Cümə , Sentyabr 20 2019
Ana səhifə / Sosial / “Əlimdə MTN-nin mənə ünvanladığı sənəd var…”

“Əlimdə MTN-nin mənə ünvanladığı sənəd var…”

Bakı Dövlət Universitetinin kafedra müdiri, sabiq millət vəkili Rəbiyyət Aslanova Moderator.az-ın suallarını cavablandırıb.

– Rəbiyyət xanım, siyasi arenadan uzaqlığınız özünü çox tez büruzə verdi. Heç iki-üç ay olmaz ki, gözdən uzaqsınız, ancaq sanki uzun zamandır sizi görmürük. İndi haralardasınız, nə işlə məşğulsunuz, elmi fəaliyyətinizi davam etdirirsinizmi?

– Uzun illərdir müəlliməm, Bakı Dövlət Universitetində (BDU) dərs deyirəm. 1968-ci ildə BDU-ya daxil olduğum vaxtdan bu günə qədər bu gözəl tədris ocağından heç vaxt ayrılmamışam. Milli Məclisdə fəaliyyətimə xitam verildikdən sonra yenə də öz kafedrama döndüm. “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasının müdiriyəm, elmi tədqiqatlarımı davam etdirirəm, tədrislə məşğulam, yeni kitablar üzərində çalışıram. Bir sözlə, mənim üçün xoş olan gözəl bir mühitdə, gözəl məkanda varam və fəaliyyətimi davam etdirirəm.

– Ömrünün bir hissəsini siyasətə həsr etmiş bir xanım olaraq ölkəmizin hazırkı durumunu necə qiymətləndirisiniz? Qeyd etdiniz ki, hazırda sizə xoş olan gözəl bir mühitdəsiniz, respublikamızdakı hazırkı siyasi və iqtisadi atmosferi də belə dəyərləndirmək olarmı?

– İlk növbədə onu demək lazımdır ki, Azərbaycan dünyada baş verən böyük dəyişikliklər fonunda öz dayanıqlı inkişafını qoruyub saxlayan güclü, qüdrətli bir dövlət kimi var olub və olacaq. Bunu adi bir müqayisədə də görmək olur. Hazırda dünyada çox ciddi proseslər baş verir. Artıq XXI əsrin üçüncü onilliyinə yaxınlaşırıq və dünyadakı iqtisadi, sosial, mədəni transformasiyalar heç bir ölkədən yan keçmədi. Bu gün həqiqətən də dünyada baş verən bu dəyişikliklər fonunda Azərbaycan adlı bir məmləkət, çox da böyük olmayan bir dövlət əgər öz daxili sabitliyini qoruyub saxlayırsa, iqtisadi inkişafının davamlı olması üçün ciddi islahatlara getmək qətiyyətindədirsə, ölkə daxilində, insanlar arasında birgə yaşayış prinsipinin qorunması istiqamətində çox ciddi addımlar atılırsa, bu o deməkdir ki, dövlət-vətəndaş münasibətləri yenə də yüksələn xətt üzrə inkişaf edir. İstər hər hansı bir fərd olaraq insanın, istərsə də cəmiyyətin həyatında eniş və yüksəliş mərhələləri olur. Bir millətin gücü, qüdrəti, varlığı da həmin müqavimətləri, çətinlikləri dəf etməyindədir. Əgər dövlət-xalq birliyi varsa, onlar da qarşılaşdıqları çətinliyi bir dəf edəcəksə və edirsə bu dövlətin, bu millətin sözsüz ki, gələcəyi var və olacaqdır. Heç bir xalq, heç bir millət bu çətinliklər olmadan növbəti mərhələyə addımlaya bilməz. XXI əsrin ikinci onilliyinin sonunda baş verən bu transformasiyalar adi dəyişikliklər deyil. Dünyada maliyyə, iqtisadi böhranın fonunda həm də güclü bir düşüncə böhranı baş verir. Bunu düşünmək lazımdır və bütün bu böhranlardan ölkəni, Azərbaycan vətəndaşını qorumaq, böhran çətinliyindən, yaxud da böhran təhlükəsindən qoruyaraq sabaha inamını, ümidini ona verən dövlət başçısının hər görüşündə, çıxışında biz bunu hiss edirik. Bir neçə həftə bundan əvvəl hansısa təhlükə yaşayan, maliyyə infilyasiyası qarşısında, müəyyən qədər qorxu yaşayan Azərbaycan vətəndaşı çox az müddətdə, bir neçə günün içərisində möhtərəm dövlət başçımızın, İlham Əliyev cənablarının qətiyyəti nəticəsində rahatlıq, əmin-amanlıq hissini yaşadı. Bir daha hər bir Azərbaycan vətəndaşı çox gözəl anladı ki, onu, sabahını, iqtisadi rifahını düşünən, ərzaq təhlükəsizliyinin təmin edilməsi yönümündə çox ciddi addımlar atan dövlət başçısı var və bu da çox önəmlidir. Bir ölkənin vətəndaşı duyanda ki, onu düşünən, bütün problemlərini çox gözəl bilərək, onu çətinliklər qarşısında tək qoymayan dövləti, dövlət başçısı və buna yönəlmiş güclü siyasət varsa əlbəttə ki, bu çətinlikdən qorxmaq lazım deyil.

– Cavabınızdan aydın görünür ki, siyasətdən uzaqlaşsanız da ölkədəki siyasi durumlara biganə deyilsiniz, baş verənləri analiz edirsiniz. O üzdən İstərdim ki, Avropa Şurasının Azərbaycana qarşı son mövqeyi ilə, AŞPA-da son baş verənlərlə bağlı fikrinizi bildirəsiniz.

– Sözsüz ki, mən bu gün beynəlxalq təşkilatlarda gedən prosesləri çox diqqətlə izləyirəm. Məsuliyyət hiss edən hər bir Azərbaycan vətəndaşı vətəndaşlıq məsuliyyətini ortaya qoymalıdır, mən də bunu çox diqqətlə izləyirəm, xüsusən də Avropa Şurasında baş verən hadisələri. Məsələ burasındadır ki, mən Milli Məclisdə olarkən Azərbaycanın ATƏT-dəki nümayəndə heyətinin üzvü olaraq beynəlxalq təşkilatları və baş verən prosesləri də çox gözəl görürdüm. Ümumiyyətlə bu gün mövcud olan beynəlxalq təşkilatlar və onların dünya nizamında oynadıqları rol olduqca ziddiyyətlidir. Baxmayaraq ki, bu təşkilatların bayraqlarında bərabərlik, əməkdaşlıq, təhlükəsizlik şuarları yazılıb, ancaq çox təəssüf ki, bunların heç biri gerçəklikdə özünü doğrultmur. Bu beynəlxalq təşkilatlar yarandıqları zaman rəhbər tutduqları prinsiplərdən uzaqlaşmasaydılar, bu gün dünyada bu qədər konfliktlər baş verməzdi, bu qədər tənzimlənməyən miqrant axını olmazdı, istər Avropanın, istərsə də difər regionların qarşılaşdıqları digər ziddiyyətlər və konfliktlər baş verməzdi. Bütün bunlar onun göstəricisidir ki, həmin beynəlxalq təşkilatlar öz missiyalarını doğru-düzgün yerinə yetirmir. Və yaxud da ilk prinsiplərə, yarandıqları zaman rəhbər tutduqları prinsiplərdən çox-çox uzaqlaşıblar.

Avropa Şurasının Azərbaycana olan ziddiyyətli mövqeyinə gəldikdə isə bu həmişə olub, yəni istər Avropa Şurası, istərsə də ATƏT Qərb yönümlü təşkilatlardır və hər zaman da Qərbin maraqlarını, siyasətini davam etdirən, onu müdafiə edirlər. Bəzən biz bunlara həddindən çox ümid edirik, onların obyektivliyinə, ədalətliyinə inanmağa çalışırıq. Ancaq dəfələrlə rastlaşmışıq ki, bizim problemlər bu ölkələr üçün Avropa Şurasına, ATƏT-ə sonradan üzv olan dövlətlərə münasibət, klassik Avropa dövlətlərinə, yəni ki, onun yaradıcılarına olan münasibətdən qat-qat fərqlidir. Bizim problemlərimiz, məsələn, donmuş konfliktlər, Dağlıq Qarabağ probleminə olan münasibətdə nə qədər laqeyddirlər. İstər ATƏT-in, istərsə də Avropa Şurasının və yaxud bu yaxınlarda qətnamələrin qəbul edilməsi, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən nümayəndə heyətlərinin oradakı sayının azlığı. Bu bir daha onu göstərir ki, onların öz maraqları hər şeydən üstündür, həmin beynəlxalq təşkilatlar üçün həmişə biz və onlar prinsipi olub. Ancaq yenə də biz onlardan imtina etmirik və imtina etməyəcəyik, çünki bu beynəlxalq təşkilatlar Azərbaycanın haqq sözünü deməsi üçün, ədalət axtarışını davam etdirməsi üçün bir tribunadır. Bizim orada olan nümayəndə heyətlərimizin hər biri çox böyük fədakarlıqla çıxışlar edərək Azərbaycanın qarşılaşdığı problemləri, qaçqın və köçkünlərimizin problemlərini, beynəlxalq ictimaiyyətə çatdırırlar. Hazırda onlar Avropa Şurasındadırlar və mən onlara uğurlar arzulayıram, hər birinin çıxışında Avropa Şurasının fəaliyyətsizliyinə qarşı çevrilmiş çox ciddi çağırışlar var. İnanıram ki, Avropa Şurasının strukturunda da onlara qarşı yönəlmiş çağırışlara heç olmazsa cavab vermək qətiyyəti tapılacaq.

– Az öncə Rusiya tərəfindən belə bir fikir səslənirdi ki, Ermənistanla yeddi rayonun Azərbaycana qaytarılması haqqında razılıq əldə olunub və hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov bununla bağlı Emənistana səfər də etmişdi. İnsanlarımızın Qarabağ probleminin tezliklə həll olunacağı ilə bağlı ümidləri artmışdı. Ancaq iki gün öncə Lavrov belə bir planın olmadığını bəyan etdi. Həm Lavrovun bu bəyanatı, həm də dünyanı cənginə almış böhran Qarabağ düyününün tezlikcə çözüləcəyi ehtimalının az olması qənaəti formalaşdırır.

– Qarabağ düyünü o qədər də tez açıla biləcək məsələ deyil. Qarabağ probleminin həllində ədalətsiz mövqe tutan, ədalətsiz pozisiyada olan dövlətlər var. Bilirsiniz ki, həmsədr dövlətlər bu məsuliyyətdən qaçmağa çalışır və təsadüfi deyil ki, möhtərəm dövlət başçımız dəfələrlə bunu qeyd edib, dəfələrlə göstərib ki, bu görüşlər, hətta onların Azərbaycana səfərləri belə formal xarakter daşıyır. 1992-ci ildən, Minsk Qrupunun yarandığı zamandan bu günə qədər onlar öz üzərlərinə düşən missiyanı yerinə yetirmək istəmirlər. Halbuki başqa problemlərin həllində həmin dövlətlər olduqca aktivdirlər, istər Ukrayna, istər Krım, istərsə də Kosova məsələsində bu problemləri çox tezliklə həll etdilər. Amma Qarabağ problemi çox çətin bir problemdir. Azərbaycan xalqı, dövləti yalnız özünə inanaraq, öz gücünə, qüdrətinə inanaraq bu problemi həll edəcək. Mən Lavrovun və yaxud siyasətçilərin söylədiyi hansısa bir fikrə optimistcəsinə baxmıram. Çünki onların bu məsələdə ilk növbədə öz maraqları var və bu maraqlardan da çıxış edərək Dağlıq Qarabağ problemini arxa plana keçirmək onlar üçün adi məsələ deyil. Uzun müddət bu siyasəti müşahidə edərək bu nəticəyə gəlmək olur ki, Çorçilin söylədiyi kimi “Əbədi dostlar, əbədi düşmənlər yoxdur, əbədi maraqlar ifadəsi var”. Əlbəttə ki, hətta Azərbaycana özünü dost kimi qələmə vermək istəyən və yaxud bu rakursdan çıxış edən ölkələr belə Azərbaycanın haqq işində onunla birgə deyillər. Və dövlət başçımızın apardığı bu qədər məqsədyönlü, balanslaşdırılmış siyasət hələ bəlkə də onların Azərbaycana qarşı çevrilmiş, istəmədiyimiz məqamlardan bizi xilas edir. Bəlkə də bu siyasət olmasaydı həmin dövlətlər Azərbaycana qarşı çox tətbiqlərdə bulunardılar. Məhz dövlət başçımızın apardığı siyasət nəticəsində biz ən çətin məqamlardan, bizə qarşı çevrilmiş təhdidlərdən qurtuluruq. Bu özü çox önəmlidir. Bu gün dünyanın siyasi xəritəsinə baxanda nə böyük çətinliklər hesabına dost əldə etdiyimizi görürük. Azərbaycanın strateji mövqeyi, resursları, Azərbaycanın çoxlarının xoşuna gəlməyən qüvvətlənməsi, daxilində olan sabitlik, güclü ordusu, get-gedə qətiyyətlə öz problemlərini həll etmək iqtidarına yaxınlaşması əlbəttə ki, çoxlarının xoşuna gəlmir, istər Qərbin, istərsə də Şərqin. Lavrov xarici işlər naziri olsa da konkret heç bir söz söyləmir və söyləməz də, buna optimist, ümidverici münasibət göstərmək də düzgün deyil.

– Azərbaycanda insan haqlarının hazırkı durumu müəyyən təşkilatlar tərəfindən müzakirəyə çıxarılır və bu barədə müxtəlif fikirlər səsləndirilir. Siz ölkəmizdəki insan haqları ilə bağlı mövcud durumu hansı aspektdən analiz edirsiniz, necə qiymətləndirisiniz?

– Bu gün Azərbaycanda insan haqlarının qorunması ilə və yaxud da insan haqları sferasında olan hansısa bir nöqsanla əlaqədar Azərbaycana yönəlmiş hesabatları oxuyanda gözümün qarşısına suda boğulan o 3 yaşlı körpə, o miqrant axını gəlir. Bu gün dünyada insanın yaşamaq kimi hüququnu əlindən alan o super dövlətlər, yaxın Şərqdə baş verən faciələrin günahkarları olan dövlətlər və onların ruporları olan həmin o təşkilatlar nə gözəl olardı ki, həmin faciələrdən, etnik dini konfliktlər nəticəsində məhv olan, yerini, yurdunu itirmiş qaçqınlar haqqında yazaydılar. Azərbaycanda insan haqlarının qorunması haqqında yazarkən bir məsələyə önəm vermək lazımdır ki, Azərbaycanda öz yerini, yurdunu itirmiş milyon yarıma qədər insan var. Azərbaycanda öz vətənini görməyən, öz vətənində doğulmayan kəlbəcərli, zəngilanlı, şuşalı və sairə var. Bu insanların öz vətənlərində təhlükəsiz yaşamaq hüquqları əllərindən alınıb. Bu gün Dilqəmlə Şahbazın öz torpaqlarına gedib yaxınlarının məzarını ziyarət edə bilmək, azad hərəkət etmək hüququ pozulub, bütün bunlar haqqında yazmaq lazımdır. Azərbaycan cəmiyyətində insan hüquqlarının qorunması üçün ciddi qanunlar, sənədlər, onları gerçəkləşdirən qurumlar var. Azərbaycan vətəndaşı bu gün öz hüquqlarını bilən və qorumaq iqtidarında olan bir vətəndaşdır. Və hər hansı bir pozulan hüququnun bərpası üçün lazımi strukturlardan dərhal istifadə edir. Mən 15 il İnsan Haqları Komitəsinin sədri olarkən apardığım təhlillər bir daha onu göstərirdi ki, 15 il ərzində Azərbaycan vətəndaşının insan hüquqlarına münasibəti nə qədər dəyişib. Artıq Azərbaycan vətəndaşı öz hüquqlarının dövlət tərəfindən müdafiə olunmasını gözləmir və qanunları çox gözəl bilir, qətiyyətlə öz hüquqlarını müdafiə etməyi bacarır. Bu baxımdan insan hüquqlarının qorunması indeksi üzrə Azərbaycan Avropanın ən güclü dövlətlərindən biri kimi hesab oluna bilər. Bəzən mənə çox qəribə gəlirdi ki, ABŞ-ın Dövlət Departamenti ayrı-ayrı ölkələrdə insan hüquqlarının qorunması ilə əlaqədar hesabatlar hazırlayırdı. Nə gözəl olardı ki, o hesabatlarda ilk növbədə Əfqanıstanda, yaxın Şərqdə olan hadisələri, Suriyanın dağılmış, məhv olmuş ərazilərində insanların yaşamaq hüququnun pozulmasını, Quantanamo həbsxanasındakı əsirlərin hüquqlarından yazsınlar.

– Bir müddət öncə oğlunuzun adı mətbuatda çox səsləndi, haqqında çox yazıb, pozdular. İndi durum necədir?

– Oğlum bu barədə geniş müsahibə verdi və indi mən də qətiyyətlə deyirəm ki, bizim haqqımızda yazılan, cəmiyyətə ötürülən, işgüzar nüfuzumuza yönəlmiş bütün məlumatlar yalandır, böhtandır, qarayaxmadır. Əlimdə Milli Təhlükəsizlik Nazirliyinin də mənə ünvanladığı sənəd var, orada da qeyd olunub ki, sizin haqqınızda heç bir şey yoxdur və olmayıb da. Həyatda çox şey olur, ancaq gec-tez həqiqət ortaya çıxır. Bu gün biz məmləkətimizdə alnı açıq gəzən insanlarıq və heç vaxt həm məmləkətimizə, həm xalqımıza, həm də dövlət başçımıza sədaqətimizə xələl gətirəcək kiçicik nöqtə belə olmayıb və olmayacaq da. Mənim bir devizim var, bu həm də bizim ailəmizin devizidir: “Dünyada hər şeydən yüksək etibar və sədaqətdir”. Bu amalla, bu prinsiplə yaşamışıq, yaşayırıq və inşallah ömür vəfa edərsə belə də yaşayacayıq.

Həmçinin oxuyun

Sabahdan temperatur xeyli enəcək – Şimşək, yağış…

21 sentyabrda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya …

Bir cavab yazın