçün, ailənçün yox, mənsub olduğun millət, xalq, vətəndaşı olduğun dövlət üçün yaşamağa çalışmaq lazımdır. 55 ilin mənə anlatdığı əsas həqiqət budur.
– Qoşa 5-ləri dəfələrlə təkrarlamağınızdan bir daha əmin oldum ki, əksər xanımlar kimi yaşınıza “hərbi sirr” kimi yanaşanlardan, yaş kompleksi olanlardan deyilsiniz…
 
-(gülərək) Yox, burada heç bir sirr yoxdur. Mən yaşımı gizlətməyi də mənasız hesab edirəm. Bu, insan həyatının faktıdır. Əgər bu illər ərzində bu qədər ömür yaşamışıqsa və onun da hər gününü, hər anını prinsiplərinə, düşüncənə, istəklərinə, arzularına uyğun yaşamağa çalışmısansa, onu gizlətməyin mənası yoxdur. Ən azı bu dünyada 55 il olmağın lütf olduğunu başqalarına da anlatmaq lazımdır. Ona görə mənim bununla bağlı heç bir kompleksim yoxdur. Mənim kompleksim, çatışmazlığım bayaq dediyimdir, yurdda olmamaq kompleksi. Ondan qalan şeylər hamısı əhəmiyyətsizdir. 55 il yaşamağı, o ömrü sürməyi də bacarmaq lazımdır. Bu da insanın özünə bir hesabatıdır. Hesabatı da verəndə çalışmaq lazımdır ki, hər şey şəffaf olsun. Biz axı, şəfaff cəmiyyətdə yaşamaq istəyirik (gülür).
– Bahar xanım adınızı kim qoyub?
– Mənim adımı atam verib. Mart ayının 20-də, bayram günündə doğulduğumçün. Məlumatlı adamlar bilir ki, mənim atamın 9 övladı olub, onun 7-si qızdır. 8-ci övladına və 6-cı qızına Bahar adı verən kişinin mahiyyəti, məzmunu, həyata baxışı, qız övladlarına münasibəti açıq-aşkar ortadadır. Ona görə mən Tanrıma minnətdaram ki, mən bu ailədə dünyaya gəlmişəm. Atama da minnətdaram ki, mənə bu cür ad verərək, 6-cı qızın heç olmasa onun həyatına bahar gətirdiyini düşünüb. Təəssüf ki, artıq həm atam, həm anam dünyasını dəyişib, ömürlərini bizə bağışlayıblar. Bizim də borcumuz odur ki, onların yaşaya bilmədikləri, edə bilmədiklərini biz həyata keçirək. Düşünürəm ki, valideynlər ömrünü başa vurmur, onlar ömrünü övladlarına bağışlayır. Övladlar da öz həyatları boyu onları yaşatmalıdırlar.
 
– Sizin də bir qız övladınız var. Yəqin ilk təbriki qızınızdan almısınız…
– Bəli, mənim bir Nigarım var. Həqiqətən də belə oldu. Səhər-səhər məni çiçəklərlə ilk təbrik edən qızım Nigar oldu. Nigar adı uşaqlıqdan mənim xoşuma gəlirdi. Hərdən düşünürdüm ki, niyə mənə Nigar adı qoymayıblar? Eləcə də düşünürdüm ki, qızım olacaqsa, adını Nigar qoyacağam (gülür). Tanrı da mənə qız övladı verdi, mən o adı qoydum, arzuma yetişdim. Artıq 10 yaşını adlayıb. Nigar adında olan insanların bir çoxunun ümumi keyfiyyətlərinin olduğunu müşahidə etmişəm. Onlar – ən azı mənim tanıdıqlarım – bir qayda olaraq çox yüksək məntiqə, dərin təfəkkürə, çox həssas qəlbə malik olurlar. Və həyatın hər bir sınağına özlərini hazır hiss edirlər. Hətta hansısa bir ağır işi görməyə gücü çatmasa da, ona gücünün çatacağını bəyan edir. Mənim qızımda bu keyfiyyətlər var, ona görə də sevinirəm, düşünürəm ki, bu da Tanrının mənə bir lütfüdür. Mənim həyatda edə bilmədiklərimi inanıram ki, gələcəkdə mütləq Nigar edəcək.
 
“Mən yaşımı gizlətməyi də mənasız hesab edirəm”
 
– İnşallah. Həyat yoldaşınız siyasətin episentrində olan bir xanımla yaşamağın çətinliklərindən danışmır ki?
– (gülür) Danışmır, onu hiss edir. Hiss etdiyini bilirəm və çalışıram ki, onun bu hissiyatları az olsun. Məndən asılı olmayan, gücüm çatmayan məsələlər də olur. Çünki burada hər şeydən əvvəl ümumi, kişilərin bu məsələyə yanaşmasının əlamətləri var. Üstəlik də onun özü çox güclü xarakterə malik olan şəxsdir, bundan doğan narahatlıqlar ola bilir. Bir də ki, siyasi həyatın özünün reallıqda doğurduğu çətinliklərdir. Yəni evdə az olmaq, ünsiyyətin az olması, ümumi məsələlərin daha önəmli cərgədə dayanması, onun doğurduğu problemlər var. Amma o, bunun öhdəsindən layiqincə gəlir. Mən ondan çox razıyam. Mən özümü uğurlu şəxs hesab edirəm. Düşünürəm ki, həyatda bu qədər uğur qazanmağımın əksər hissəsi məhz onun köməyinə, onun dəstəyinə və iştirakına bağlı olan məsələdir.
– Siyasətdən kənar adamdır, yoxsa…
– O, özü də Yeni Azərbaycan Partiyasının üzvüdür və biz o partiyanın sıralarında rastlaşmışıq, ailə qurmuşuq. Ona görə də o özü peşəkar siyasətçi olmsasa da, bir vətəndaş olaraq aydın, qəti, siyasi mövqeyə malik olan şəxsdir. Hesab edirəm ki, onun bir çox fikirləri, tövsiyyələri mənim fəaliyyətimdə öz əksini tapır və mən bir çox hallarda ondan məsləhətlər alıram. O məsləhətlər də mənə çox kömək olur. Ona görə də o, dolayısı ilə siyasətin içərisindədir.
 
– Bahar xanım, şəxsi həyat təbii ki, toplumun həyatına, onun taleyinə bu və ya digər şəkildə bağlıdır. Ona görə də Azərbaycanın bu günü, sabahı ilə bağlı düşüncələriniz, məlumatlarınız nədən ibarətdir? Hər halda hakimiyyətin mətbəxinə yaxından bələd olan şəxssiniz. Bayram günündə əhaliyə hansısa müjdəniz varmı?
 
 
 
“Həyat yoldaşım da Yeni Azərbaycan Partiyasının üzvüdür və biz o partiyanın sıralarında rastlaşmışıq, ailə qurmuşuq”
– Təbii ki, şəxsi həyat, ictimai həyat bizim özümünüzün, cəmiyyətimizin həyatına bağlı olan məsələdir. Yəni ölkədə hansı ab-hava varsa, o, mütləq mənada insanların həyatına təsir göstərir. Ailədəki mühit, ab-hava da təbii ki, ictimai-siyasi fəaliyyətdə bu və ya digər şəkildə öz izini qoyur. Ona görə də bunlar bir-birini tamamlayır, bir-birini şərtləndirir. Şəxsən bizim ailənin həyatı ictimai-siyasi həyatdan kənar deyil, bütövlükdə onun içərisindədir. O ki qaldı hansı müjdə verməklə bağlı, konkret belə bir müjdə vermək səlahiyyətini öz üzərimə götürmək istəməzdim. Amma ümumi inamımız getdikcə daha artıq möhkəmlənməkdədir və bu inamın möhkəmlənməsinə imkan verən şərtlər də getdikcə daha aydın şəkildə görünür.
Azərbaycan öz mövqeyini daha qətiyyətlə ortaya qoymaqdadır və dünya ictimaiyyəti də bununla hesablaşmaq zorundadır. Hətta istəməsə belə, bir çox dairələr müstəqil dövlət olan Azərbaycan, onun qətiyyətinin və mövqeyinin ortada olduğu qənaətini bölüşür, bununla hesablaşmamamğın mümkünsüzlüyünü də dərk edir. O cümlədən də Ermənistan. Təbii ki, sualın cavabında mütləq bu məsələ dayanmalıdır. Çünki bizim başqa məsələlərlə bağlı elə ciddi narahatlığımız yoxdur.
Sosial durum, iqtisadi vəziyyət, ölkənin bütün istiqamətlərdə inkişafı, bəzi məsələlərdə dünyada gedən proseslərdən yan keçə bilməmək…Bunlar ümumi istiqamətlərdir, bütün ölkələrdə belədir. Amma əlbəttə ki, bizim bütün imkanlarımızın hədəfi işğalın aradan qaldırılmasıdır. Düşünürəm ki, onunçün də şərtlər getdikcə aydınlaşır və o gün uzaqda deyil.
Cocuq Mərcanlıdan başlayan böyük qayıdış mütləq bütün ərazilərimizə yetəcək və Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Bütün şərtlər, bütün fəaliyyət məhz məsələnin buna doğru getdiyini daha artıq şəkildə ortaya qoyur.
Bu bayram niyyət bayramıdır, istək və arzuların yerinə yetəcəyinə inamı şərtləndirən bayramdır. Ona görə hər birimiz öz ailəmizlə, öz övladımız, öz gələcəyimizlə bağlı niyyətlər edərkən, bundan əvvəl də mütləq Azərbaycan torpaqlarının azad olunması niyyətini edək. Bunda da fayda var. Bütün niyyətlərimizin başında dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün təmin olunması, insanların öz yurdunda yaşamaq haqqının ona qaytarılması dayanmalıdır. Arzu edək ki, hər bir insan ağrı-acısını, kədərini, sevincini, xoşbəxtliyini öz yurdunda, öz evində hiss etmək imkanı əldə etsin! Mən insan üçün bundan böyük xoşbəxtlik təsəvvür etmirəm…(musavat.com)

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın