Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Referendumdan sonra nə olacaq?- inqilabi iqtisadi və siyasi proqram hazırdır

Referendumdan sonra nə olacaq?- inqilabi iqtisadi və siyasi proqram hazırdır

Payız Azərbaycana böyük sürprizlər vəd edir; ABŞ-ın “McKinsey & Company” şirkəti ilə iqtisadiyyatın bütün sahələrinə aid olan birgə proqram yekunlaşmaqdadır ki, bu da hakimiyyəti yaxın 10 ildə rahatlada biləcək geniş islahatlara təkan verəcək; vitse-prezidentlik institutunun əsas vəzifəsi məhz bu islahatların aparılmasına nəzarəti həyata keçirəcək; ölkədəki siyasi münasibətlər sistemində köhnəlmiş metodologiya aradan qaldırılacaq, müxalifətin fəaliyyəti üçün dar meydan genişləndiriləcək…

Dünyadakı iqtisadi böhran, neftin qiymətinin kəskin düşməsi ilə  Azərbaycanda başlanmış, lakin görüntülərə görə, pauzada olan islahatlar əslində  özünün həlledici mərhələsinə yaxınlaşır.  

İqtisadiyyatın liberallaşması istiqamətində son il yarımda prezident İlham Əliyevin imzaladığı sərəncamlar, büdcənin qeyri-neft sektorunun inkişafından əldə edilən gəlirlərlə formalaşması strategiyası, gömrükdə və vergi sistemində inqilabi dəyişiklikləri özündə ehtiva edən qanunların qəbulu, iqtisadi azad zonaların yaradılması, tədricən ölkənin əsas strukturlarının “ASAN-xidmət” modelinə keçirilməsi davam etməkdədir. 

Azərbaycan iqtisadiyyatının neftdən qeyri-neft sektoruna keçirilməsinin çətinliklərini  əlbəttə ki, xalq hiss etməkdədir və bunu iqtidar təmsilçiləri də etiraf edirlər. Amma onu da unutmaq lazım deyil ki, neftdən asılı bir sıra ölkələrdə (bu, xüsusilə əhalisi az qala xarici yardımlarla dolanmağa möhtac qalan Cənubi Amerika ölkələrinə aiddir) iqtisadi böhranlar xalqı küçələrdə hakimiyyət əleyhinə aksiyalara məcbur edib. Bir vaxtlar neftin dünya bazarında satış qiymətinə arxalanıb Amerikaya belə meydan oxuyan Venesuelanın indi xaricdən hətta ərzaq yardımlarına möhtac qalmasını da unutmamalıyıq.

Azərbaycan hakimiyyəti neftin qiymətinin kəskin ucuzlaşması  ilə yaranmış vəziyyətdən seytnota düşmədi, əksinə məhz prezident İlham Əliyevin vəziyyəti düzgün və vaxtında qiymətləndirməsi, Nazirlər Kabinetinin toplantılarında sərt xəbərdarlıqları nəticəsində “mürgüləmiş və arxayınlaşmış” komanda yeni dövrə kökləndi. İqtisadi islahatlara əngəl olan, sahibkarları soyan ən odioz nazir komandadan uzaqlaşdırıldı, xanimanı dağıdıldı. Bunların sırasında ölkədə korrupsiyaya qarşı mübarizə də var ki, bunun nəticələrini ilk növbədə sahibkarlar hiss etdi.

Prezident yaranmış situasiyaya  adekvat olan üç mühüm  məsələni qəti qoydu: siyasi iradə, islahatlar proqramı, islahatçı komanda. Prezidentin son aylar etdiyi bütün çıxışlarda  ölkənin böhranın öhdəsindən gələcəyinə əminliyini inamla  vurğulaması, hətta xarici borclanmaya belə ehtiyacın olmadığını deməsi əlbəttə ki, siyasi iradənin real nəticələrindən doğur. Hətta iqtidarın tənqidçiləri olan iqtisadçılar belə etiraf edirlər ki, Azərbaycan iqtisadiyyatı artıq çətin dövrdən çıxmaq yolundadır. 

Prezidentin iqtisadi proqramlar paketi əslində Azərbaycanın yeni inkişaf modelidir. Uzun illər həm yerli sahibkarların, həm xarici investorların  yolunda ciddi əngəl olan gömrükdəki dəyişikliklər, ölkənin kənd təsərrüfatı potensialının yüksəldilməsi-neftin unutdurduğu üzümçülük, tütünçülük  və pambıqçılıq kimi sahələrin yenidən inkişaf etdirilməsi üçün atılan addımlar xüsusilə qeyd edilməlidir. Oliqarxların işğal etdiyi yararlı torpaqların yenidən əkin-biçin üçün kəndliyə qaytarılması prosesi də davam edir. Prezidentin bu sahədə qətiyyəti, torpaq islahatlarına dəstəyinin ifadəsi kimi  ötən həftə özünün şəxsən pambıq tarlasına getməsi də yalnız sıradan bir səfər proqramı kimi dəyərləndirilməməlidir. İlham Əliyev, dəfələrlə qeyd etdiyimiz kimi, bu çətin iqtisadi dövrdə Azərbaycanla bərabər, həm də bütün komandanın xilası üçün çalışır.

***

Məlumatlara  görə, iqtisadiyyatın bütün sahələrinə aid olan daha geniş proqram yekunlaşmaqdadır ki, bu da Azərbaycan hakimiyyətini yaxın 10 ildə rahatlada biləcək geniş islahatlara təkan verəcək. Xəbərlərdə deyilir ki, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirovun kurasiya etdiyi  islahatlar üzrə proqram xarici mütəxəssislərin köməyi ilə hazırlanmaqdadır.  Bu, Amerikanın menecment və konsaltinq xidmətləri göstərən “McKinsey & Company” şirkətidir.  

“McKinsey & Company” bundan öncə də Azərbaycanda Dünya Bankı ilə birlikdə informasiya və kommunikasiya texnologiyalarının qiymətləndirilməsini aparıb. Məlumatda deyilir ki, “McKinsey & Company” iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi iqtisadi komanda üzvləri ilə birgə ölkə iqtisadiyyatının 2025-ci ilə qədər və sonrakı illər üçün “yol xəritəsi”nin işlənməsinə cəlb edilib. Bu barədə bir müddət əvvəl nüfuzlu “Financial Times” da yazıb.

“İlham Əliyev bu çətin iqtisadi dövrdə Azərbaycanla bərabər, həm də bütün komandanın xilası üçün çalışır”

***

Qeyd edək ki, bu tipli xəbərlər yeni deyil. Bir müddət əvvəl də kuluarlarda Azərbaycan iqtisadiyyatının  Sinqapur, Polşa və Pribaltika ölkələri  modellərinə uyğunlaşdırılmasının öyrənilməsi barədə danışılırdı. Məlumatlı mənbəmizin  dediyinə görə, hakimiyyət dünya təcrübəsini öyrənsə də, yeni iqtisadi islahatlar paketi Azərbaycan reallığına tam uyğunlaşdırılır, risklər nəzərə alınır, hər bir bənd prezidentlə razılaşdırılır. Bu islahatlar paketində xüsusilə rayonların iqtisadi  vəziyyəti və potensialı ciddi şəkildə öyrənilib, Azərbaycanın təkcə özünü ümumdaxili məhsulla təmin etməsi deyil, regionda əsas ixracatçı ölkəyə çevrilməsi hədəflənir. Bunun üçün isə daha vacib şərt siyasi islahatlardır ki, bununla bağlı da hakimiyyət ciddi hazırlıq içərisindədir. 

***

“Yeni Müsavat”a çatan məlumatlara görə, ilk növbədə qanunların icrasına nəzarət edəcək mərkəzi hakimiyyəti möhkəmlətmək nəzərdə tutulur ki, bu da konstitusiya dəyişikliklərində öz əksini tapıb. Bildirilir ki, referendumdan sonra yaradılacaq  vitse-prezidentlik institutunun əsas vəzifələrindən biri məhz bu islahatların aparılmasına nəzarəti həyata keçirəcək.

Yəni 1-ci vitse-prezident əsas etibarilə iqtisadi komandanı kurasiya etməklə, islahatların həyata keçirilməsinə təhkim olacaq. Diqqət etsək, dövlət başçısı son çıxışlarında bütün sahələrdə islahatların dərinləşmə zərurətini  qeyd edərək, şəffaflığın təmin edilməsinə  nəzarətin daha da gücləndirilməli olduğunu vurğulayır. Vitse-prezidentlik postlarının yaradılması klassik mənada prezidentin səlahiyyətlərinin bölgüsü kimi deyil, komandanın çətin dövrdə məsuliyyətinin daha da artırılması kimi izah oluna bilər. Nazirlər Kabinetinin  iqtisadiyyatın  bütün sahələrini əhatə edəcək geniş proqramı həyata keçirmək gücündə olmadığını iqtidar təmsilçiləri də, deputatlar da dilə gətirirlər.

Vitse-prezidentlik institutunun yaradılmasının daha bir səbəbi də siyasi islahatların həyata keçirilməsinə nəzarət mexanizminin gücləndirilməsidir. Vitse-prezidentlərdən birinin də məhz siyasi islahatların kurasiyasına cavabdeh olacağı gözlənilir. 

Bu da daha geniş bir sahədə-xüsusilə iqtisadi islahatların əngəllənməsinə şərait yaradan qanunların, nazirliklərin qanunsuz müdaxilələrinin, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsini əhatə edir. Ölkədəki siyasi münasibətlər sistemində köhnəlmiş metodologiya siyasi islahatlar sayəsində aradan qaldırılmalı, müxalifətin fəaliyyəti üçün dar meydan genişləndirilməlidir. Təsadüfi deyil ki, referendumdan sonra Milli Məclisə yeni seçkilərin keçirilməsi barədə məlumatlar son günlər daha da intensivləşib.

Azərbaycan hakimiyyəti yaxşı anlayır ki, ölkəmizin daxil olduğu regiondakı gərgin siyasi vəziyyət tezliklə aradan qalxmayacaq, Qərbin “daxili məsələlərə” müdaxilə imkanları artacaq. İqtisadiyyatı yeni hamar inkişaf modelinə çıxarmaq  üçün isə Azərbaycanın daxilində siyasi münasibətlərdə yumşalma gərəkdir. Mümkündür ki, məhz yeni parlamentin formalaşmasında 2010-cu ildəki israr aradan qaldırılsın, ənənəvi müxalifətə sözünü demək üçün meydan verilsin.

***

Nəhayət, iqtisadi və siyasi islahatlar üçün mühüm olan yeni komanda haqda. Referendumdan sonra Nazirlər Kabinetinin buraxılması haqda danışılsa da, bəzi ekspertlər bunu real hesab etmirlər. Amma böyük ehtimalla artıq sentyabrdan sonra bir sıra rəhbər şəxslərin komandadan uzaqlaşdırılacağı qaçılmaz olacaq. Əvvəla, mərkəzi hakimiyyətdə vitse-prezidentlik institutu yaradılmaqla bəzi “köhnə”lərlə  vidalaşmaq lazım gələcək. Mümkündür ki, bir sıra komitə və üç-dörd nazirlik, ümumiyyətlə, ləğv olunsun və ya birləşdirilsin. Bu dalğada isə əsasən işinin öhdəsindən gələ bilməyən nazirlər   görəvdən uzaqlaşdırılacaqlar.

Payız Azərbaycana böyük sürprizlər və dəyişikliklər vəd edir…

musavat.com

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın