Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Siyasət / DAK-ın Bakı ofisinə kim rəhbərlik edir? – Qalmaqal

DAK-ın Bakı ofisinə kim rəhbərlik edir? – Qalmaqal

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi ilə bağlı anlaşılmazlıq yaranıb.

Axar.az xəbər verir ki, DAK Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayev Səftər Rəhmlinin özünü bu gün keçirilən mətbuat konfransında nümayəndəliyin rəhbəri kimi təqdim etməsindən narazılığını dilə gətirib. Onun sözlərinə görə, bir neçə gün öncə İstanbulda təşkil olunan qurultaya qatılmayan S.Rəhimlinin bu addımı başadüşülən deyil:

“Bir neçə gün öncə Türkiyənin İstanbul şəhərində DAK-ın İdarə Heyətinin, Prezident Administrasiyası nümayəndəsinin, QHT və digər təşkilat rəhbərlərinin, ümumilikdə DAK-ın dünyanın müxtəlif ölkələrindən seçilmiş 200-dən çox nümayəndəsinin iştirakı ilə qurultay keçirildi. Bu qurultayda Azərbaycan nümayəndəliyinin sədrliyinə namizədliyim verildi və səs çoxluğu ilə sədr seçildim. Buna baxmayaraq, Səftər Rəhimli bu gün BMM-də mətbuat konfransı keçirərək özünü DAK-ın Azərbaycan nümayəndəliyinin Bakı şöbəsinin rəhbəri kimi təqdim edib. Bu, qurultayın qərarına hörmətsizliklə bərabər, DAK adından sui-istifadədir”.

Qurum rəsmisinin sözlərinə görə, S.Rəhimlinin təqdim etdiyi vəzifə əslində mövcud deyil:

“Birincisi, bu vəzifə mövcud deyil, təşkilatda belə bir vəzifə yoxdur. İkincisi, S.Rəhimli İstanbulda keçirilən toplantıda iştirak etməyib. Əgər sədrliyə iddialı idisə, namizədliyini irəli sürərək seçkilərdə iştirak edərdi. Özünü seçkilərdən kənarda saxlayıb, qurultaya qatılmayıb və sonra da belə bir adla mətbuat konfransı keçirməyin məntiqini başa düşmürəm”.

İttihamlara cavab olaraq S.Rəhimli Axar.az-a bildirdi ki, İstanbul qurultayını tanımır:

“DAK-ın nümayəndəliklərinə sədr İdarə Heyəti tərəfindən seçilir. Bu seçkilərdə ölkə nümayəndələri iştirak edir. Amma İstanbulda keçirilən konqresin DAK-a heç bir aidiyyəti yoxdur. İsmayıl Ağayevlə münasibətimiz normaldır. Amma İsmayıl bəy də bu işin hüquqi tərəflərini bilir ki, keçirilən qurultay hansı motivdədir”.

Xatırladaq ki, Səftər Rəhimli DAK həmsədri Sabir Rüstəmxanlının təşəbbüsü ilə ötən qurultayda DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri seçilib. Qəribədir ki, yenə də Sabir Rüstəmxanlının həmsədri olduğu DAK-ın 2015-ci il aprelin 17-də İstanbulda keçirilən qurultayına qatılmayan S.Rəhimli vəzifəsində qaldığını iddia edir. Belə görünür ki, S.Rəhimlinin DAK Azərbaycan nümayəndəliyinin rəhbəri seçildiyi qurultay legitim, seçilmədiyi qurultay isə qeyri-legitimdir.

Həmçinin oxuyun

Ərdoğan Bakıda Rəsulzadədən sitat gətirdi – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını və Ərəb Dövlətlər Liqasını tənqid edib. Türkiyə Prezidenti …

Bir cavab yazın