Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Hər şey İsmayıl Ömərovun AzTV-yə sədr gəlmək üçün etdiyi “əclaflıq”la başladı”

“Hər şey İsmayıl Ömərovun AzTV-yə sədr gəlmək üçün etdiyi “əclaflıq”la başladı”

Beldən yuxarı, qurşaqdan aşağı…
Bu yazı ədalətsiz bir addımdan paramparça olan həyat hekayəsidir. Əziz, doğma insanlardan başlamış uzaqdan-uzağa tanıdıqlarıma qədər kimlərinsə mənim həyatıma təsirini göstərən yazı. Bir il öncə bu günkü gün yazılıb. Onda da orucluqdu-Müqəddəs Ramazan ayı. Tam təsadüfi bir gün. Bəlkə də hansısa izaholunmaz bağlılıq var, mən bilmirəm. Ramazanda önə keçən yalan danışmamaq, iftira atmamaq kimi əməlləri nəzərdə tuturam. Bir ildir kompüterin gözdən uzaq saxlancında qalan yazımı dəfələrlə ictimailəşdirmək istəmişəm. Hər dəfə gözümün önünə gələn simalar, yaddaşımda təzələnən olaylar addımımı ləngidib. Sonra yazını bir həmkarıma göstərdim,” çap etdirmə, səni başa düşməyəcəklər, etdirirsən əl gəzdir, yumşalt, yüngülləşdir, sonra” -dedi. “Çox adamı incidəcəksən, düşmənlərin artacaq, səni topa tutacaqlar, ailədə söz-söhbət olacaq. Kimisə qəzəbləndirəcəksən, heyif almaq istəyəcək, məhkəməyə üz tutacaq” və sair qeydlər bildirdi. “Dostunu dinlə, öz bildiyini et”-mən yenə bunu seçdim. Həmkarımın tək bir xahişini yerə salmadım, nələrinsə xatirinə. Qalan qaldığı kimi qaldı.
Arxa məna gözləmədən, kimsəni qorumadan, kimsənin marağını güdmədən, sonucları düşünmədən yazdım bu yazını. Yazdım ki, tanıdıqlarınızı daha yaxından tanıyasınız. Tanımadıqlarınızı tanımadığınıza sevinəsiniz. Özgür jurnalist, azad qadın olaraq yazdım. Yazının özəlliyi gerçəkləri dəqiqliyilə əks etdirməkdədir. Əlbəttə mənim baxışımla (bu baxış kimlərinkiləsə üst-üstə düşməyə bilər).  Bu mənim hekayəmdir. Onu mən özüm danışıram. Kitab diliylə yox, radio, televiziya diliylə-canlı, ünsiyyət qura-qura. Qarşımdakını hiss edərək, gözlərinə baxaraq. Belə öyrəşmişəm, belə daha xoşdur. Bu hekayətin tək qəhrəmanı mənəm. Burada obrazın adı MƏN-dir.Qalanların hamısı ətrafımdakılardır-yaxşı, pis və laqeyd adamlar, yaxşı, pis əməllər, mənim görüb-duyduqlarım.
Həyatda mütləq anlamda “yaxşı, pis” olduğunu düşünmürəm. Hər şey nisbidir, mənim pis adlandırdıqlarımı kimlərsə özünə ideal seçər, dostlarım kimlərinsə düşməni ola bilər. Oxucudan bircə xahişim var: mənə kiminsə övladı, bacısı, həyat yoldaşı, valideyni, dostu, qohumu prizmasından baxmasın. Qəbul etdiniz, etmədiniz, bəyəndiniz, bəyənmədiniz, mənə Mən kimi baxın.
(Siyasətə söykəli bioqrafik yazı) 
 
Ön söz
Mahir Qarayevin şeir toplusu neçə ildir yazı masamızın üstündədir. Bir dəfə varaqlamamışam. Hardan düşüb ora bilmirəm. Maraqlanmamışam. Mahiri çoxdan tanıyıram. Elmlər Akademiyasında çalışırdı. 1900 çoxdanıncı ildə radioya gəlib- gedirdi. Deyəsən ordakı atmosferdən (münasibətdən) ağlı bir şey kəsmədi, radiodan uzaqlaşdı, şairliyə yaxınlaşdı. Bizim də əlaqəmiz kəsildi. Masanın üstündəki bu kitabı mən almamışam, mənə bağışlamayıblar. Bu gün ilk dəfə onu əlimə aldım. 2011-ci ilin kitabıdır. Indi 2015-ci ildi. Iyulun 3-ü. Orucluğun 16-cı günü. Mənim tutmadığım orucun 16-cı gününün duası belədir:
 
“İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı”.
Min bir səbəbdən kədərləndiyim bu sabah –evdə təkkən səhərdən heç  nəyə əlim yatmadığı, göz yaşlarımı tuta bilmədiyim son anda Mahirin kitabını açdım və açdığım səhifədə gözümə dəyən ilk yazını oxudum: “İt ömrü”. Tez də bağladım. Hönkürməkdən can qurtaramadım. İlk dəfə bu dünyada tək-tənha olduğumu anladım. Atasız, anasız, Allah canlarını sağ etsin, ərsiz, övladsız! Hərə işində, gücündə. Mən işsiz, gücsüz. Məni hər şeyi olduğu kimi yazmağa cürətləndirən də buymuş; yaşadığım ömür.  Evin tikilsin, Mahir! O kitabda qarşıma çıxacaq yazı “Xoşbəxtliyin açarı” adında olsaydı dünyamı dağılardı?!
Sonuncu fəsil
Hər şey İsmayıl Ömərovun AzTV-yə sədr gəlmək üçün etdiyi “əclaflıq”la (bu sözü sonradan dırnağa aldım) başladı. Daha doğrusu yaxşılar bitdi. O əclaflığın ən ağır zopası mənə dəydi. Bakıda yaşamağa və oxumağa başladığım 1975-ci ildən tək iş yerim olan AzTV-dən uzaqlaşdırıldım. Bir anın içində hər zaman özümdən, ailəmdən, övladlarımdan üstün tutduğum işimdən oldum. 2002-ci il aprel ayının 12-dən AzTV-dən sonrakı həyatım başladı. Buna həyat, yaşamaq demək olarsa.
Çəkilişdən təzə gəlmişdim. Köhnə tanışlardan birinin dərs dediyi sinifdə çəkiliş aparıb qayıtmışdım işə. Əslində çəkilişlərdən sonra televiziyaya qayıtmazdıq. Bu dəfə baş redaktor Kamran İbrahimov tapşırmışdı ki, işə qayıdaq. Rejissor Mamedə demişdi bunu. Mən də heç sevmədiyim, yuxarıların qarşısında cücəyə, aşağıların başı üstündə əjdahaya dönən, özlüyümdə “Əhməd hardadır” filmindəki Zülümov obrazına bənzətdiyim bu adamdan həmin gün o qədər razı qalmışdım ki “Niyə?” sualının yerinə “Baş üstə” demişdim. Həmin gün səhər işə gələndə qorxa-qorxa otağına girib tanış müəllimənin sinfində təmənnasız çəkiliş aparmağa icazə alanda baş redaktor üzümə belə baxmadan”get, kimi, nə qədər istəyirsən çək” deməsiylə məni  elə xoşbəxt etmişdi ki, bəzi qəribəliklər gözümdən yayınmışdı. İndiki təcrübəm olsaydı adi halda mümkünsüz olan bu cavabdan şübhələnərdim. Kadrı saxlatdırıb ordakı uşaqları bir-bir sayan, süjetin müddətini hörmətə görə ayarlayan, efirə çıxışı səviyyə yox, maddiyyat dərəcəsiylə ölçən bu adam nədən belə səxavətli davransın?  Düşünmədim. Heç baş redaktorun böyür-başında girlənən Ənvərin üzümə zillənmiş sözlü baxışlarından da bir şey unamadım. Onu baş redaktorun yandaşı, xəbəraparanı olduğu üçün sevməzdim. Fəxrlə deyərdi ki, babamın iki arvadı olub, eyni həyətdə hərəsinə bir ev tikib. Fəxri xoşuma gəlməzdi. Ənvər Çingizoğlu Füzuli qaçqınıydı, özü demiş, külfət yiyəsiydi, dörd uşağı vardı. Dörd uşağın boğazını yetirmək asan iş deyil. Bir dəfə nəyə görəsə Ənvərgilə getmişdik. Bakı Dəmir yol vağzalının düz yanında yamangünlü gecəqonduda yaşayırdı. Buna yaşamaq demək olardısa. Evdə oturanda qatarlar elə bil adamın içindən keçib gedirdi. Ailənin bütün ağırlığı Ənvərin boynunda idi. Bəlkə də dövran onu kimlərəsə möhtac eləmişdi. Anlamaq olardı. Ənvərin gözləriylə söyləmək istədiyini dilinə gətirməyə cürəti çatsaydı, bəlkə də mən indi heç olmasa qələminə görə onu bir-iki xoş sözlə anardım. Ənvərin pul yığmaq xatirinə oğluna etdiyi sünnət toyunda olmadığına görə kəsmədiyim çörəyə, içmədiyim suya, yazdırdığım 10 şirvana and olsun, mən onun etmədiyi kişiliyi mütləq edərdim. Ən azından and-aman etdirib edərdim. Əslində etmişdim də. Bir neçə il qabaq, gərək ki 1997-də Kamran İbrahimovun qurduğu tələyə düşən rejissor Aydın İmanovun işdən çıxarılacağını eşidəndə ona xəbər vermişdim. Aydın müəllim mənə inanmayıb “Kamranla aramızdakı məsələni çözmüşük, elə şey etməz”-demişdi. Aralarındakı məsələ də o idi ki, neçə il qabaq Aydın müəllim Kamran İbrahimovdan şikayət edib onu baş redaktorluqdan çıxartdırmışdı.
İbrahimov bir pillə aşağı düşüb işçisi Eldar Sadıqovun müavini olmuşdu. Üzdə nə qədər sakit görünsə də içində fırtınalar qopur, o Aydın müəllimdən qisas alacağı gün üçün səbirsizlənirdi. Hamımız Aydın müəllimin işdən çıxarılacağını bilirdik, özündən savayı. Qisas çağı çatmışdı, zaman yenə naxçıvanlıların sayğacına keçmişdi. Dövran dəyişmiş, İbrahimov ikinci yol televiziyanın Uşaq verilişləri redaksiyasında baş redaktor kreslosuna yiyələnmişdi. Onda “qayıdış”ların dəbdə olan çağı idi. Qayıdanların kəsdiyi başa sorğu olmazdı. Baş redaktor ətli-canlı adamdı, kreslonu büsbütün doldururdu. Çünki orda onun kreslosundan üstünü yoxdu. Olsaydı büzüşüb yumağa dönərdi. Masanın arxasından başı görünməzdi.
Rəhmətlik Babək Hüseynoğludan sonra sədrliyə gələn Nizami Xudiyev Naxçıvanda müəllimi olmuş Yaqub  İbrahimova hörmətini oğlunu təzədən baş redaktor qoymaqla bildirmişdi. İbrahimovun illərdir köşəyə çəkilib gözlədiyi qisas günü çatmışdı. Onun dalı-qabağı kəsən qılıncı Aydın İmanovun başında çatladı. Mənim xəbərdarlığıma məhəl qoymayan Aydın müəllimi işdən çıxartdılar. Bu işdə şair Zahid Xəlil də “köməyini əsirgəmədi”, işin bir ucundan yapışdı. Bir budaqda oturub min budaq silkələmək olmasın, Aydın müəllimdən iki cümlə də yazıb qayıdacam öz məsələmə. Aydın İmanov əsil gəncəli idi. Ləhcəsini qorumuşdu, mənim də anam gəncəli olduğu, atam Gəncədə yaşayıb orda da dəfn olunduğu, qohumların çoxu  rəhmətlik nənəm Xurşid xanım demiş, “ İmamhüseyn şəhəri Gəncə”də yaşadığı üçün sözümüz tuturdu. Bir zarafatı yadımdan çıxmır . Deyirdi: “ bir  var gözəl qadın, baxırsan deyirsən “bəh, bəh”, bir də var lap gözəl qadın, yəni “ummm, bəh-bəh”. O yerlibazlıq edib məni “ummm, bəh-bəh”lərin  sırasına yazmışdı.
Könlüm bir balaca açıldı, qayıdaq getdiyimiz yola. Xudiyev sədrdi, deputatdı-istədiyini edərdi, İbrahimov atdan düşüb ata minmişdi-özünü yeddibaşlı əjdaha sanırdı-hər cür yaramazlıqları kəndinə yaraşdırardı, Mansur xidməti sırada sayıq durmalıydı-nəvəsi yaşda oğlu vardı, onun əlini vəzifəyə, heç olmasa karlı pula çatdırmalıydı,  bəzi iş yoldaşlarım onlar kimi olmasaydılar nə olacaqdı ki? Bir balaca adamlıqları artacaqdı. Bunların heç biri olmadı.  Çəkilişdən işə qayıtdım.  Mamed də mənimlə gəldi.
Fimar Asimqızı
Davamı var…

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın