Bazar , Noyabr 29 2020
Ana səhifə / Müsahibə / “Bütün şəhid ailələrinə yardım ediləcək”

“Bütün şəhid ailələrinə yardım ediləcək”

Aprel ayının 2-dən 5-dək cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan pilotlarımız-mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılovun ailələrinə mənzil verilib. Aprelin 15-də şəhid pilotlarımızın ailə üzvləri mənzillərlə təmin olunub.

Qeyd edək ki, həmin evlər prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə təqdim edilib.

Məlum olduğu kimi, cəbhə bölgəsində davam edən bir neçə günlük savaşda Azərbaycan ordusu bir neçə şəhid verib. Əvvəlcə qeyd edək ki, döyüşlər zamanı Azərbaycan ordusu həm əsgər, həm də yüksək rütbəli zabitlərini də şəhid verib. Həmin şəhidlərin ailələrinə də yardım edilib-edilməyəcəyi müzakirə mövzusudur. Sosial şəbəkələrdə də genişmüzakirə mövzusu olan bu məsələ ilə bağlı rəsmi məlumat öyrənməyə çalışdıq.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirdi ki, bütün şəhid ailələrinə yardım edilməsi məsələsi gündəmdədir: “Şəhid ailələrinə yardım dövlət tərəfindən edilir. Digər şəhid ailələrinə də yardım ediləcək”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də məsələyə münasibət bildirildi.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev musavat.com-un sorğusuna cavab olaraq bildirdi ki, həlak olmuş hərbi qulluqçuya görə onun ailəsinə sığorta ödənişi (qanunvericilikdə buna görə şəhid ailəsi üçün “kompensasiya” anlayışı əksini tapmayıb) həmin hərbi qulluqçunun sığortaçısı olan təşkilat tərəfindən həyata keçirilir.


Nazirlik rəsmisi bildirdi ki, hərbi qulluqçuların ailəsi şəhid ailəsi statusu aldıqdan sonra onlara sosial yardım edilir: “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə və bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 1997-ci il tarixli 620 nömrəli Fərmanına əsasən hərbi qulluqçuların sığortaçısı Dövlət Sığorta Kommersiya Şirkətidir. Hərbi qulluqçularla bağlı sığorta hadisəsi baş verdikdə sığorta ödənişi həmin qurum tərəfindən təmin olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə şəhid ailəsi statusu olan ailələr qanunvericilikdə nəzərdə tutulan qaydada sosial təminat növləri ilə təmin edilirlər.

2016-cı il il aprel ayının əvvəllərində Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən silahlı təxribatın qarşısının alınması zamanı həlak olmuş hərbi qulluqçuların şəhid statusu, ailələrinə şəhid ailəsi statusu rəsmi qaydada müəyyən olunduqdan sonra onlar da nazirlik tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydada sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunacaqlar. Şəhid statusu və şəhid ailəsi statusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən, gizir və zabit heyəti üçün onların işləmiş olduqları yuxarı dövlət orqanının kadrlar idarəsinin, digər hərbi qulluqçularüçün isə hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon (şəhər) şöbəsinin arayışları əsasında təsdiq edilir.

Qeyd olunan arayışlarla şəhid ailəsi statusu təsdiq edilmiş ailələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeydiyyata götürülərək, onlara Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan 220 manat məbləğində aylıq təqaüdü, həmçinin onların 16yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşadək) övladlarına, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət ödənilir. Əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanır”.

E.Babayevin sözlərinə görə, əlavə olaraq şəhid ailələri müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə qeydiyyata alındıqları halda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəlilik qaydasında onların mənzillə təminatı da həyata keçirilir: “Bu vaxta qədər 5336 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub ki, onlardan 4845 nəfərini də məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələri təşkil edib. (Digərləri isə Böyük Vətən müharibəsi əlilləri, Çernobıl AES əliləri və müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillər olub)

Şəhid ailələrinin ölkəmizin ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı da Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət hesabına ödənilir.

Azərbaycan qanunvericiliyində şəhid ailələri üçün digər bir sıra güzəşt və imtiyazlar da əksini tapıb”.

musavat.com

Həmçinin oxuyun

“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” – Tofiq Zülfüqarov

Rəsmi Bakının kəskin etirazından sonra Fransa Xarici İşlər Nazirliyi senatın ermənipərəst qətnaməsinin hüquqi qüvvəsinin olmadığını …

Bir cavab yazın