Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti hesabat-seçki konfransı keçirilib.
Konfransda quruma prezident seçilib. Açıq səsvermə yolu ilə keçirilən seçkidə hazırkı prezident Rövnəq Abdullayev öz postunda qalıb. O, yekdilliklə növbəti 4 il müddətinə Federasiyaya rəhbərlik edəcək. Daha sonra çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətləri yüksək qiymətləndirib.
AFFA-nın prezidenti hesabat dövrü ərzində ölkəmizdə futbolun inkişafı məqsədilə tətbiq olunan layihələrin davam etdirildiyini diqqətə çatdıraraq deyib: “Futbol təhsili, infrastruktur layihələri və kütləviliyin artırılması ilə bağlı fəaliyyətimizdə müəyyən irəliləyişə nail olmuşuq. Azərbaycan beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Mayın 5-dən 21-dək Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının da yüksək səviyyədə təşkil olunacağına inanırıq”.
Bundan başqa AFFA İcraiyyә Komitәsinin 10 nәfәrlik yeni heyәti müәyyәnlәşib. Qeyd edək ki, R.Abdullayev prezident postuna yeganə namizəd olub.