Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Şou Biznes / Saxta mühacir qalmaqalı: “Müsavat vəsiqəsini 1800 manata almışam” -Açıqlama

Saxta mühacir qalmaqalı: “Müsavat vəsiqəsini 1800 manata almışam” -Açıqlama

Xəbər verdiyimiz kimi, dünən Müsavat partiyası müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara, o ölkələrdə oturum almaqdan ötrü Müsavat Partiyası adından saxta sənədlərin verilməsi ilə bağlı bəyanat yaymışdı.

Bildirilirdi ki, Avropada olan mühacirlərdən Elnur Aydın oğlu Mirzəyevin adından Belçika ölkəsinin Miqrasiya İdarəsinə təqdim edilən Müsavat Partiyasının vəsiqəsinin, Arayışın və “Elnur Mirzəyev barədə” sənədin Müsavat Partiyasına göndərilmiş surətləri tərəfimizdən araşdırılmış və saxta olduğu təsdiq olunub. Müsavat Partiyası tərəfindən E.Mirzəyevin adına verilməsi iddia edilən Müsavat Partiyasının 1216 saylı vəsiqəsi Müsavat Partiyasına məxsus deyil və saxtadır.

“Yeni Müsavat” qəzeti isə saxta vəsiqəyə sahib olmaqda ittiham olunan E.Mirzəyevlə əlaqə saxlayıb. E.Mirzəyev dedi ki, bu bəyanat partiyanın onu aldatdığını sübut edir: “Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, mənim burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim. 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə – 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, ”2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq”. Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər”.

Müsahibimiz dedi ki, G.Aslanlı tərəfindən dünən yayılan və saxta kimi təqdim edilən iki arayışı elə onun özündən alıb: “Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa sübutları da təqdim edəcəyəm. Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə”.

E.Mirzəyev deyib ki, onun oturum alması məsələsində heç bir dəyişiklik yoxdur. Müsahibimizin sözlərinə görə, hələ ki növbəti müsahibə baş tutmayıb: “Belçika dövləti oturum verməsə də, həyatımızı yaşayacağıq. Pislikləri özlərinə qalsın. Amma mən əlimdəki bütün sənədləri Qənimət Zahidə verəcəm, qoy o bu mövzunu ”Azərbaycan Saatı” verilişində yayımlasın. Axı bu bəyanatı yaymaqla nə oldu? Bunun adı pislikdir, başqa adı yoxdur. İnsanlara saxta sənədlər satmısız və mən yeganə adam deyiləm. Sizin qəzetinizə müsahibənizdən sonra Eldar Zeynalov Mirzə Sakitə müraciət edib ki, niyə onun adını çəkmişik. Halbuki o adam mənimlə bağlı miqrasiya idarəsinə yalan məlumatlar verirdi. Eldar Zeynalov dövlətə satılmış hüquq müdafiəçisidir. İndi Müsavat Partiyası başqanının müavini onu hörmətli adam kimi təqdim edir”.

Müsahibimiz bu məsələni sona qədər araşdıracağını və Müsavatda saxta sənəd alveri ilə məşğul olanların maskasını cıracağını dedi: “Hamı bilir ki, 6-7 ildir Müsavat Partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mənsə bu məsələni belə qoymayacam”.

G.Aslanlı isə açıqlamasında E.Mirzəyevin dediklərini böhtan adlandırdı. Müsahibimiz ümumiyyətlə bu adamı görmədiyini dedi: “Nə Bakıda, nə də başqa bir yerdə. Doğrudur, onunla mənim aramada inboks yazışması olub. O yazışmada da qeyd edib ki, Müsavatın üzvüdür. Soruşmuşam ki, Müsavatın üzvüsüzsə, hansı təşkilatın üzvüsən? O da deyib ki, özümü Novxanı müsavatçısı hesab edirəm. Mən də demişəm ki, Müsavatda ”Novxanı müsavatçısı” anlayışı yoxdur. Ya Binəqədi, ya da hansısa başqa rayon müsavatçısı ola bilər.

Sonra o mənə yazıb ki, məni Tofiq Yaqublu partiyaya qəbul etdirib. Mən də bunu vəkili vasitəsilə Tofiq bəydən soruşmuşam. O da deyib ki, əgər partiyaya üzv olmaq üçün onun ərizəsi yoxdursa, qəbul etdirmək söhbəti olmaz. Mən Tofiq Yaqubluya özüm qədər inanıram. O belə iş görməz”.

Müsahibimizin sözlərinə görə, bu dəqiqləşdirmədən sonra E.Mirzəyevə “sizin Müsavata üzv qəbul olunmanız təsdiq olunmur, siz Müsavatın üzvü deyilsiz”, cavabını verib. G.Aslanlı dedi ki, son olaraq Belçika Miqrasiya İdarəsindən Müsavata ünvanlanan müraciət də bu saxtakarlığı bütün detalları ilə üzə çıxarıb: “Bəli, ortada bir vəsiqə var. Amma bugünkü bəyanatda da göstərmişəm ki, Müsavatda belə vəsiqə nömrəsi yoxdur. Müsavatın istifadə etdiyi blankın forması tamam başqadır. Möhür tamam başqadır. Ona mənim adımdan verilən arayış və sənəddəki imzalar mənə məxsus deyil. Ekspertizaya verib, təsdiqləmək mümkündür. Kimsə saxta sənəd verib. Ya özü düzəldib, ya da kimsə verib belə saxta sənədi. Başqa variant yoxdur. İstifadə edilən möhür də Müsavatın deyil. Mən faktları təqdim etmişəm. O adam xəyallar və nağıllarla nələrsə danışır. Mən şəxsən öz adımdan deyirəm ki, onu heç vaxt görməmişəm. Vasitəçisi kim olubsa, onu da görməmişəm”.

G.Aslanlı dedi ki, qarşı tərəfin ona pul verməsi ilə bağlı irəli sürdüyü iddia ağ yalandır. Müsahibimiz hesab edir ki, bunu sübut etmək istəyən şəxs məhkəməyə müraciət etsin: “Görək orda kim kimə nəyi sübut edəcək. Cəmiyyətdə məni tanıyanlar bilir iki, heç vaxt əqidəmi pula satmamışam. Mənim adıma yapışan şey deyil. Versin məhkəməyə. Dediyində həqiqət varsa, mənə pul verdiyini sübut etsin məhkəmədə.

Elə olsa qanun qarşısında, qanuna tabe olmağa və Müsavat üzvləri qarşısında da üzr istəməyə hazıram. Məni pulla almağa cəhd edən hakimiyyət buna nail olmayıb. Heç kimin 700 manatına qalan kişi deyiləm. Belə şərlə məşğul olmaqdansa özünə başqa peşə tapsın. Mən faktları ortaya qoymuşam. İmzam, möhür, blank uyğun gəlirmi? Yox. Fakt budur”.

Müsavat başqanının müavini bu işdə kimin əli ola biləcəyi ilə bağlı sualı da cavablandırdı. Dedi ki, ümumiyyətlə, partiyada heç kim onun imzasını ata və ümumiyyətlə belə saxta sənəd verməyi boynuna götürə bilməz: “O sənəd Avropada hazırlanıb.

2006-cı ildə də belə sənəd ortaya çıxmışdı. Onun üzərində Yasamal rayon təşkilatının möhürü və Vurğun Əyyubun imzası vardı. Həmin vaxt biz bunu dəqiqləşdirdik. Məlum oldu ki, nə bu imza Vurğun Əyyuba məxsusdur, nə də təşkilatdan belə bir sənəd verilib. Belə saxta iş bacaranların olması barədə məlumatımız var. Böyük ehtimalla xaricdə olan işdir. Müsavat Partiyasına aidiyyəti yoxdur. Lap Azərbaycanda belə işbazlar olsa da, onlar Müsavat Partiyasından kənardadırlar”.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın