Cümə , Dekabr 4 2020
Ana səhifə / Şou Biznes / Milyardları əvəz edəcək bir neçə deputat mandatı

Milyardları əvəz edəcək bir neçə deputat mandatı

Seçkilər yaxınlaşır. Ötən seçkilərin təcrübəsi belə bir qənaətə gəlməyə əsas verir ki, bu dəfə də möcüzə baş verməyə bilər. Protest elektoratı dağınıq, iqtidar bütün resursları əlində saxlayır, müxalifət vahid mövqe nümayiş etdirə bilmir və belə bir vəziyyətdə ölkə seçkiyə gedir.

Qərbdən, yaxud Şərqdən də ümid gözləməyə dəyməz. Nə qədər təzadlı səslənsə də, seçkinin taleyini Azərbaycan vətəndaşı özü həll etməli olacaq. Heç kəs küçələrə çıxıb seçkinin nəticələrinin rəsmən tanınması üçün bizim yerimizə mübarizə aparan deyil.

Bu, bütün seçkilər zamanı belə olub. Müxalifət seçkinin nəticəsini tanımadığını bəyan edib, Qərb növbətçi bəyanat verib, sadə vətəndaşlar daha da məyusluğa qapılıblar. Hamı Qərbi ittiham edib. Neft maraqlarından danışıb. Çoxsaylı bəhanələr uydurub. Lakin problem bizim özümüzdədir. Biz azad insan, azad vətəndaş olmaq istəmirik. Azad cəmiyyət qurmaqda maraqlı deyilik. Biz rüşvətlə bütün problemləri həll etməyə çalışırıq. Bizim üçün ən böyük dəyər puldur. Belə topluma kənardan heç kəs yardım göstərməyəcək. Özümüzü və başqalarını aldatmayaq. Bizim belə bir yardımı gözləməyə haqqımız da çatmır. Öz azadlığı uğrunda mübarizə aparmağa hazır vətəndaşın, millətin kənardan yardım gözləməyə haqqı ola bilər. Bizim isə buna haqqımız belə çatmır. Biz çox ucuz satılırıq. Özü də topdan.
Seçkilərin nəticələrini demokratiyanın təntənəsi kimi Qərb bizdən daha tez və daha yaxşı tanıyır. İndi artıq dəyərləndirən nə Avropa Birliyi Parlamenti, nə də AŞPA missiyası üzvlərini belə qınamağa haqqımız yoxdur. Söhbət onların deyil, bizim azadlığımızdan gedir. Biz isə öz azadlığımız uğrunda mübarizə aparmaq istəmirik. Bunun əvəzində başqalarının mütləq, o cümlədən bizim azadlıqlarımızı belə qısıtlamaq haqqını ehtiva edən “azadlığına” tabe olmağa hazırıq. Əgər iş bu yerə çatıbsa, onlar, yəni yadlar, yabançılar nədən bizim azadlığımız uğrunda mübarizə aparmalıdırlar? Axı onsuz da faydası yoxdur.

Bizə lazım olan çox az nəsnədir. Biz satılmağa meylliyik. Çoxları uyğun zamanda satılmaq üçün fürsət gözləyir. Fərdi də satılmaq mümkündür, topdan da. Bir neçə mandat və sədrin hesabına keçirilən vəsait kifayət edir.

Bu ölkədə manevr imkanları nə qədər azdırsa, satılmamaq üçün cızılan dairə də bir o qədər qapalıdır.

Bu ölkədə artıq siyasət də qalmayıb. Nə qədər çox “satılmıram” deyə hayqırırsansa, bir o qədər alıcın artır.
Minlərlə sadə insan bu vəziyyəti dərk etsə də, həzm etmək, etiraf etmək gücündə deyil. 20-30 il ən müxtəlif əzablara düçar olanlar etiraf belə etməyə qorxurlar ki, onların fədakarlığı bazarda qiyməti qaldırmağa hesablanıb.
Bu ölkədə yaşamaq çətindir. Siyasətçi olmaq ondan da çətindir. Məhkəməsi oyuncaq olan, həbsxanaları ən dəyərli ziyalıların və gənclərin sığınacağına çevrilən bir ölkədə yaşamaq belə bezdiricidir. Bu ölkə ideyalar və ümidlər qəbiristanlığını xatırladır.
Şəxsi fikri olmayan, liderinin barmaq işarəsindən asılı olan, özünü, həyatını bütlərin auksionuna fəda etmiş yüzlərlə gerçək qəhrəmanın sındırılmış həyatı üzərində qurulan auksion və cəmisi 2 və ya 3 deputat mandatı…
“Tanımırıq” demək və tanımaq. “Oynamırıq” demək və məhz çalınan havaya oynamaq, arada bir dil çıxardıb, “oynamıram, dil çıxardıram” bəyanatını vermək və minlərlə insanı yenidən ümidsizlik qəbiristanlığında dəfn etmək. Bu siyasətdirsə, olmaz olsun.
Azərbaycan hakimiyyətini anlamaq mümkün deyil. Bu qədər təzyiqlərə, günahsız gəncləri, ziyalıları zindana salmağa gərək varmı? Bir neçə mandat hədiyyəsi bütün problemləri həll edə bilər. Topdan satış bazarında daha uyğun alver etmək mümkündür.
Xarici amillərə bu qədər vəsait, milyardlar xərcləməyə də ehtiyac yoxdur. Hər kəsə (şərti olaraq hər kəsə, bəllidir kimlərə – A. R.) bir neçə mandat hədiyyə etməklə onları “konstruktiv” etmək mümkündür. Bu qədər sadədir. Nəyi bilməsək də, alveri bilirik. Son 30 ildə elə bu işlə məşğul olmuşuq…

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın