Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Sosial / Cərimələrin artırılmasına fərqli reaksiyalar

Cərimələrin artırılmasına fərqli reaksiyalar

İlyas İsmayılov: “Həm insanları qorxutmaq, həm də büdcəni doldurmaq istəyirlər”; Zahid Oruc: “Hökumətin büdcəni doldurmasını demək çox yanlışdır”
Azərbaycanda bir sıra sahələrdə qanunlar sərtləşdirilib. Artıq həyata keçirilən cərimələrlə bağlı cəmiyyət tərəfindən reaksiyalar gəlməkdədir. Qərarlara münasibət birmənalı deyil. Hökumətin addımlarını dəstəkləyənlər də var, əleyhinə çıxanlar da. Amma qərarları tənqid edənlər çoxluq təşkil edirlər. Buna səbəb də cərimələrin artırılmasının daha çox orta təbəqəyə təsir edəcəyidir.

Ədalət Partiyasının sədri İlyas İsmayılov AzadlıqRadiosuna müsahibəsində bu məsələyə toxunub. Sabiq deputat bu cür qərarların qəbul edilməsini doğru saymır: “Cərimələrin bu qədər artırılmasının əleyhinəyəm. Düşünürəm ki, qanunvericilik fəaliyyəti hüquqi dövlət konsepsiyası əsasında olmalıdır. Cərimələri artırmaqla yox, icazə metodu ilə məsələlər tənzimlənməlidir. İçkili vəziyyətdə avtomobil idarə etməyə görə cərimənin artırılmasını düzgün sayıram. Ancaq yanğınsöndürmə cihazı olmadığına görə sürücüyə 50 manat cərimə yazmaq düzgün deyil. Həm insanları qorxutmaq, həm də bununla büdcəni doldurmaq istəyirlər. Ancaq xalqın vəziyyəti çox ağırdır. Ölkədə gündə bir neçə ağır intihar hadisəsi olur. Həm yaşlı, həm cavan, həm qadın, həm də uşaq intihara əl atır. Kimi borcuna görə, kimi də başqa problemlərə görə. Bu cərimələr vəziyyəti bir qədər də ağırlaşdıra bilər”.

İqtidaryönlü deputat Zahid Oruc “Yeni Müsavat” a açıqlamasında səslənən bu cür fikirlərin doğru olmadığını qeyd etdi: “Bundan əvvəlki dövrdə də qanunvericiliyə bir sıra dəyişikliklər olub. Bəzi sahələrdə artırılan cərimələr cəmiyyətin diqqətini o qədər də çəkmirdi. Etiraf etmək lazımdır ki, son dövrlərdə neftin qiymətinin aşağı düşməsi insanlarda müəyyən qorxular yaradıb. Amma düşünmək lazımdır ki, hazırda gündəmə gələn vergi növlərinin çoxu əvvəllər də olub. Mənzillərdə yaranan səs-küyə görə cərimələrin artırılması ilə hökumətin büdcəni doldurmasını demək çox yanlışdır. Cəmiyyət tərəfindən də kimsə o cərimələrlə üzləşənə qədər həmin cərimələri zəruri sayır. Nədənsə olan narazılığını başqa hadisələrin fonunda, cəmiyyətin dili ilə izah etməyə cəhd etmək düşünürəm ki, doğru deyil. Hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Qanun doğma deyil, ona qarşı çox fikirlər olacaq. Qəbul edilən qərarların əleyhinə çıxmaq populyarlıq deyil”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bildirdi ki, cərimələr yolu ilə büdcə doldurmaq mümkün deyil: “Cərimələrin miqdarı, eləcə də, hər gün cərimələr olsa belə, büdcəni doldurmaq mümkün deyil. Büdcənin həcmi məlumdur. Cərimələr daha çox insanları qanuna əməl etməyə çağırır. Bir dəfə Milli Məclisdə deputatın biri dedi ki, bu cərimələr insanların cibinə görə deyil. Qeyd edim ki, cərimə cibə görə olmamalıdır. Çünki belə olarsa, pulunu verib daim qaydanı pozar. Cərimə elə həcmdə olmalıdır ki, insanlar alternativ yolun olmadığını qəbul etsinlər. Açığı, cərimələrin artırılmasının tərəfdarıyam. Amma deyim ki, bəzi sahələr var, orada cərimələrin artırılmasına ehtiyac yoxdur. Sərxoş halda avtomobili idarə etməklə bağlı cərimədə nə problem var ki? İçməsin, cərimə də olunmasın. Deyilən əksər tənqidi fikirlərlə razılaşmıram. Cərimələr müəyyən qədər artırılmalıdır ki, insanlar da əməl etsinlər. Hər kəs qanuna əməl etməlidir”.

Həmçinin oxuyun

Nazirlik qazi Kənanı nəzarətə götürdü, anası işlə təmin edildi

Qələbəmizin qəhrəmanlarından hər hansı birinin çətinliyinin olduğunu öyrəndikdə elə həmin gün onun yanında olur və …

Bir cavab yazın