Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / Obamanın Əliyevə şifrəli mesajı – “Arxandayıq”

Obamanın Əliyevə şifrəli mesajı – “Arxandayıq”

Azərbaycan prezidentinin Amerikaya səfəri, ABŞ prezidenti, dövlət katibi ilə görüşüb şəkil çəkdirməsi çox müsbət haldı. İ.Əliyev Vaşinqtona getmədən öncə xeyli siyasi məhbusu azad etdi. Bir neçəsinin də azad ediləcəyi gözlənilir. İdarəçilikdə, siyasi münasibətlərdə yumşalmanın olacağı, daxili siyasət kursunun dəyişəcəyi, “idarəolunan demokratiya” modelinə keçiləcəyi iddia olunur. Bütün bunlar Qərblə Azərbaycan iqtidarının yenidən anlaşmasının əlamətləridir və müsbət tendensiyalardı. 
Sosial şəbəkələrə transfer edən müxalifət indiyədək tələb edirdi ki, hakimiyyət ABŞ-la yaxınlaşsın, Qərb yönümlü siyasi xəttə qayıtsın, Rusiyaya qucaq aşmasın… Baxın, sizin dedikləriniz olur, indi nədən narahat və narazısınız?! İqtidar təmsilçiləri Rusiyaya gedəndə, Putinlə, Lavrovla görüşəndə bəyanat verirsiniz ki, Azərbaycan totalitar rejimlərlə yaxınlaşır. İndi dövlət başçısı dünyanın demokratiya beşiyi adlandırılan bir paytaxtdadır. Orda görüşlər keçirir, həmin görüşlərdən məlumatlar, fotolar yayılır.
Müxalifətin AXCP və Milli Şura qanadını anlayırıq. Bu səfər onların indiyədək apardığı təbliğatı darmadağın etdi. Əli Kərimli, müavinləri, Milli Şuradakı ortaqları Qərbin Azərbaycan hakimiyyətinə qarşı sərt tədbirlərə əl atacağını, sanksiyalar tətbiq edəcəyini yazırdı, söyləyirdi. İlham Əliyevin Vaşinqtona son səfəri Kərimlinin gözləntilərini və təbliğat sistemini iflic edib. Təsəvvür edin, İ.Əliyev Vaşinqtonda ABŞ prezidenti səviyyəsində qəbul olunur, AXCP-nin qəzeti yazır ki, İlham Əliyev çıxılmaz vəziyyətə düşüb. Bu, təkcə qərəz deyil, həm də siyasi səbatsızlıqdı, qərəzdi, dünyada və ölkəmizdə gedən proseslərə göz qapatmaq, başını quma soxmaqdı.
Azərbaycan hakimiyyəti illər sonra Qərblə ciddi anlaşma içərisindədir. Tərəflər insan haqları, siyasi məhbus problemi də daxil olmaqla, xeyli sahədə anlaşma əldə edib. Yuxarıda da yazdığımız kimi, bunun ilkin nəticələri var – 16 siyasi məhbus zindandan buraxılıb. Bu məhbuslar məhz ABŞ-la Azərbaycan arasındakı razılaşmanın nəticəsində azadlıqdadırlar. Təzyiqdən söhbət gedə bilməz. Ötən ilin dekabrında rəsmi Bakıyla təzyiq və təhdid dilində danışıldı, nəticədə hətta bir siyasi məhbus da dekabr əfvinə düşmədi. Bu dəfə Qərb bu məqamı nəzərə alıb “yumşaq güc”dən istifadə etməklə siyasi məhbus problemində ciddi irəliləyişə nail oldu.
Virtuala köç etmiş müxalifətin təbliğat və əks təbliğat metodları Az.TV stilindən kənara çıxmır. İnkarçılıq, görməzdən gəlmə, xırda məsələləri şişirtmək, ciddi proseslərə balaca gözlükdən baxmaq hər iki düşərgənin mediasının əl çəkə bilmədiyi metoddur.
Azərbaycan iqtidarının ABŞ-la yaxınlaşması, anlaşması həm də Azərbaycanın şansını artırır. Ölkəmizdə demokratiyanın gəlişməsini şərtləndirir. Buna sevinmək lazımdı – qıcıqlanmaq, əsəbiləşmək yox. Bu proses həm də müxalifətin perspektivinə işləyir. Bu düşərgənin siyasi səhnədəki rolunu artıra bilər.
Müxalifət İlham Əliyevin Vaşinqton səfəri ilə bağlı heç bir təbliğat qura bilmir. Çünki ortada fakt var – Barak Obama əlini Azərbaycan prezidentinin kürəyinə qoyub onunla şəkil çəkdirib. Bu, həm də ABŞ prezidentinin, Ağ Ev administrasiyanın mesajı da sayıla bilər – “arxandayıq, Rusiyaya qarşı dirənə bilərsən”… 
Müxalifət ABŞ prezidenti ilə görüşə bilmir, bu, bəllidir. Kerri ilə də kontakt mümkün deyil, anlayırıq. Heç olmaya çalışıb ABŞ-dan ölkəmizə gələn orta və kiçik ranqlı diplomatlarla görüşsünlər. Onlarla şəkil çəkdirib facebookda yaysınlar. Bunu bacarmadan İlham Əliyevin Obama ilə görüşünə “ilişmək” heç də uğurlu siyasi texnologiya sayılmaz.
Sayılanlardan olun…
 

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət …

Bir cavab yazın