Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Dövlət qurumları son illərin ən sərt qışına hazırdırmı? – FOTOLAR

Dövlət qurumları son illərin ən sərt qışına hazırdırmı? – FOTOLAR

Tanrıverdi Mustafayev: “Qış nə qədər sərt keçirsə-keçsin, biz buna hazırıq və əhalini yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edə bilərik”
 
İbrahim Kərbalayev: “Qış aylarında dəm qazından boğulma hallarının yenidən artmaması üçün vətəndaşlar texniki təhlükəsizlik qaydalarına riayət etməlidirlər”
 
Anar Nəcəfli: “Yolların təmizlənməsi üçün duz və qum ehtiyatı toplanıb, texnika və maşınlar hazır vəziyyətə gətirilib”
Dünya ölkələri son 10 ilin ən soyuq qışına hazırlaşır. Bu barədə ABŞ Milli Okean və Atmosfer Agentliyi məlumat yayıb.
Agentliyin apardığı müşahidələr nəticəsində bəlli olub ki, sonuncu dəfə 1997 – 98-ci ildə müşahidə olunan “Super El Nino” qasırğası bu qış da özünü göstərəcək. İntensiv qar, qasırğa, sel, torpaq sürüşməsi və quraqlığa səbəb olan “El Nino” bu qış dünyanın qütblərində pik həddə çatacaq. Xüsusilə də yanvar və fevral aylarında dondurucu soyuqlar gözlənilir.
Azərbaycanlı ekoloqlar bu proqnozları inandırıcı hesab etməsə də, qışın ötən illərlə müqayisədə daha sərt keçəcəyini  etiraf edirlər. Bu il sentyabr ayının sonlarından başlayaraq, havaların kəskin soyuqlaşması, yağıntı miqdarının çox olması qışın da sərt keçəcəyindən xəbər verir. Bundan əlavə, Bakının küləkli şəhər olması soyuq qış şərtlərini bir qədər də çətinləşdirir.
Bəs, görəsən səslənən proqnozlar əhalini kommunal xidmətlərlə təmin edən qurumları – “Azəriqaz”, “Azərişıq”, “Azəryolservis” və digərlərini artıq hazırlıqlara başlamağa vadar edibmi?
Bu qurumlar son 10 ilin ən sərt qışının gəlişinə hazırdırmı? Qış aylarında əhalinin təbii qaz və elektrik enerjisi ilə təminatı baxıından hansı işlər görülür?
Musavat.com-un suallarını cavablandıran “Azərişiq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, əhalinin 24 saat fasiləsiz elektik enerjisi ilə təminatı üçün hər cür hazırlıq görülüb:“Biz fəaliyyətimizi fəsillərə uyğun olaraq qurmuruq. Bizim prinsipimiz odur ki, hava şəraitindən asılı olmayaraq abonentlərimiz 24 saat elektrik enerjisi ilə təmin olunsunlar. Bunun üçün də “Azərişıq” yarandığı gündən bu istiqamətdə işlər görülüb. İstismara yararsız olan xətlər dəyişdirilib, yeni transformator mərkəzləri quraşdırılıb. Son 9 ayda həddindən artıq böyük işlər görülüb və ölkənin bir çox bölgələrində enerji təchizatı sistemi yenilənib. Bu baxımdan qış nə qədər sərt keçirsə-keçsin, biz buna hazırıq və əhalini yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edə bilərik. Təkcə, mərkəzdə deyil, ən ucqar dağ kəndlərində belə, hava şəraitinin pis keçməsi nəticəsində hər hansı qəza olarsa, onu aradan qaldırmağa hazırıq. Bunun üçün lazımi avadanlıqlar və kadrlar mövcuddur. “199” saylı qəza xidmətimiz var. Onun operativliyini təmin etmək üçün bizim işçi qrupumuz bölgələrdə və dağ kəndlərində hazır vəziyyətdə olacaq”.
Elektrik xətlərində yüklənmələrin yaranmasına gəlincə, T.Musafayev qeyd etdi ki, bunun üçün abonentlərin təhlükəsizlik qaydalarına əməl etməsi başlıca şərtdir: “Elektrik xətlərində qısa qapanma, yüklənmə halları əvvəlki illərdə daha çox olub. Son illərdə bizim apardığımız yenidənqurma, əsaslı təmir-tikinti işləri və yeni transformatorların quraşdırılmasından sonra bu problem aradan qalxıb. Bakı şəhəri üzrə demək olar ki, problem tam həllini tapıb, rayonlarda da bu halların qarşısı alınıb. Qış aylarında çox zaman abonentlərimiz mənzillərini qızdırmaq üçün elektrik qızdırıcılardan istifadə edirlər. Biz onu da nəzərə almışıq ki, naqillərdə problem yaranmasın. Sadəcə olaraq, mən abonentlərimizdən xahiş edərdim ki, təhlükəsizliyə riayət etsinlər. Mənzillərindəki elektrik naqillərində problem varsa, bizim əməkdaşları dəvət etsinlər və onlar mənzilə baxış keçirsinlər. Ancaq mənzillərə gələn xətlər yenilənib və aliminium kabellər yüksək izolyasiyalı xətlərlə əvəz olunub”.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev da musavat.com-a açıqlamsında bildirdi ki, həyata keçirilən tədbirlər sayəsində qış aylarında əhali yüksək keyfiyyətli təbii qazla fasiləsiz təmin oluna biləcək: “Yeni qaz xətləri çəkilib, təmir olunmuş qaz xətləri dayaqların üzərinə qadırılıb. Ümumilikdə, payız-qış mövümü ilə bağlı kifayət qədər işlər görülüb. 2015-2016-cı illərin payış-qış mövsümündə istehlakçıların təbii qazdan istifadə qaydalarının təkmilləşdirilməsini və təhlükəsizliyini nəzərə alaraq, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq əmr imzalanıb ki, əmrə əsasən 1 noyabr-1 dekabr tarixlərində respublika ərazisində “təbii qazdan təhlükəsiz istifadə aylığı” elan olunub. Bu aylıq çərçivəsində Qaz Təsərrüfatının İstismarı Şöbəsi, regional qaz istismar idarələri və yerli qaz istismar sahələrinin rəhbərlərindən ibarət növbətçilik tətbiq olunur. Günün istənilən saatında, 24 saatlıq iş rejimində fəaliyyət göstərən “104” və “185” saylı çağrı mərkəzlərinin faəliyyəti gücləndirilib. Birliyin işçi heyəti lazımi avadanlıq və texnika ilə təmin olunub”.
Qış aylarında dəm qazından boğulma hallarının artmasına gəlincə, İ.Kərbalayev bildirdi ki, bunun səbəbi əhalinin qaz sobaları quraşdırarkən təhlükəsizlik qaydalarına riayət  etməməsidir: “Azəriqaz” İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən qaz kəmərlərinə, cihazlarına, eləcə də texniki baxış xidmətinin əməkdaşları tərəfindən mütəmadi olaraq, mənzillərə texniki baxış keçirilir. Cari ilin 9 ayı ərzində 190048 mənzilə texniki baxış keçirilib. Texniki baxış keçirən əməkdaşlarımızın vəzifəsi qaz kəmərlərinə, mənzildaxili qaz xətlərinə və cihazlarına qeyri-qanuni qoşulmalara, qaz cihazlarının yerinin dəyişdirilməsinə nəzarət etmək və istehlakçılarımızı təbii qazdan istifadə qaydalarına dair məlumatlandırmaqdan ibarətdir.
Qışda dəm qazından zəhərlənmə halları əsasən mənzillərin vanna otağında baş verdiyindən vətəndaşlar texniki təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Əgər vanna otağında təbii qazla işləyən su qızdırıcısı quraşdırılıbsa, hamam otağının həcmi 7 kubmetrdən az olmamalıdır, hündürlüyü 2.2 metr olmalıdır, qapısı çölə açılmalı və qapının aşağı hissəsində nəfəslik olmalıdır. Ən önəmlisi isə hamam otağının tüstü bacası və havalandırma sistemi işlək vəziyyətdə olmalıdır”.
Qış aylarında yağış və qarın yağması nəticəsində yollarda yaranan problemlərin həllinə gəlincə, “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, bunun üçün qurum qum, duz və yanacaq ehtiyatı toplayır: “Hazırda qarlı havalar üçün duz-qum ehtiyatı toplanır. Bu yaxınlarda 1500 ton duzun alınması ilə bağlı müqavilə imzalanıb, artıq həmin duzun toplanması həyata  keçirilir. Bundan başqa yolların təmizlənməsi üçün texnika, maşın mexanizmləri hazır vəziyyətə gətirilib. 382 ədəd texnika Bakıda yolların təmizlənməsinə cəlb olunacaq, 689 ədəd texnika isə respublika yollarında fəaliyyət göstərməsi üçün saz vəziyyətə gətirilib. Bundan başqa həmin maşınların yanacaqla təmin edilməsi üçün hazırda yanacaq ehtiyatı toplanır”.
A.Nəcəfli yağıntılar zamanı yollardakı suyun axıdılması üçün də iş aparıldığını qeyd etdi: “Yolların kənarları təmizlənir ki, yağış yağarkən onun axması təmin olunsun. Biz bir müddət öncə bu işə start vermişik. Yollardakı yağış barmaqlıqları təmizlənir ki, yağış yağan zaman hər hansı problem yaşanmasın. Paytaxt yollarında su axıdıcılarının girişi təmizlənir. Yağış barmaqlıqlarının olmadığı yolarda isə biz kanalizasiya quyularını işlək vəziyyətə gətirməyə çalışırıq ki, bu yolla su axıdılsın. Bilirsiniz ki, yollarda suyun yığılıb, qalması bizim üçün də ziyanlıdır, yolun hərəkət hissəsinin sıradan çıxmasına səbəb olur. Bu, həm də sürücülər üçün ziyanlıdır ki, avtomobilin müəyyən hissələrinə mənfi təsir edir, yolda hərəkətə mane olur və sair… Bu baxımdan, payız-qış mövsümü ilə əlaqədar olaraq, bizdə 24 saatlıq növbətçilik sistemi qurulub, qərargah yaradılıb və “qaynar xətt” fəaliyyət göstərir. Yollarda hər hansı problem yaşanarsa, bizim əməkdaşlarımız tərəfindən həmin istiqamətdə işlər aparılır. Bu günə kimi yağışlar yağsa da, bizim balansımızda olan yol, küçə və prospektlərdə ciddi bir problem yaşanmayıb. Əgər haradasa su yığılıbsa, qısa müddət ərzində onun yoldan axıdılması istiqamətində işlər görülüb”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın