Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Rüstəm Behrudi: “Anar müəllimin haqqımda dedikləri qeyri-etikdir”

Rüstəm Behrudi: “Anar müəllimin haqqımda dedikləri qeyri-etikdir”

Xəbər verdiyimiz kimi ötən ay tanınmış şair Rüstəm Behrudi səhhətində yaranmış problemlərlə əlaqədar əməliyyat olunmuşdu. Musavat.com-un əməkdaşı bundan əvvəl də ağır əməliyyat keçirən şairin hazırki durumu, gələcək fəaliyyəti və sairə məsələlər ilə bağlı söhbətləşib. Müsahibəni təqdim edirik:

– Hazırda səhhətiniz necədir?

– Hələ ki, evdə oturmuşam, müalicələr davam edir. Bu, ciddi əməliyyat idi, ona görə də 40-45 gün korsetdə gəzməliyəm. Ən ağırlısı, pisi odur ki, kitab oxuya bilmirəm. Əgər kitab oxuya bilsəm,bu vəziyyəti bir az yüngülləşdirərdi. Uzun illər boyun fəqərəmdən çox əziyyət çəkirdim və məcburən əməliyyat olundum… Əlimin altında maraqlı kitablar var, məsələn “Tövrat”ın türkcə mükəmməl tərcüməsi var. “Divani lüğət it-türk”ün yeni nəşri və sairə, hamısı qarışıb bir-birinə. Bir də ona əsəbləşirəm ki, bu qədər maraqlı kitablar var, amma heç birini oxuya bilmirəm. Ancaq dözmək lazımdır, düşünürəm ki, bu vəziyyət tezliklə keçib gedəcək.

– (zarafatla) Kitab oxumaqda çətinlik çəkirsiz, amma göz dəyməsin, sosial şəbəkədə xeyli aktivsiz.

– Kitab oxumaq başqadır. Kompyuterdən sosial şəbəkədə şeirlər yerləşdirirəm. Orda da bir bənddən artıq şeir paylaşa bilmirəm. Mən bunu ciddi məşğuliyyət hesab etmirəm.Mənim üçün maraqlı olan daha çox kitab oxumaq, şeir yazmaqdı

– Paylaşımlarınızdakı son şeirləriniz sanki həzin, qəmgin akkordlara köklənib.

– Bu, bir qədər mənim xəstəliyim ilə bağlı ola bilər. Amma əgər məni yaxşı tanıyırsınızsa bilirsiz ki, mən emosianal adamam və cəmiyyətdə baş verən hadisələrə münasibətimi bildirirəm. Yəni, şeirlərimin qəmgin olması xəstəliyimlə əlaqədardır, bu, psixoloji haldır, yaradıcı adam bəzən özündən asılı olmayaraq nələrsə yazır. Bir də ki, bütün günü evdə oturmaq çox ağırdı.Belə halda, təbii ki adamda pessimist, nostalji duyğular oyanır. Mən elə düşünürəm ki, insan ömrünün ən gözəl anlarından biri də xatırlamalardan ibarətdir. Hər halda bu cür vəziyyətdə olan adam üçün olanları xatırlatmağın özü gözəl bir şeydir.

– Son şeirinizdə qeyd etmisiz ki, “Çox yorğunam ilahi, Məndən bezib bu can da… “ Maraqlıdır, yorğunlunuz xəstəlikdən ya həyatdandır?

– Yox, bu xəstəlik ilə bağlı deyil. Mənə elə gəlir ki, cəmiyyətdə baş verən sosial psixoloji vəziyyət, baş verən hadisələr, qanunsuzluqların təsiridir. Ürək ağrısı ilə məhkəmə qərarlarına baxıram, cavan uşaqlara 5-10 il iş verirlər. Onlar yəni bu qədər böyük cinayət işlədiblər ki, həyatlarının ən gözəl çağları, illəri əlindən alınsın. Məni belə şeylər çox ağrıdır.Təbii ki,bunlar da yazdıqlarımda özünü göstərir. Yazmışdım ki,
“bütün yollar tükənib,
Yollar sənə əlvida…
İtirmişəm,ilahi,

Sənə gələn yolu da”. Şair inqilab edə bilməz ki. Mən o inqilabı vaxtilə təkbaşına etmişəm. 1988-ci ilin fevralın 18-də 100 min tələbənin qabağına düşüb, təkbaşına meydana aparmışam. Bu haqda çox yazıblar.

– Savaş himni yazacağınızı bildirmisiz.

– Hər dəfə şəhid xəbərlərini eşidəndə and olsun ki, özümə yer tapa bilmirəm. Sağalan kimi o himni yazacam.

– Əməliyyatdan sonra Azərbaycan Yazıçılar Birliyindən sizinlə maraqlanan, hal-əhval tutan oldumu?

– Yox! Onlar mənimlə maraqlanmağa borclu deyillər axı! Heç mənim onlara ehtiyacım yoxdur. Bir neçə ay bundan əvvəl və AYB-nin üzvülüyündən imtina etmişəm. Yəni mən özümü o birliyin üzvü hesab etmirəm. Ətrafımda o qədər doğma adam var ki, onlara heç ehtiyacım yoxdur. Mən Türküyədə Qazi universitetinin tibb fakültəsində əməliyyat olundum. Həkimlər mənim “Şaman duası” (1989-da Ankarada nəşr olunub) kitabımı əzbər bilən professorlar idilər.Hətta bu ağır əməliyyat üçün məndən pul belə almadılar. Bu günlərdə Anar müəllim televiziyada çıxış edərək deyirdi ki, “Rüstəm Behrudi AYB-dən istefa verməklə başına dəstə yığmaq istəyir”. Mən ömrüm boyu vəzifə dalınca qaçmamışam və heç nəyə də iddiam olmayıb. Mənim haqqımda bu cür danışmağı ayıb bir şey hesab eləyirəm.Yarandığı gündən bəri dəstəbazlıqla YB-nin məşğul olduğunu bilməyən yoxdur. Anar müəllimə hörmətim olsa da ,mənim haqqımda dediklərini qeyri-etik hesab eləyirəm.

– Özünüz də qeyd etdiz ki, ictimaiyyətdə baş verənləri daim izləyirsiz. Son vaxtlar mədəniyyət aləmində də xoşagəlməz olaylar, baş verir, son olaraq ölkənin tanınmış xanəndələri arasında baş verən qalmaqalı misal göstərmək olar. Bütün bunlara görə ictimaiyyətdə belə bir fikir də yaranıb – mədəniyyətimiz mədəniyyətsizləşib.

– Bir az öncə bu barədə oxudum. Çox biabırçı bir şeydir ki, Azərbaycan mədəniyyətində nüfuz sahibi olan adamlar bir-biriləri haqqında şər-böhtan,özlərinə yaraşmayan sözlər danışırlar. Yəni, anlaya bilmirəm ki, bunlar nə cür mədəniyyət işçiləri, sənətkarlardı ki, bir-birilərinə ağızlarına gələni danışırlar, çox gülməlidir yəni. Nə yaxşı ki, ədəbiyyat aləmində bu cür hallar olmur. Hərdən gənc nəslindən kimsə köhnə ədiblərə münasibət bildirir, amma bu da müəyyən mədəni çərçivədə aparılır, daha bu qədər biabırçılıqla deyil. Doğrudan da Azərbaycan mədəniyyətində ad-san qazanmış, cəmiyyətdə qəbul olunmuş adamların bir-birinə bu cür münasibəti ayıb bir şeydi.

– Nə düşünürsüz, niyə mədəniyyətimizin səviyyəsi bu qədər düşdü?

– Mənə elə gəlir ki, biz çox anormal bir cəmiyyətdə yaşayırıq. Əslində vaxtlı-vaxtında hər kəs öz layiqli qiymətini alsaydı, layiq olduğu haqqı verilsəydi, kimin kim olduğu müəyyənləşsəydi bu cür biabırçılıqlar da olmazdı… Xalq artistinin işlətdiyi ifadəyə bax – “bicok”. Bu dəhşətli bir şeydir! Gənc nəsil bundan nə götürəcək?”.
Düşünürəm ki, insana layiq olmadığı qiyməti verəndə eybəcər görsənir.
Bu biabırçılığın əsil səbəbi bilirsiniz nədədir? İnsanın başqalarından fərqlənmək istəyində… İnsanın fərqlənmək istəyi iblis istəyidir.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın