Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / MƏN FAHİŞƏYƏM?!

MƏN FAHİŞƏYƏM?!

Mənim adım nədir?

Nə önəmi var bunun?

Hər kəs bir ad seçib əlbir olaraq: Fahişə!

Onlar üçün mən fahişəyəm! Özüm üçün isə yox!

Qadınlar paxıllıqdan, özlərinə rəqib gördüyündən, yerimdə olmaq istəyib, ola bilmədiyindən, tək yaşaya bilmədiyindən, asılılıqlardan bezdiklərindən qısqanırlar. Qısqanclıq və paxıllıq isə mənə qarşı nifrət hissini oyadır. Çünki kişilər onlardan soyuyur, uzaqlaşır. Mən isə evliləri, subayları, dul qalmışları, boşananları, bütün kişiləri anlamağa çalışıram. Əksər kişilər məni istəyir, guya ki, arzularının qadınıyam. İnanıramsa, elə buradaca daşa dönüm.

Kişilər tək, sərbəst yaşadığımdan, azad və komplekssiz olduğumu görürlər, düşünürlər ki, potensial fahişəyəm, ancaq sevişmək və heyvan kimi məni zorlamaq, əldə etmək, yatağa salmaq olar!

Hər iki cins üçün fahişəyəm.

Uşaqlar üçün onların ailəsinə maneəyəm, probleməm, valideynlərinin dalaşmasının səbəbkarıyam. Məni tanımadıqları halda, uşaqlar belə mənə nifrət edirlər.

Valideynləri, qohum əqrəbaları o qədər məndən danışır ki, adımı çəkmədən, sadəcə söyüşlə, jarqon və kobud, acı sözlərlə, təhqirlərlə dolu sözlərlə, nifrət dolu baxışlarla “Fahişə” qoyublar adımı…

34 yaşım var. Həyatımdakı kişilərin sayını yazmayacağam, etik deyildir. Mənimlə sevişmiş və sevişmək istəyən kişilərdən danışacağam. Cəmiyyətin onlara münasibətindən, cəmiyyətdəki mövqelərindən, düşüncələrindən və mənimlə sevişmək üçün yazdıqları ssenarilərdən. Hər bir kişini psixoloji, ruhi, mənəvi təhlil edəcəyəm. Xarakterik obrazını görəcəksiniz.

Ən azı 50 nəfərlik kişi tipi, kişi obrazı haqqında, onların monoloq və onlarla dialoq, onların xarakteri haqqında, onların özü haqqında yazacağam.

Mənim üçün bir nəticə var. Fahişə mən deyiləm. Fahişə məni fahişə etməyə çalışan və bu adı mənə qoyanlardır. Fahişə o kişilərin məni seçməsinə şərait yaradan qadınlar, cəmiyyət, kişilərdir. Gəldiyim nəticə odur ki, kişilərin çoxusu öz kişiliyi və öz kişilik isbatını ancaq seks və yataqda görür və sevişdiyi qadınların sayı ilə özünü qəhrəman, kişi sayır. Qadınlar isə fahişə adlandırdığı qadını tanımadığı üçün, həyatından xəbərdar olmadığı üçün, onu qınadığı üçün, kişiləri onun üstünə saldğı üçün fahişədir. Qadın qadını anlamadığı, onu ittiham etmədiyi üçün fahişədir.

Hekayəm:

Mən 3 dəfə zorlanmağa cəhd qurbanı olmuşam, 4-cü dəfə zorlanmışam. Olanları unutmaq üçün ilk evlilik təklifini qəbul edib ərə getdim, ölkədən köçdüm, ailə həyatım uğursuz oldu, ayrıldım. Tək yaşamağa, işləməyə başladım.

Ərimin yanında olmadığını, tək yaşadığımı bir, iki nəfər bilirdi, amma necə oldusa, nə hikmətdirsə, qısa zamanda məni tanıyan və tanımayan hər kəs bildi. Təzyiqlər, şəxsi həyata müdaxilələr başlandı. Bir necə cəbhədə vuruşurdum.

İnsan da bu həyata girəndə iki yolu var, ya geri qayıtsın, ya önə gedib, istəsə də, istəməsə də, tək çıxışı olan ölümə doğru gedərək yaşasın, sonra ölsün. Seçim insanın özündədir. Öz həyatını yaşaya biləcək, ya başqasının yeritdiyi və başqalarının istədiyi həyatı yaşayacaq?Özü olacaq, ya başqalarının istədiyi, obrazlaşdırdığı birisi? Əslində, insan çıxılmaz vəziyyətdədir. Qərarlar, seçimlər olsa da, çıxılmazlığın nəticəsidir. Səbəb çıxılmazlıqdır.

Birinci cəbhə: Ümumi ictimai müzakirə və qınaqdır. “Niyə ayrıldın?!”, “Niyə tək yaşayırsan?!” “Ölsən, öldürülsən də, dözməliydin?!”, “Yəqin başqa məşuqu varmış”dan tutmuş, “Ata, anası, qardaşı hara baxır? Niyə icazə veriblər ayrılmağa, niyə yanlarına aparmırlar?!” ifadəsinədək. “Təkrar ərə get, niyə getmirsən, uşağına sahib çıx, uşaq doğ, necə anasan?!” ifadələri də bu qəbildəndir. Elə cəmiyyətdə yaşayırıq ki, ayrılmış qadın, hələ üstəlik işləyib, tək yaşayırsa, evə işdən çıxıb gəlmirsə, dost və rəfiqəsi varsa, dərd çəkmirsə, depressiyaya düşmürsə, həyatına davam edirsə, deməli fahişədir.

İkinci cəbhə: Qonşulardır. “Evə gec gəlir, hansı cəhənnəmdədir, ər, uşaq da yoxdur, avaralanır.”, “Gündə bir maşından düşür, gündə bir kişi ötürür. Fahişə… Qəsdən ayrılıb ki, belə həyat sürsün.”

Son: Onlar üçün fahişəyəm?!

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın