Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / “Mayda əfv gözlənilir”

“Mayda əfv gözlənilir”

Ötən həftə İnsan Hüquqları üzrə Birgə İşçi Qrup 6 aylıq fəaliyyətini dəyərləndirib. Bununla bağlı müzakirələrdə yekdil qərar bu olub ki, işi daha da səmərəli qurmaq lazımdır.

Bəs İşçi Qrup nələr planlaşdırır, işini necə quracaq? Qrupun üzvü Əliməmməd Nuriyev “Azadlıq” radiosuna bu haqda danışıb.

– Əliməmməd bəy, ötən həftə Birgə İşçi Qrupun Avropa Şurası baş katibinin nümayəndəsi Alekcandr Gesselin iştirakı ilə toplantısı oldu. Qrup üzvlərindən Səməd Seyidov, Fuad Ələsgərov işi daha da səmərəli qurmaq haqda danışıb. Səmərəli olması üçün işi necə quracaqsınız? Bundan sonraya planlarınız nədir?

– İşçi Qrup son 6 ayda görülən işləri müzakirə etdi və nəticələri qiymətləndirdi. Burada ayrı-ayrı maraqlı şəxslərlə bağlı müzakirələr əlbəttə ki, müzakirə obyekti oldu. Eyni zamanda vətəndaş cəmiyyətinin vəziyyəti də müzakirə edildi. Orada da bir fikir xüsusi vurğulandı ki, İşçi Qrup barəsində məhkəmə hökmü çıxarılanlarla bağlı araşdırmaları davam etdirsin. Ola bilsin onların haqqında məhkəmə hökmü çıxarılanda hansısa yanlışlar olub, hüquqları pozulub və s.

Əfv prosesinin davamlı olması istiqamətində arzularımızı bildirdik. Bundan başqa, vətəndaş cəmiyyəti haqqında qaydaların hazırlanmasının sürətləndirilməsini də söylədik. Bu qrupda işimizi davam etdirəcəyik. Bir amili də deyək ki, hansısa siyahıların olması vacib məsələ deyil. Biz bütün müraciətlərə baxırıq. Bu müraciətlər təkcə məhkumlar, ya da istintaq altında olanlar tərəfindən edilmir, həm də qohumlarının müraciətləri də araşdırılır. İşçi Qrupunda vətəndaş cəmiyyətindən olan nümayəndələr özləri ayrıca görüşlər, iclaslar keçirir. Bu haqda katibliyə məlumat verilir ki, gündəliyə salınsın.

Biz yalnız azadlıqdan məhrum edilənlərlə bağlı iş görmürük. Məsələn, İşçi Qrupun həmsədri, Prezident Administrasiyasının şöbə müdiri Fuad müəllum bizə maraqlı bir təklif verdi ki, qanunverici təşəbbüslərlə çıxış edək, yəni hansı qanunlarda boşluqlar var, nələr çatmır, bəlkə insan hüququ və azadlıqlarını daha etibarlı təmin etmək yönündə bəzi qüsurlar qanunvericilikdəki çatışmazlıqlarla, nöqsanlarla bağlıdır.

– Elə bir təklifiniz varmı?

– Bu istiqamətdə müəyyən araşdırmalarımızı apardıqdan sonra təkliflərimizi verəcəyik. Xüsusilə bəzi normalarda problemlər var. Sadəcə bununla bağlı ortaya ciddi arqumentlər qoymaq lazımdır. Praktikanı bir daha araşdırmalıyıq, vəkillərlə təmas qurmalıyıq. Bundan sonra qanunvericilikdəki qüsur və boşluqlarla bağlı təklif verəcəyik. Bütün hallarda qanunvericilikdə qüsurlar və boşluqlar varsa, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə əngəllər yaradır. Hansısa prosesdə zərərçəkmişin, təqsirləndirilən şəxsin hüquqlarının tam qorunmasının qarşısını ala bilər. Bu, zəruri istiqamətdir.

O toplantıda biz ayrı-ayrı məhkumların səhhəti ilə bağlı məsələləri də qaldırdıq. Yeni praktika yaranmaqdadır. Bəzi məhkumların müayinəsində həkimlərlə yanaşı İşçi Qrupun nümayəndələri də iştirak edirlər.

– Söhbət hansı məhbuslardan gedir? Onların arasında Leyla Yunus da varmı? Vəkilləri səhhətinin pisləşdirini bildirirlər.

– Biz həm mətbuatda, həm fərdi müraciətlərlə bağlı müzakirə aparırıq. Mən burada konkret şəxsin adını çəkmək istəmirəm. Bu, konfidensial xarakterli məlumatlardır. Fərdlərlə bağlı informasiya onların razılığı ilə açqılana, ictimailəşdirilə bilər.

– Ancaq bəzi məhbuslarla bağlı məlumatlar artıq ictimailəşib, bu haqda vəkillər, yaxınları mətbuatda məlumatları, narahatlıqlarını bölüşüblər.

– Ola bilər. Elə standart var ki, hüquq müdafiəçisinin ondan kənara çıxması yanlış olardı. Əsas məsələ ümumi fikrə gəlməkdir, prosesin davamlı olmasını təmin etməkdir.

– Söhbət əsnasında dediniz ki, siyasi məhbuslarla, eləcə də istintaq altında olanlarla bağlı müzakirələr gedib. Onların adı əfv siyahısına salına bilərmi? Və ya onlarla bağlı araşdırma aparılacaqmı, onların istintaqı, barələrində çıxarılan məhkəmə qərarına yenidən baxılması mümkündürmü?

– Hər şeydən əvvəl deyim ki, əfv ancaq haqlarında qüvvəyə minmiş məhkəmə hökmü olanlara tətbiq olunacaq. Bu, əfv institutunun mahiyyəti ilə bağlıdır. O şəxslərin ki haqqında istintaq araşdırması gedir və ya məhkəmə istintaqı davam edir, ya da məhkəmə hökmü olsa belə apelyasiya şikayəti vermək hüququ var, onların adının əfvə salınması mümkün deyil. Qanun yol vermir. Amma haqqında məhkəmə hökmü qüvvəyə minən və əfvlə bağlı müraciətləri olanlarla bağlı müzakirələr gedir və davam edəcək. Müvafiq qərarın qəbulu gözlənir. Bir də burada məşhurlarla bağlı yox, tanınmayan məhbuslarla bağlı da müraciətlər araşdırılır.

– Əfv olacaqmı?

– İstisna etmirəm. Mayda əfv olması gözləniləndir. Əlbəttə, bu, prezidentin səlahiyyətinə aiddir. Amma biz bunu gözləyirik və arzulayırıq.

– Siyahı təqdim etmisinizmi?

– İşçi Qrup daxil olan müraciətlərlə bağlı məlumatları Əfv Komissiyasına göndərir.

 

– Bu, prezidentin müstəsna səlahiyyətinə aid məsələdir. Mənim bu haqda fikir deməyim yanlış olardı.

– Son- Siyasi məhbuslardan kimlərin adları var?uncu əfv sərəncamı ictimai fəallar arasında məyusluq yaratdı. Hətta bəziləri hüquq müdafiəçilərini İşçi Qrupunu tərk etməyə çağırdılar. Sərəncamda cəmi 4 siyasi məhbusun adı vardı. Siz nə düşünürsünüz?

– Biz ayrı-ayrı siyahılara görə qərar vermirik. Özü də orada 4 yox, 15-ə qədər məhbusun adı vardı.

Həmin 15 nəfər kimdir?

– Bilmirəm. Mən onların adını xatırlamıram. Hamısını əzbər bilmirəm. Hər halda 6 aylıq hesabatda həmin adlar səsləndirildi. Ola bilsin onların adı kimlərinsə tərtib etdiyi siyahılarda yoxdur. Ancaq bütövlükdə belə düşünürük ki, əfv sərəncamında 4-5 nəfər tanıdığımız adamın adı varsa, bu, azdır. Bunu eyni zamanda elə qəbul etməməliyik ki, biz qaldırdığımız məsələlərin hamısı 100 faiz həll edilməlidir. Onda biz rəsmi qurumları əvəz etmiş olarıq. Bu da düz yanaşma deyil.

Qrupu tərk etməyə gəlincə, bunu təbii qəbul edirəm. Mən öz işimi görürəm və mənə mənfi, pozitiv münasibətdən asılı olmadan işimi davam etdirəcəm. İşçi Qrupu güclənir və dünənə qədər onu qəbul etməyənlər də ona müraciət edirlər.

– O zaman belə başa düşməliyik ki, İşçi Qrup etimadı doğruldur?

– Bunu Alekcandr Gessel də dedi. Beynəlxalq qurumlar, səfirliklər də bunu deyirlər.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …

Bir cavab yazın