Cümə , Dekabr 4 2020
Ana səhifə / Şou Biznes / Aynur Camalqızı: “Qadınlar rəsmi səviyyədə ayrı-seçkiliklə üzləşmir” 

Aynur Camalqızı: “Qadınlar rəsmi səviyyədə ayrı-seçkiliklə üzləşmir” 

Qadın Konsensus Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində növbəti “Azərbaycanda qadınların nüfuzunun artırılması və gender bərabərliyi” mövzusunda dinləmə keçirib.
Teleqraf.com-un xəbərinə görə, dinləmə bu layihə çərçivəsində indiyə qədər keçirilənlər arasında sayca beşincicidir. Bundan başqa, keçirilən dinləmələr “Erkən nikahlar və məişət zorakılığı ilə mübarizə”, “Qadınların siyasi iştirakçılığı”, “Sahibkar qadınlar”, “Qadın mövzusu KİV və sosial mediada” mövzularını əhatə edib.
Keçirilən tədbirlər barədə toplantı iştirakçılarına məlumat verən Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı bildirdi ki, artıq sözügedən layihəyə yekun vurulur. İndiyə qədər keçirilən tədbirlərdə Prezident Aparatı, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Sahibkarların Milli konfederasiyası, Mətbuat Şurası, Milli Məclis üzvləri, ölkədə fəaliyyət göstərən siyasi partiyaların qadın təşkilatlarının üzvləri, qadın ictimai birliklərinin nümayəndələri iştirak ediblər.
“Bu dinləmələr vasitəsilə biz Azərbaycanda qadın mövzusunu müxtəlif aspektlərdən gündəmə gətirmək istədik. Əlbəttə ki, ailə, qadın problemləri kifayət qədər geniş mövzudur və 5 ictimai dinləmə ilə onların hamısını əhatə etmək mümkün deyil. Dinləmələrin konkret mövzulara həsr olunmasına baxmayaraq, hər bir tədbirdə bu çoxsaylı narahatlıqlara müxtəlif prizmalardan yanaşmalar oldu və mövqelər işıqlandırıldı. Biz sahibkar qadınları dinlədik, məişət zorakılığı qurbanı olan qadının həyat hekayəsi və mübarizəsinin şahidi olduq, siyasətdə aktiv olan, millət vəkili seçilən qadınlardan örnək götürdük.”
Aynur Camalqızının sözlərinə görə, dinləmələrdə ortaya çıxan polemika və müzakirələr əsasında Qadın Konsensus Mərkəzi öz tövsiyyələrini hazırlayıb mediaya və müvafiq icra hakimiyyətinə təqdim edəcək. Ümumilikdə, ölkədə gender bərabərliyi sahəsində vəziyyətin qənaətbəxş olduğunu bildirən təşkilat sədrinin sözlərinə görə, Azərbaycanda rəsmi səviyyədə qadınlar hər hansı ayrı-seçkiliklə üzləşmirlər: “Azərbaycanda dövlət vəzifələrində və ictimai işlərdə iştirak edən qadınların sayı durmadan artır. Ölkənin 85 rayonu üzrə icra hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən artaraq 35 faizə qalxıb.”
Bu günlərdə yekunlaşan Milli Məclisə 5-ci çağırış seçkilərindən danışan Aynur Camalqızı qeyd etdi ki, bu sahədə də irəliləyiş olub. İlkin nəticələrə görə, 125 millət vəkilindən 21-i qadındır. Ötən seçkilərdə onların sayı 20 nəfər idi. Ümumiyyətlə, qadın namizədlərin bu seçkidə xüsusi fəallıq göstərdiklərini qeyd edən birlik sədrinin sözlərinə görə, qeydə alınmış namizədlərdən 20 faizi qadın olub. “Qadınlar faiz etibarilə çoxluq təşkil etməsələr də, seçkiqabağı təbliğat işlərini çox aktiv qurdular, bu aktivlik sayəsində də qadınların seçkidə fəal iştirakı diqqətdən kənar qala bilməzdi”.

– See more at: http://teleqraf.com/news/79277#sthash.OI3epEmP.dpuf

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın