Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Azərbaycan Vətən müharibəsi Astanasında – savaşa hazırıqmı?

Azərbaycan Vətən müharibəsi Astanasında – savaşa hazırıqmı?

Şanlı ordumuz hərəkətə keçdi, irimiqyaslı təlimlər başladı; Pənah Hüseyn: “Dövlət qətiyyətli addımlar atacaqsa, cəmiyyət də onu müdafiə edəcək…”

Azərbaycan-Ermənistan sərhədi və qoşunların təmas xətti boyu gərginlik ən yüksək həddə çatıb, böyük savaş hər an başlaya bilər. Son günlər rəsmi və qeyri-rəsmi şəkildə yayılan xəbərlər belə bir qənaətə gəlməyə kifayət qədər əsas verir.
Müdafiə Nazirliyinin məlumatına görə, son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 145 dəfə pozub.
Düşmən Azərbaycanın Qazax, Tovuz, Goranboy, Tərtər rayonlarındakı mövqelərini, həmçinin yaşayış məntəqələrini, həmçinin Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl, Goranboy, Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 208 atəş zərbəsi endirib. Göründüyü kimi, düşmən Naxçıvan istisna olmaqla, bütün sərhədyanı və təmas boyu mövqelərimizi atəş altında saxlayıb. 
Bir gün əvvəl isə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttində bir neçə yerdə mövqelərimizə basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyi xəbər verir ki, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra işğalçılar avtomat və silahın darağını ataraq geri çəkilməyə məcbur edilib. İlkin məlumata görə düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və yaralıları var. Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Ötən həftə ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 834 dəfə pozub.
Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitini qiymətləndirərək düşmənin bütün təxribat və fəaliyyətlərinin qarşısını vaxtında almaqla onun atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 1.017 atəş zərbəsi endirib. Düşmənə qarşı güc tətbiq etməklə görülən adekvat tədbirlər nəticəsində son bir həftə ərzində müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin 7 nəfər hərbi qulluqçusu məhv edilib və xeyli sayda yaralısı var. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir
Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbə vurması nəticəsində Ermənistan ordusu və əhalisi panikaya düşüb. Müdafiə naziri Zakir Həsənovun düşmənin istənilən hərəkət edən obyektinin dərhal məhv edilməsi barədə tapşırığını layiqincə icra edən əsgər və zabit heyətimiz ərköyünlük edən işğalçı ölkəni çətin vəziyyətə salıb. Xüsusilə də Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı – 2015″ birgə taktiki təlimlərini keçirməsi İrəvanda təşviş doğurub.
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Movses Akopyan bundan narahat olmadıqlarını iddia etsə də,  Azərbaycanın “Türkiyə heç vaxt inkar eləməyib ki, Azərbaycana kömək edəcək. Türkiyə silahlarından istifadə təəccüb doğurmur. Rəqib həmişə onu tətbiq edib, biz işin işçindəyik. Biz həmçinin, bilirik ki, bu – hansı silahlardır və haradan gətirilir” – deyib. Məlumata görə, Azərbaycanın ordu komandanlığının erməni təxribatlarına qarşı amansız olacağını elan etməsinin ardınca Ermənistanın Azərbaycanla həmsərhəd kəndlərinin əhalisinin evakuasiyasına başlanılıb. Eyni zamanda bu ərazilərdə güllədən qorunmaq üçün divarlar hörülür. Paralel olaraq Ermənistanda “İldırım-2015″ komanda-qərargah təlimlərinə başlanılıb. Erməni KİV-ləri yazıb ki, təlimlər çərçivəsində İrəvan yaxınlığındakı ”Nubaraşen” təlim poliqonunda qaçqınlar üçün şərti çadır düşərgəsi salınıb. Bundan əvvəl isə Ermənistanın Azərbaycanla sərhəd yaşayış məntəqələrindən əhalinin kütləvi evakuasiyası, habelə İrəvandakı mühüm obyektlərin əməkdaşlarının təcili köçürülməsi sınaqdan keçirilmişdi. Bütün bunlar düşmən ölkədə Azərbaycanla mümkün irimiqyaslı müharibə zamanı başlarına nə gələcəkləri barədə aydın təsəvvürlərin olmasından xəbər verə bilər (Virtualaz.org).
 
Azərbaycan ordusu da genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları keçirilir. Təlimlərə 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib. Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçan aparatlardan istifadə olunacaq.
Komanda Qərargah Hərbi Oyunlarında qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi, eləcə də düşmənin mühasirəyə alınması və darmadağın edilməsi üzrə tapşırıqlar icra olunacaq. Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 6.000 nəfərdən artıq hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək. Döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçiriləcəkdir. Komanda Qərargah Hərbi Oyunlarının son mərhələsində təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunacaq, praktiki raket buraxılışları və bombalama həyata keçiriləcək.
 
Bütün bu müşahidələr Qarabağda müharibənin qaçılmaz olduğu təsəvvürünü yaradır. Paralel olaraq Rusiyanın bölgədə xeyli aktivləşməsi, Gürcüstanın içərilərinə doğru irəliləməsini əsas gətirən xarici ekspertlər Qafqazda böyük savaşın baş verəcəyini proqnozlaşdırırlar. Hesab olunur ki, Rusiya Azərbaycana qarşı planlarını reallaşdırmaq üçün Ermənistan kartından istifadə edə bilər və bu zaman Bakı məcburən savaşa təhrik edilə bilər.  
Politoloq Arzu Nağıyev deyir ki, son vaxtar ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təşəbbüsü ələ almağa cəhd etdikcə gərginlik daha da artır: “Təbii ki, burada əsasən Rusiya daha çox maraqlıdır. Bunun səbəbi isə regionda nüfuz məsələsinin itirilməsidir. Məlumdur ki, ABŞ-ın əsas marağı iqtisadi maraqdır və Rusiya da buna görə Qərbdə Ermənistanla həmsərhəd olan və əsas iqtisadi kommunikasiyaların keçdiyi bölgədə gərginlik yaradır, bunu da Ermənistan silahlı birləşmələri vasitəsilə edir. İkincisi, bu üsulla Azərbaycanı Avrasiya İttifaqına üzv etməyə cəhd göstərir və Lavrovun gəlişində bu məqam var idi. Üçüncüsü isə artıq iri çaplı silahlardan istifadə edilməklə öz silah alverini genişləndirməyə çalışır. Bu, həmişə belə olur – NATO da Şərqi Avropada belə taktikadan istifadə edir. Sentyabrın 7-də Sərkisyanın Moskvada görüşü planlaşdırılır və bu hesabat və yeni təlimatlar görüşü olacacaq”.
Azərbaycanın sərhəd rayonlarındakı vəziyyətə gəldikdə, A.Nağıyev qeyd etdi ki, hazırda o, Tovuz rayonundadır və vəziyyəti şəxsən müşahidə edir. Onun sözlərinə görə, düşmənin hədəfində olan dinc əhalı təhlükə ilə üz-üzədir: “Artıq kəndlərin içəriləri də vurulur. Gecələr işıqlar söndürülür, zirzəmilərdə gecələyirlər. Dinc əhali arasında yaralananlar və evləri dağılanlar var. Təbii ki, ordumuz layiqli cavab verir, ancaq gərginlik qalmaqdadir. Düşünürəm ki, əhalinin qorunması vacib məsələdir. Doğrudan da, həmin ərazilərdə yaşamaq igidlik nümunəsidir və onların dincliyi üçün divarların tikilməsindən başlayaraq, vergilərdən azad etməyə qədər bir sıra güzəştlər tətbiq etmək lazımdır. Əks halda çox arzuolunmaz nəticələr ola bilər”.
Bu arada Azərbaycan və Ermənistan ordusunun müqayisəli təhlili də düşmənin xeyli zəif olduğu qənaətini ortaya qoyur. Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov Ermənistan hərbi hava qüvvələrinin son itkiləri və qüvvəsi, daha dəqiq ifadə etsək, qüvvəsizliyi barədə ANS-ə açıqlama verib. “Ermənistanda Su-25 tipli təyyarələr, Mi-24 helitopterləri var, bizdə Mi-35, Mi-8, Mi-9 təyyarələri var. Hava hücumundan müdafiə üçün ordumuzun ixtiyarında BUK zenit raket kompleksi var. Ermənistanda S300 raket kompleksləri var. Bu raketlər Dağlıq Qarabağa yerləşdirilməyib. Azərbaycan ordusunda isə S300 PMO Favorit raket kompleksləri var. Sadəcə müqayisədə görə bilərsiniz ki, texnikanın səviyyəsində biz üstünük. Şəxsi heyətin bacarığı isə daha da güclüdür”, – deyə R.Tahirov bildirib.
Bəs ölkə siyasətinin öndə gedən isimləri baş verənləri necə dəyərləndirir, müharibəni real sayırlarmı? 
 
Azərbaycanın müxalifət liderlərindən biri, Xalq Partiyasının  sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Azərbaycana qarşı təcavüz davam edir. Ona görə də Azərbaycan dövləti, cəmiyyəti və Silahlı Qüvvələri bu təcavüzə, işğala qarşı Konstitusiya və beynəlxalq hüquqa uyğun hərəkətləri etməlidir: “Bu gün Azərbaycan dövləti və cəmiyyəti qarşısında duran ən mühüm məsələ bundan ibarətdir. Dövlət bu istiqamətdə qətiyyətli addımlar atacaqsa, cəmiyyət də onu müdafiə edəcək”.
 
P.Hüseyn əlavə etdi ki, Qarabağ məsələsinə iqtidar-müxalifət kontekstindən yanaşmanı doğru saymır. Ordumuzun mövcud durumuna gəldikdə, müxalifət partiyasının sədri sadəcə  bunu dedi: “Ümumiyyətlə, ordu güclüdür və ya bu kimi başqa məsələlərin ictimai müzakirəsini mən doğru hesab etmirəm”.
Görünən budur ki, ordumuz da, iqtidarlı-müxalifətli cəmiyyət də Qarabağın azad olunmasına tam hazırdır. Sadəcə, Qarabağ ətrafında özünün təhlükəli oyunlarını oynayan xarici qüvvələrin müqaviməti olmasa, bu şərəfli hadisə qısa müddətdə reallaşa və Azərbaycan bayrağı Xankəndində dalğalana bilər…

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın