Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / İcra başçısı su problemini “həll etdi”: hər evə 1 vedrə su…

İcra başçısı su problemini “həll etdi”: hər evə 1 vedrə su…

“Hacıqabul rayonu, Nəvai kəndinə 5 gündür su verilmir. Bu gün – iyulun 8-də Hacıqabul Rayon İcra Hakimiyyətinə, rayon su idarəsinə şikayət etdik. Onlar da problemi kəndə bir maşın su göndərməklə “həll” etdilər”.

Bunu virtualaz.org saytına müraciətində kənd sakini Səmid Mirzəyev deyib.

S.Mirzəyevin sözlərinə görə, rayon icra hakimiyyətinin göndərdiyi su maşını hər ailəyə cəmisi bir vedrə içməli su verir. Belə ki, bütün evlərə su çatsın deyə bir vedrədən artıq vermirlər: “Hacıqabul rayon su idarəsindən dedilər ki, su xətlərində təmir işləri aparılır. Buna görə də kəndə nə vaxt su veriləcəyini dəqiq bilmirik. Bizə “dözün” deyirlər. Amma yayın bu istisində susuz necə dözmək olar?”

Şikayətçi əkin sahələrinin suvarılmasında da problemlərin olduğunu dedi: “Nəvai əhalisinin sayına görə Hacıqabulun böyük kəndlərindən biridir, kənddə 500 təsərrüfat var. Kəndlinin əsas dolanışıq mənbəyi əkin-biçin, mal-qara, toyuq-cücədir. Onlar da susuzluqdan məhv olub gedir. Suvarma, içməli su probleminin həlli üçün şikayət etmədiyimiz yer qalmayıb. Amma baxan yoxdur”.

Hacıqabul Rayon İcra Hakimiyyəti informasiya təminatı və təhlil sektorundan isə kənd sakininin şikayətinə qəzəblə cavab verdilər: “Bu məlumatı sizə kim verib? Yüz faiz qərəzli məlumatdır. Hansı sakin deyibsə, deməli, qərəzli münasibət tutub. Talış-Bakı su kəməri var. Digər kəndlərə su verilirsə, niyə Nəvaidə su olmasın? Kəndə 24 saat su verilir”.

Rayon suvarma idarəsindən bildirdilər ki, onlar yalnız təsərrüfatların suvarılmasına cavabdehdir: “Doğrusu, təsərrüfatların suvarılmasında problem olub-olmadığını bilmirik. İçməli suyun verilməməsinə su idarəsi baxır. Biz içməli suyun verilmədiyini eşitmişik”.

Rayon su idarəsindən isə telefon zənglərimizi cavablandırmadılar.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın