Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Əlillər metropolitendən şikayət etdi, cavab gəldi

Əlillər metropolitendən şikayət etdi, cavab gəldi

Paytaxda düzəldilən pandusların əksəriyyəti başdansovdu hazırlanıb və yolaverdi xarakter daşıyır. Demək olar ki, biz onlardan istifadə edə bilmirik. O pandusları tikən adamı əyləşdirin bizim arabaya, görək o, həmin pandusdan sağ-salamat aşağı düşə bilərmi? Əlbəttə, yox.

 

Bu sözləri Axar.az-a Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təlim alan bir qrup gənc əlil deyib.

 

Onlar paytaxtda pandusların olmamasından, olan yerlərdə isə çox dik hazırlanmasından şikayət edirlər:

 

“Əlillər üçün nəzərdə tutulan panduslar olduqca dik və  təhlükəlidir. Normalda həmin panduslardan əlillər təkbaşına istifadə etməli olsalar da, paytaxda inşa edilmiş pandusdan istifadə üçün minimum 3 nəfərin köməyi lazımdır. Bu isə əlil şəxsin sərbəst hərəkət etməsinə daha bir maneə yaradır”.

 

Mövzu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq.

 

O bildirdi ki, metrostansiyaların giriş və çıxışlarının pandusla təmini mövcud vəziyyətdə bir qədər real görünmür:

 

“Metrostansiyaların əksəriyyəti sovet dönəmində tikildiyindən layihələrdə fiziki məhdudiyyətli insanlar, əlillər üçün panduslar nəzərə alınmayıb. Ümumilikdə, biz onlar üçün stansiyalarımızda şərait yaratmaq istəsək də, mövcud vəziyyətdə bu, o qədər də real görünmür”.

 

Xidmət rəhbərinin sözlərinə görə, Bakı Metropoliteni QSC bundan sonra tikilən stansiyalarda əlillər üçün bütün şəraitin yaradılmasını nəzərə alacaq:

 

“Yeni tikilən və tikilməsi nəzərdə tutulan bütün stansiyalarımızda əlilliyi olan şəxslər üçün xüsusi liftlər quraşdırılıb. Lakin bu şəraiti digər stansiyalarda da edə bilmirik. Köhnə stansiyalarda bu liftlərin quraşdırılması qeyri-mümkündür. Sadəcə, bundan sonra tikiləcək yeni stansiyalarımızda əlillər üçün yaradılması lazım olan bütün şəraiti nəzərə alacağıq”.

 

Qeyd edək ki, fiziki məhdudiyyətli şəxslər və əlillər hazırda pandusdan yalnız “Koroğlu” metrostansiyasında istifadə edə bilirlər.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın