Ana səhifə / Siyasət / “Məmurlar harada çoxlu pul dövriyyəsi var ora maraq göstərirlər”

“Məmurlar harada çoxlu pul dövriyyəsi var ora maraq göstərirlər”

Azinforum.az-ın məlumatına görə, kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov yarım ili başa çatmaqda olan “Kənd təsərrüfatı” ilinin ilk baxışda görünən və görünməyən eybəcərliklərini sadalayıb:

“Azərbaycan taa qədimdən aqrar ölkə olub. Uzun müddət dünya bazarında neftin qiymətinin yüksək olması Azərbaycan hökumətinin əsas diqqətini neft hasilatını artırmağa və ixrac etməklə daha asan gəlir əldə etməyə yönəltmişdi. Neft gəlirlərinə başı qarışmış hökumət yaranmış vəziyyətdən istifadə edərək ölkədə sanayenin və turizmin inkişaf etdirilməsinə çalışmadı. Turizm, sənaye illəri elan etməklə büdcə vəsaitindən müəyyən ayırmalar həyata keçirilsə də bu sahələrdə sistemli olaraq sahibkarlığın inkişafına nail olunmadı. Həmişə, davamlı olaraq neft, təbii qaz ixracından külli miqdarda gəlir əldə ediləcəyini düşünən hökumətin arzusu puç oldu. Son zamanlar daha cox neft idxal edən dünya ölkələri alternativ enerji mənbələrindən istifadəyə üstünlük verdikləri üçün dünya bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşdü. Azərbaycanın neft gəlirləri də kəskin şəkildə azalmağa başladı. Belə olan halda hökumət vəziyyətin acınacaqlı olacağını “anlamağa”, “dərk etməyə” başladı. İndiyə kimi hökumət neft sektoruna aidiyyatı olan fəaliyyət növlərini qeyri-neft sektoruna aid etməklə, sahədə olan problemləri ört bastır edə bilib. Belə ki, məmurlar UDM-də qeyri-neft sektorunun payını artırmaq məqsədilə fənd işlədib. Misal üçün, neft və təbii qaz hasilatına dəstək, avtomobil yanacağının pərakəndə satışı, boru nəqliyyatı ( neft borusu), qeyri-həyat sığortası (neft sənayesi) kimi fəaliyyət növlərini qeyri-neft sektoruna aid etməklə uzun müddət sahənin UDM-də payını süni şəkildə artıra bilmişlər. Artıq neft gəlirləri ciddi olaraq azalan bir zamanda bu kimi saxtakarlıqla kiməsə nəsə subut etməyin də heç bir faydası yoxdur.
Hökumət, indi 2015-ci ili “Kənd Təsərrüfatı ili” elan etməklə aqrar sahəyə “diqqət göstərməyə” başladı. Lakin uzun illər ərzində üst-üstə yığılan problemləri qeyri-peşəkarların həll edəcəyi qeyri-ciddi görünür. Bu sahədə problemlər çox olduğu halda hamısını əhatə etmək çox vaxt aparar, həm də oxucuları yorar. Ona görə də bu dəfə yalnız fermerlərin texnika çatışmazdığından əziyyət çəkdiyini gündəmə gətirəcəm.
Kənd təsərrüfatı texnikasının təminatında ciddi nöqsanlar mövcuddur. Belə ki, son 20 ildə kənd təsərrüfatı texnikasının sayı ciddi olaraq azalmışdır. Bununla yanaşı əksər maşınlar və qoşqular fiziki cəhətdən köhnəlmişdir. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda hər bir kənd təsərrüfatı texnikasına düşən əkin sahəsinin həcmi bir neçə dəfə çoxdur. Hətta Azərbaycanda bir kartofyığan kombayına 1990 –cı ildə 567 hektar sahə düşdüyü halda indi 3104 hektar düşür. Pambıqyığan maşınına 1990-cı ildə 72 hektar, indi – 1127 hektar yük düşür, qarğıdalıyığan kombayının yükü isə 36 hektardan 8409 hektara qədər artmışdır. Toxumsəpən texnikanın sayı 20 ildə 4 dəfə azalmışdı. Texnika çatışmazlığına görə əkin, səpin, biçin işləri vaxtlı-vaxtında aparılmır, gecikdirilir. Bu da öz növbəsində məhsuldarlığın azalmasına, vaxt, məhsul itkisinə səbəb olur. Texnika çatışmazlığı bir çox hallarda əl əməyindən istifadəni şərtləndirir ki, bu da məhsulun maya dəyərini artırır onun rəqabətqabiliyyətliyini zəiflədir. Ümumiyyətlə texniki təminatla bağlı əldə etdiyimiz məlumatlar hökumətin istehsalla bağlı ortaya qoyduğu rəqəmləri şübhə altina almağa əsas verir. Belə ki, mövcud olan toxumsəpən maşınla, 1milyon hektaradək sahədə payızlıq taxıl səpini aparmaq real görünmür. Nəzərə almaq lazımdır ki, bu texnikalarin əsas hissəsi artıq istismar müddətini başa vurmuş, köhnəlmişdir. Ölkəyə gətirilən Avropa kombaynlarının artıq sayda gətirildiyini son zamanlar məmurlar fəxrlə vurğulayırlar. Təsəvvür edin taxılsəpən çatışmadığı halda, baha qiymətə taxılyığan kombaynlar gətirirlər, özü də artıq sayda. Əvvəlcə gərək taxılı səpəsən ki, sonra biçəsən. Qəribədir, elə deyilmi? Məmurlar əsasən harada çoxlu pul dövriyyəsi var ora maraq göstərirlər.
Əldə olunan məhsulun kondisiyaya salınması, uzun müddət saxlanması, muasir tələblərə uyğun formada qablaşdırilması, daşınması məsələləri də hələ öz həllini tapmayıb. İstehsal olunan taxıl məhsulunun biçindən sonra qurudulması, təmizlənməsi, çeşidlənməsi kimi vacib proseslər həyata keçirilmir. Elə bu səbəbdən də ölkənin ərzaq buğdasına olan təlabatı tam xaricdən idxal olunan buğdanın hesabına ödənilir. Ölkəmizə 2013-ci ildə 1milyon 500 min ton buğda idxal olunmuşdu. Bu qədər məhsulun idxal dəyəri 420 milyon ABŞ dolları təşkil etmişdi. Bizim fermerlərin maliyyə vəsaitinə daha ciddi ehtiyacı olduğu halda milyonlarla dollar digər ölkələrin fermerlərinin cibinə axır”.

Həmçinin oxuyun

“Bu məsələni Əliyevlə müzakirə etmişəm” – Zurabişvili sərhəddən danışdı

Prezident Salome Zurabişvili feysbuk səhifəsində son zamanlar Azərbaycanla Gürcüstan arasında sərhədlə bağlı yaranmış gərginliyə münasibət …

Bir cavab yazın