Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Cahangir Hacıyev “içəridən” Maliyyə Nazirliyini hədəfə aldı

Cahangir Hacıyev “içəridən” Maliyyə Nazirliyini hədəfə aldı

Həbsdəki bankir: “Müəssisələr hazırda Maliyyə Nazirliyi tərəfindən təyin edilmiş qeyri-peşəkarların əlindədir”

Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev Maliyyə Nazirliyini qeyri-peşəkarlıqda ittiham edib. C.Hacıyevin vəkili Aqil Layıcov “Bizim Yol”a deyib ki, müvəkkili “Beynəlxalq Bank işi” üzrə həbs olunan iş adamlarının həbsdən azad edilməsini müsbət hal hesab edir. Vəkil C.Hacıyevin mövqeyini ifadə edərək deyib ki, həmin şəxslərə qarşı irəli sürülən ittihamları qeyri-real hesab edir. 
“Bu ittihamların da əsas məğzini kredit müqavilələri və iqtisadi məsələlər təşkil edir. Azərbaycanın Konstitusiya qanununda, həmçinin ölkəmizin də qoşulduğu Avropa Konvensiyasında qeyd olunur ki, pul öhdəliklərinə görə insanların həbs olunması qanunsuzdur və mümkün deyil. Azərbaycan da bununla bağlı üzərinə öhdəlik götürüb. Kredit münasibətlərində olan şəxslərin saxlanılması və həbsə məruz qoyulmaları ölkə iqtisadiyyatına zərər gətirir.  Bu adamların tutulması onlarla müəssisənin başsız qalmasına səbəb oldu.
Bu məsələdə qarayaxma ilə məşğul olan şəxslər həmin müəssisələrin çöküşünə nail olublar. İstər Qafqazda ən böyük müəssisə sayılan metanol zavodu, istərsə də regiondakı digər müəssisələr hazırda Maliyyə Nazirliyi tərəfindən təyin edilmiş qeyri-peşəkarların əlindədir. Ona görə də müəssisələr iflic vəziyyətindədir və bu da işsizliyin yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, istintaq orqanı da onlara qarşı addımın qanunsuz olduğunu anlayıb və hazırda ağıllı addım ataraq, onları azad edirlər. Ümid edirəm ki, o şəxslər barəsində cəmiyyətdə yayılan yalan məlumatlar da təkzib olunacaq və aydın olacaq ki, heç də hər şey iddia olunduğu kimi deyil. Zərər də deyilən qədər fantastik rəqəmlərlə ölçülmür. Yəni təxminən 1 manatdırsa, onu min dəfə artırırlar ki, hər şeyi onların üstünə atsınlar”.

Vəkil Cahangir Hacıyevin iş üzrə həbs olunan şəxslərin azad edilməsinin səbəbi haqda düşüncələrini də dilə gətirib. Deyib ki, iş üzrə iddia olunduğu qədər zərəri ortaya çıxara bilməyiblər. Odur ki, həbs edilmiş şəxsləri azad ediblər: “Onun vicdanı rahat və əmin idi ki, bu qədər zərər mümkün deyil. Zərər çıxmadığına görə də bir çox müəssisə rəhbərləri barədə həbs-qətimkan tədbiri dəyişdirildi və azadlığa çıxdılar. Cahangir Hacıyev ona da arxayın idi ki, iş düzgün araşdırılacaq və ədalət öz yerini tapacaq”. Vəkil Cahangir Hacıyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması məsələsinə də toxunub: “Təəssüflənirik ki, həm səhhətində olan problemlər Cahangir Hacıyevin həbsdə saxlanmasını istisna edən hallardan biridir, həm də onun bu qədər qurduğu iş yerləri hazırda qeyri-peşəkarların əlindədir. Həmin müəssisələrin ”altından girib, üstündən çıxıblar” və bundan sonra bərpa etmək çox çətin olacaq”.
Yada salaq ki, “Beynəlxalq Bank işi” ilə bağlı həbs edilmiş 10-dan artıq iş adamı azadlığa buraxılıb. Onların arasında C.Hacıyevin yaxın ətrafına daxil olan “Bakı Fındıq Emalı Zavodu” MMC-nin rəhbəri Murad Cabbarlı, “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev, iş adamları Elxan Cavad və Cavid Muxtarov da var. Qeyd edək ki, ötən il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə C.Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb. C.Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur. Son olaraq mayın 27-də Nərimanov Rayon Məhkəməsində Cahangir Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin  3 ay artırılması barədə qərar qəbul edilib. Apelyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın