Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Şou Biznes / İşsizlik, insanla dolu çayxanalar, siqaret satan fəhlə və taksi sürücüləri… – Qazaxdan REPORTAJ

İşsizlik, insanla dolu çayxanalar, siqaret satan fəhlə və taksi sürücüləri… – Qazaxdan REPORTAJ

İşsizlik, sosial problemlər Azərbaycanın bütün bölgələrində mövcuddur. Son zamanlar isə bu problemlər, xüsusilə də işsizlik daha da qabarıq şəkildə gün üzünə çıxmağa başladı. Devalvasiyadan sonra ölkədə yaranan iqtisadi böhran, bağlanan xeyli sayda iş yerləri, baş verən bahalaşma müxtəlif rayonlarda etirazlara səbəb oldu. Bəzi bölgələrdə yerli camaat işsizliyə, bahalaşmaya etiraz edərək, aksiyalar keçirdilər. Zaman keçdikcə işsizliyin miqyası genişlənməyə başlayır. 
İşsizlik və sosial problemlərdən əziyyət çəkən bölgələrimizdən biri də Qazaxdır.
Musavat.com-un reportyor qrupu Qazax rayonunda olarkən yerli sakinlərlə söhbət edib, qarşılaşdıqları problemləri dinləməyə, lentə almağa çalışıb.
Qazaxda olarkən əvvəlcə rayon mərkəzindəki çayxanalardan birinə yollandıq. Yuxarıda da qeyd etdiyimiz kimi, rayonda əsas problem işsizlikdir. Elə rayonun mərkəzi küçəsində yerləşən çayxanalar da bu səbəbdən insanlarla doludur. Rayon mərkəzində çayxanalarda çayın qiyməti 50-70 qəpik arasında dəyişir. Burada çayxanalar əsasən odun sobaları ilə qızdırılır, çay odun sobalarında dəmlənir.
Çayxanalardakı odun sobasının tüstüsü rayon mərkəzinin küçələrinə qədər yayılır. Odun sobalarından istifadənin səbəbi bu obyektlərə qaz xəttinin çəkilməsi üçün tələb olunan məbləğin çox olmasıdır. Obyekt sahibləri deyir ki, qaz xəttinin verilişi üçün 4 min manat tələb edirlər. Bu isə 50-70 qəpiyə çay satan obyektlərin sahiblərinə sərf eləmir.
Rayon mərkəzində və kəndlərdə yaşayan sakinlər təxminən saat 11-12 radələrindən sonra çayxanalara axışır. Əsas məşğuliyyətləri kənd təsərrüfatı olan sakinlər işlərini bu saatlaradək yekunlaşdırıb, çayxanalara gəlirlər. Axşama qədər çayxanalarda domino, nərd davam edir.
Rayon sakinlərinin kənd təsərrüfatından əsas qazancı öz tələbatlarını ödəməkdir. Sakinlər təsərrüfatla məşğul olmağın çətin olduğunu deyirlər. Buna görə də əsasən öz təlabatlarını ödəyəcək qədər mal-qara saxlayır, əkinlə məşğul olurlar. Rayon ərazilərində ucsuz-bucaqsız əkin sahələri var. Lakin bu əkin sahələrinin çox az bir hissəsi rayon sakinləri tərəfindən becərilir.
Qazaxda yerli camaatın bir hissəsinin gəlir yeri “Sınıq Körpü” (“Qırmızı Körpü”) sərhəd-keçid məntəqəsidir. Rayon və kənd sakinlər i- kişilər, qadınlar, qocalar gün ərzində “Sınıq Körpü”dən keçirdikləri siqaret, mandarin, spirtli içkiləri satmaqla pul qazanırlar.
Elə çayxanalardan birində yerli sakinlərlə söhbət edərkən onların əksəriyyətinin bir neçə gün fasilələrlə “Sınıq körpü”dən mal gətirdiyini öyrəndik. Əksər vaxtlarda rayon sakinləri keçid məntəqəsində problemlərlə üzləşirlər. Kənd sakinləri deyir ki, onları əsasən Gürcüstan tərəfdə incidirlər, alverlə məşğul olanları isə həm növbələrdə, həm də mal alarkən sıxışdırırlar.
Sakinlərin sözlərinə görə, “Sınıq körpü”dən adambaşına 3 blok siqaret, 3 ədəd spirtli içki və 20 kiloqrama qədər mandarin keçirməyə icazə verilir. Rayon mərkəzində səyyar siqaret satışı ilə məşğul olan xeyli sayda insan görmək mümkündür. Keçid məntəqəsindən müxtəlif yollarla xeyli sayda mal keçirməyi bacaranlar da var. Onlar əsasən əllərində olan malları başqa rayonlara və ya Bakıya gətirirlər.
Rayonun mərkəzi küçəsində, parkın ətrafında gündəlik qazanc üçün işləyən xeyli sayda fəhlə də görmək mümkündür. Onlar arasında əlillər də var. İşsizlikdən əziyyət çəkdiklərini deyən rayon sakinləri çıxış yolunu fəhləlik etməkdə görürlər. Onlar hər gün səhər saatlarında rayon mərkəzinə toplaşırlar. İş tapdıqları halda gündəlik qazancları 7-8 manat olur.
Söhbətləşdiyimiz fəhlələr işsizliklə yanaşı, sosial yardım ala bilmədiklərini deyirlər. Sosial yardımın verilməsi zamanı onlara yaradılan süni problemlərdən narazı olan rayon sakinləri yerli məmurların onları incitməsindən gileylənirlər.
Rayon mərkəzində iş axtaran fəhlələr, taksi sürücüləri belə, siqaret satışı ilə məşğuldurlar. Hər addımbaşı əlində siqaret satan insanlarla rastlaşmaq mümkündür. “Sınıq Körpü”dən keçirilən siqaret və digər məhsullar insanların qazanc yeridir. Ən ucuz siqaretin bir qutusunun qiyməti 1-1.2 manatdır. “Pirveli” və “Astra” rayonda ən çox satılan siqaretdir.
Hər kəsə məlumdur ki, bölgələrdə əsasən məmurlar daha çox diqqəti və vəsaiti rayon mərkəzlərinə ayırırlar. Rayon mərkəzlərində sosial problemlər həll olunur, dövlət büdcəsindən ayrılan vəsaitlər mərkəzdəki abadlıq işlərinə xərclənir. Qazax da həmin bölgələrdən birdir. Rayon mərkəzində yeni tikilən dövlət idarələri, abadlaşdırılan parklar diqqəti çəkir. Rayondan uzaqlaşdıqda isə kəndlərə aparan yollardan artıq sosial problemləri hiss etməyə başlayırsan.
Kənd yollarının əksəriyyəti bərbad vəziyyətdədir. Qarlı və yağışlı vaxtlarda bu yollar kənd sakinləri üçün keçilməz olur. Qazaxda olarkən yolumuz rayonun ən çox sakini olan Daş Salahlı kəndinə də düşdü. Kəndin palçıqlı, çala-çuxurlu yolları ilə irəliləyərək, kənd mərkəzinə çatırıq. Burada xeyli sayda işsiz kəndli ilə rastlaşırıq. Onlar gün ərzində kəndin mərkəzi hissəsində toplaşırlar, söhbət edirlər, axşam isə mal-heyvan çöldən qayıdandan sonra evlərinə dağılışırlar.
Daş Salahlı kəndində əsas problem təbii ki, işsizlikdir. Yerli sakinlər işsizliklə yanaşı, 10 minə yaxın əhalisi olan kəndin yollarının bərbad vəziyyətdə olmasından da şikayətçidirlər. Rayon mərkəzinə diqqət ayrılsa da, Daş Salahlı kəndinin yollarına 10 ildən çoxdur ki, əncam çəkilmir. Sakinlər İcra Hakimiyyətinin problemlərin həllinə göstərdiyi münasibətdən şikayətlənirlər. Narazı sakinlər soyuq havalarda təbii qazın kəsilməsindən də gileylənirlər.
Soyuq və qarlı günlərdə kəndə təbii qaz bir günlük fasilələrlə verilib. Elektrik enerjisinin verilməsindən narazı olmayan kənd sakinlərinin digər bir problemi isə içməli su ilə bağlıdır. Kənd ərazisində olan içməli su yerli camaatın təlabatını ödəmir. Gün ərzində kənd yollarında əllərində içməli su daşıyan qadınları, uşaqları, yaşlıları görmək mümkündür. Rayonun Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli, Abbasbəyli kimi kəndləri də susuzluq və təbii qazın verilişi ilə bağlı problemlərlə üz-üzədir.
Ümumiyyətlə, Qazaxda gördüklərimizdən, müşahidə etdiklərimizdən sonra rayondakı vəziyyəti bir cümlə ilə belə izah edə bilərik: Qazaxlılar işsizlikdən, sosial yardımın verilməməsindən, yolsuzluq və susuzluqdan əziyyət çəkirlər. Musavat.com, Bakı-Qazax-Bakı







Həmçinin oxuyun

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir. Diqqət çəkən …

Bir cavab yazın