Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Kəlbəcərli girovların erməni kəşfiyyatçısı ilə dəyişdirilməsi mümkün ola bilərmi?

Kəlbəcərli girovların erməni kəşfiyyatçısı ilə dəyişdirilməsi mümkün ola bilərmi?

Müzəffər Baxış: “Belə bir addım mümkündür…”
 
Akif Nağı: “Ermənilər üçün ən yaxşı variant, ölü ermənidir”
 
Sahib Əsgərov: “Onlar erməni kəşfiyyatçısının məhkəməsinə maraq göstərmədilər”
Mayın 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçısı Arsen Baqdasaryana hökm oxunub. Hökmə əsasən, o, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Erməni kəşfiyyatçısına hökm oxunmasından sonra girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi yenidən gündəmə gəlib. Belə ki, erməni əsirliyində olan soydaşlarımızın Arsen Baqdasaryanla dəyişdirilməsinin mümkün olub-olmaması ilə bağlı söz-söhbətlər gəzir.
Hüquqşünas Müzəffər Baxış belə bir prosedurların olduğunu bildirdi: “Belə bir addım mümkündür. Amma Ermənistanla heç bir siyasi əlaqələrimiz olmadığına, imzaladığımız Beynəlxalq Konvensiyaya qeyri-şərtsiz qoşulduğumuza görə ciddi problemlər var. Hüquqi prosedurlarla bu, qeyri-mümkündür.
Yalnız Azərbaycan və Ermənistan arasında xüsusi razılaşmadan sonra bunlar həyata keçirilə bilər. Qüvvədə olan qanunvericiliyə görə isə bu, mümkün deyil. Hər iki ölkənin prezidentlərinin görüşündə qeyri-rəsmi şəkildə belə bir razılığa gəlsələr, o zaman prosedurlar reallaşa bilər. Amma beynəlxalq hüquq normalarına söykənməklə düşünürəm ki, bu, qeyri-mümkündür. Hər şey danışığın predimetindən asılıdır. Hər iki ölkə üçün bir neçə məsələ var.
Girovlarımız “DQR”-ın qanunları” ilə mühakimə olunublar. Münaqişə tərəfi kimi isə beynəlxalq aləm “DQR”-ı yox, Ermənistanı tanıyır. Danışıqların nəticəsindən sonra hər şey məlum ola bilər. Hər halda məsələ rəsmi danışıqlar nəticəsində qeyri-hüququ yollarla həll oluna bilər”.
Qarabağ Azadlıq Təşkilatının sədri (QAT) Akif Nağı hakimiyyət strukturlarından qətiyyətli addımlar atılmasını tələb etdiklərini söylədi: “Beynəlxalq təşkilatlara müraciətimiz olub. Çünki bu, onların məsuliyyəti altında olan məsələdir. İri dövlətlər bu məsələdə müşahidəçi mövqeyində qalıblar. Girovlarımız hüquqlarından istifadə edərək, dədə-baba yurdlarına getmək istəyiblər. Nə baş verirsə, Ermənistan tərəfindən həyata keçirilir. Onların qanunsuz hərəkətlərinə qarşı heç bir təpki olmadı. Beynəlxalq təşkilatlar heç bir addım atmadı. Azərbaycan məsələni xarici təşkilatlar qarşısında qəti şəkildə qoymalıdır. Nəyin bahasına olursa-olsun, girovlarımız geri qaytarılmalıdır. Bu, ölkəmizə qarşı bir həqarətdir. Hakimiyyət indiyə qədər istənilən vasitələrdən istifadə etməli idi. Üstündən çox vaxt keçib. Ciddi addımlar atılacağını gözləyirik. Burada onların erməni kəşfiyyatçısı ilə dəyişdirilməsi məsələsi də ola bilər. Ermənilər üçün ən yaxşı variant, ölü ermənidir. Çünki öldürülmüş ermənidən öz təbliğatları üçün geniş istifadə edirlər. Bu nöqteyi-nəzərdən ermənilərin bu yola gedəcəyinə inanmıram”.
Erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov ermənilərin bu yola getməyəcəyini bildirdi: “Düşmən ölkədə erməni kəşfiyyatçısının məhkəməsinə maraq göstərmədilər. Dilqəm və Şahbazı dəyişmək onların hakimiyyəti üçün çox güman ki, problem yaradır. Ona görə də, razı deyillər”.
Sahib Əsgərov sonuncu dəfə aprelin 27-də qardaşından xəbər aldığını da qeyd etdi: “Yalnız məktub ala bilirik. Kənar şeylər yazılmır. Hal-əhval tuta bilirik. Sonuncu dəfə aprelin 27-də məktub aldıq. Şahbazla biz əlaqə saxlaya bilmirik. Çünki o ailənin üzvü deyiləm. Dilqəmlə bir yerdə deyillər. Yalnız özü haqqında məlumat verə bilir. Dilqəm vəziyyətinin normal olduğunu bildirir”.
Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.
Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək, öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq, Bakıda dəfn edilib.
Separatçı Dağlıq Qarabağ rejimi girovlarımız üzərində “məhkəmə” quraraq, ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın