Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / Vitse-prezidentlərin təyinatı daha iki ay yubana bilər

Vitse-prezidentlərin təyinatı daha iki ay yubana bilər

Mehman Əliyev: “”Yol Xəritəsi”nin həyata keçirilməsi, reformalar və vəzifələrə təyinatlar bir-birinə bağlı məsələlərdir”

Azərbaycanda 2017-ci illə bağlı bir sıra gözləntilər var. Əsas gözləntilərdən biri vitse-prezidentlərin təyinatı ilə bağlıdırsa, digəri bir ildən çoxdur davam edən “MTN işi” ilə bağlı qurumun sabiq rəhbəri Eldar Mahmudovun həbsi ilə əlaqədardır.

Əksər ekspertlər mart-aprel aylarında vitse-prezidentlərin təyin ediləcəyini düşünür. Arqument kimi də ötən ilin sentyabrında keçirilən referendumdan sonra prezident İlham Əliyevin 6 aydan sonra struktur dəyişikliklərinə başlanacağı ilə bağlı verdiyi anonslar göstərilir.

E.Mahmudov məsələsinə gəlincə isə hər keçən gün sabiq nazirin həbs olunacağı ilə bağlı xəbərlər yayılır. Doğrudur, indiyə qədər Mahmudov “kəfəni yırtıb”. Amma bununla belə, artıq onun da tükəndiyi və azadlıqda qaldığı hər saniyənin dövlətin imicinə zərbə vurduğunu nəzərə alan hakimiyyətin bu məsələni kökündən həll etməkdə qərarlı olduğu vurğulanır.

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev bu il də Mahmudovun həbsini gözləmədiyini qeyd etdi: “Burada söhbət daha böyük məsələlərdən gedir. Rabitə Nazirliyi və MTN-də baş verənlər bir-biri ilə bağlı məsələlərdir. Bunlar xarici dövlətlərin maraqlarına toxunublar, ona görə də belə bir vəziyyət yaranıb. Onların tələbləri ilə bu həbslər baş verdi. Bu baxımdan, onların nəyini cəzalandıracaqlar? Əvvəl dövlətə xəyanət, dövlət çevrilişi söhbətlərini ortaya atdılar. Sonradan iqtisadi məsələlərə keçildi, vəzifələrindən sui-istifadə məsələləri də gündəmə gətirildi. 2005-ci ildə də buna bənzər hadisələr baş vermişdi, Əli İnsanov və Fərhad Əliyev məsələsində. Onda da bu məsələlər ortaya atıldı. Amma məhkəməyə çıxanda vəzifədən istifadə etmək, maliyyə və digər məsələlər üzə çıxarıldı”.
M.Əliyev də iki aydan sonra vitse-prezidentlərin təyinatının olacağını düşünür: “Prezident dedi ki, 6 aydan sonra struktur islahatlarına başlayacağıq.

Image result for Vahid Əhmədov

Bu da təxminən mart-aprel aylarına təsadüf edir. ”Yol Xəritəsi”nin həyata keçirilməsi, reformalar, bu vəzifələrə təyinatlar bir-birinə bağlı məsələlərdir. İslahatların başlaması təxminən yaz aylarına hesablanıb. Çevik və dərin islahatların aparılmasını hakimiyyətdən gözləmək olmaz. Çünki buna maraqlı deyillər. Amma nəsə etmək məcburiyyətindədirlər. Çünki başqa yol da yoxdur. Hətta prezident və parlament seçkilərindən biri də keçirilə bilər. Hər şey şəraitdən asılıdır. Qərbin təsiri nə qədər güclü olsa, o zaman demək, bu daha realdır. Əgər təzyiq olmasa, hakimiyyətin bu gün təqdim etdiyi “Yol xəritəsi” və islahatlar qaneedici olsa, o zaman seçkilər olmayacaq. Qərb daha çevik islahatların aparılmasını istəyir, amma hakimiyyət uzunmüddətli islahatların aparılmasında maraqlıdır. Lakin hakimiyyət islahatlardan qaçmır, edəcəklərini bildirirlər, sadəcə, tələsdirilməməsini istəyirlər. Buna görə də prezident və parlament seçkiləri tələsik məsələ kimi ortaya qoyulmayacaq. Vəziyyət başqa cür olarsa, prezident və parlament seçkiləri ortaya çıxa bilər”.

İqtisadçı deputat Vahid Əhmədov hesab edir ki, bu ilin ilk rübü üçün vitse-prezidentlər məsələsi öz həllini tapacaq: “Onların səlahiyyətləri, səlahiyyətlərinin hüdudları bilinməlidir. Ondan sonra bu məsələlər öz həllini tapacaq. Düşünürəm ki, burada yubanma yoxdur. İş onsuz da gedir. Bu bir institut olacaq və onun fəaliyyəti üçün müəyyən sənədlər lazımdır. Onunla bərabər Nazirlər Kabineti də fəaliyyət göstərəcək. Baxaq görək, orada hansı səlahiyyətlər qalacaq”.

Deputat bu il parlament və ya prezident seçkilərindən birinin olacağına inanmır: “Düşünmürəm ki, indi parlament seçkilərinə ehtiyac olsun. Əvvəla, buna əlavə vəsait xərclənir. Digər tərəfdən, onsuz da parlament işləyir. Sadəcə, cənab prezidentin imzaladığı strateji ”Yox xəritəsi” var ki, biz ona uyğun qanunlar qəbul etməliyik”.

Həmçinin oxuyun

“Bərdə sakinlərinin qisası yerdə qalmayacaq” – Prezident

Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, …

Bir cavab yazın