Cümə , Oktyabr 23 2020
Ana səhifə / Müsahibə / “Əli Ömərov tabor komandirləri səviyyəsinədək əməliyyatlara müdaxilə edirdi…”

“Əli Ömərov tabor komandirləri səviyyəsinədək əməliyyatlara müdaxilə edirdi…”

Düz 23 il öncə – dekabrın qarlı-şaxtalı günlərində yüzlərlə Azərbaycan oğlu 3 min metrdən çox yüksəklikdə Kəlbəcəri ermənilərdən azad etmək üçün keçiriləcək əməliyyata hazırlaşırdı. Qarabağ savaşları tarixinə “Murovdağ əməliyyatı” kimi düşmüş,  öncə  çox uğurlu başlanan, təəssüf ki, sonda məğlubiyyətə düçar olan  bu döyüşlərin fəal iştirakçılarından biri – keçmiş “Bərdə taboru”nunu komandiri Gəray Əsədov Moderator.az o əməliyyatın gizlinlərindən danışdı…
(Müsahibənin əvvəli ötən nömrələrdə)
“Əli Ömərov tabor komandirləri səviyyəsinədək əməliyyatlara müdaxilə edirdi…”
– Gəray bəy,  Qarabağ savaşında Kəlbəcər-Laçın, Ağdərə, Ağdam və s. kimi ən qaynar nöqtələrdəki döyüşlərdə ermənilərlə üzbəüz  vuruşmuş peşəkar bir hərbçisiniz. Sizcə, 1993-1994-cü ilin qışında keçirilmiş Murovdağ əməliyyatının uğursuzluqla nəticələnməsinin əsas səbəbləri hansılar idi?
– Birincisi, əməliyyat keçirilərkən hava şəraiti və coğrafi relyef qətiyyən nəzərə alınmayıb. Bu da 43 gün ərzində qoşunların döyüş aparmasını, arxa ilə əlaqəsini və təchiz olunmasını hədsiz çətinləşdirib. İkincisi, hərbi qruplaşmalar arasında əlaqənin düzgün qurulub nizamlanmaması. Konkret olaraq fevraldakı əməliyyatlar zamanı sol cinahdakı 157 və 703 saylı briqadaların əmrə tabe olmayaraq əməliyyata qatılmamaları da uğursuzluqda böyük rol oynadı. Üçüncüsü, siyasi rəhbərlərin, o cümlədən baş prokuror Əli Ömərovun tabor komandirləri səviyyəsinədək əməliyyatlara müdaxilə etməsi, dördüncüsü, briqada komandirlərinin, məsələn, 701 saylı briqadanın komandiri Saleh İlyasovun öz səlahiyyətlərini icra etməyə imkan verilməməsi və nəticədə MN əməkdaşı Elxan Orucovun kobud səhvlər etməsi, beşincisi isə sıradan çıxmış təcrübəli döyüşçülərin təlim keçməmiş əsgərlərlə əvəz olunması və s…
“Əli Ömərov və Nəcməddin Sadıqovun da məhkəməyə gətirilməsini tələb etdik…”
 
– Bəs Kəlbəcərin azad edilmə planının baş tutmamasının əsas səbəbkarları kimlər oldu?
– Rəhbərlikdəki digər şəxslər arasında məğlubiyyətimizə səbəbkarların kimlərin olduğunu deməyə əlimdə əsas yoxdur. Amma şahidi olduğum hadisələrdən belə nəticəyə gəlirəm ki, Murovdağ əməliyyatlarının uğursuzluqla nəticələnməsinə  əsas cavabdeh şəxslər ilk mərhələdə baş prokuror Əli Ömərov və  Baş Qərargah rəisi Nəcməddin Sadıqov, sonrakı mərhələdə isə briqadaya faktiki rəhbərlik edən Elxan Orucov, Nəcməddin Sadıqovun müavini Rüfət Əmirov və onların ətrafındakı arxada oturub heç bir iş görməyən rus hərbçilər idi. Məhkəmədə biz tələb etdik ki, Əli Ömərov və Nəcməddin Sadıqov da dindirilməyə gəlsinlər, təəssüf ki, onlar gətirilmədi. Axı heç baş prokurorun hərbi əməliyyatlara müdaxilə etməyə ixtiyarı yoxdur… Yaxşı ki, Elxan Orucov gətirilmişdi. Amma təsəvvür edin ki, istintaq onun hansı əmrlə Murova göndərilməsini müəyyən edə bilmədi.  Məhkəmə zamanı o da aydın oldu ki, heç Müdafiə Nazirliyinin  Baş Əməliyyat idarəsində Kəlbəcərə hücumla bağlı əməliyyat hazırlanmayıb, Baş qərargahda müzakirə olunmayıb, nazir əmr verməyib. Yəni kor-koranə şəkildə minlərlə döyüşçünü, loru dildə desək,  basıblar azı 2500-3000 m-lik qarlı zirvələrdə düşmənin qabağına…
Hakim Elxan Orucovdan soruşdu ki, baş leytenant Gəray Əsədovun günahı nə idi? Cavab verdi ki, o, Buzluq yüksəkliyini aldı, sonra da verdi. Hakim də dedi ki, yaxşı o, Buzluğu verdi, bəs sən özün yüzlərlə yüksəkliyi qoyub gəlmisən, buna kim cavab verəcək…?
“Tacəddin Mehdiyev rəsmi raport yazıb Murovdağ əməliyyatında iştirakdan imtina edib…”
 
– Əməliyyatın uğursuzluğa düçar olması üçün Azərbaycanın xarici və daxili düşmənləri “QRU”-nun (Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsi) öncədən milli ordu rəhbərliyinə yerləşdirilmiş əməkdaşlarından da istifadə edə bilərdilərmi?
– Bunu dəqiq deyə bilmərəm. Amma o vaxt müdafiə nazirinin müavini olmuş general Tacəddin Mehdiyev sonralar müsahibələrində deyib ki, nazir mənə o vaxt Murovdağa gedib əməliyyat keçirmək əmri verdi, ancaq mən rəsmi raport yazıb qış vaxtı, belə yüksək dağ şəraitində uğurlu əməliyyatın mümkün olmayacağını bəyan edərək istefa verdim. Buna görə də həmin cəbhəyə Elxan Orucovu göndərmişdilər. Özü də onun özü ilə gətirdiyi zabitlərin əksəriyyəti ruslar idi: polkovniklər Qlebov, Andreyev, Mnakov və s.
“Həmin polkovnik Azərbaycan ordusundan zenit-raket kompleksini Rusiyaya qaçırıb və…”
Orucov briqadanın qərargahını iflic etdi.  Yəni, briqadanın “zampolitini” guya kömək adı ilə mənim yanıma göndərdi, qərargah rəisini başqa bir tabora göndərdi və s. Özü də həmin ruslarla arxada oturub başladı guya əməliyyatları idarə etməyə… Təsəvvür edin ki, artıq əməliyyatın iflasa uğradığı, ermənilərin bizi mühasirəyə saldığı günlərdə “kombriq” Saleh İlyasov polkovnik Qlebova zəng edir ki, kömək  göndərin. Qlebov isə cavabında deyir ki, “kombriq”, sən özün qərar ver, məndə xəritə də var, kompas da… Yəni mən buradan çıxacam, sən özün başına çarə qıl. Və  o da maraqlıdır ki, həmin polkovnik Qlebov təxminən 4 il sonra buradan qaçırdığı zenit-raket komplekslərini Rusiyada çeçenlərə satanda həbs edilmişdi…
Polkovnik Elxan Orucov ermənilərin radio-danışığı barədə niyə komandirlərə məlumat verməyib?
 
– Ermənilərin Ağdaban istiqamətindən hücumu zamanı bir tabor komandiri kimi sizin tərəfinizdən hansısa taktiki səhvə yol verilmişdimi?
– Bayaq xatırlatdığım kimi, o zaman əməliyyat planı hazrlanarkən Elxan Orucov əmrinə əsasən hazırda Baş Qərargah rəisinin 1-ci müavini olan Eyvaz Cəfərovun komandiri olduğu 703 saylı briqada və Rasim Əkbərovun 157 saylı briqadası da Ağdaban istiqamətində bizə dəstək verməli idi. Ancaq maraqlıdır ki, həmin silahlı birləşmələrdən heç biri yerindən də tərpənməmişdi… Və diqqət edin ki, biz guya müqəssir kimi mühakimə olunanda məhkəmədə tanış olduğum 8 cildlik cinayət işində belə bir məqamla rastlaşdım. Sən demə, sözügedən əməliyyat ərəfəsində briqada qərargahında ermənilər arasında radio-danışıqlar tutulub və məlum olub ki, ermənilər Beyləqan istiqamətindən bir motoatıcı alay, cinayətkarlardan ibarət “Dizak” qrupu və əlavə 300 nəfəri Ağdabana gətiriblər. Elxan Orucov isə bundan məlumatlı olduğu halda bizə xəbər verməyib və nəticədə komandiri olduğum tabor dəfələrlə artıq düşmən qüvvəsi ilə üz-üzə qalıb…
 
“Bizim tabor 2500-3000 m yüksəklikdə bir briqadanın vəzifəsini icra edirdi…”
Bundan əlavə, hərbi nizamnaməyə görə, bir taborun hücum xəttinin eni 5 km olmalıdır, biz isə 15 km-lik hücum xətti ilə getməyə məcbur idik. Həm də hücum edən tərəfin sayı qarşı tərəfdən 3 dəfə artıq olmalıdır. Bizim isə ermənilərin dəfələrlə artıq qüvvə ilə hazır istehkamlarda oturub gözləməsindən xəbərimiz yox idi. Yəni, biz məcburən bir briqadanın vəzifəsini icra edirdik. Həmin vəzifəni də dəniz səviyyəsindən 2500-3000 m yüksəklikdə dağ şəraitində, o cür qış havasında 90 faiz yerinə yetirdik…
“Meydançay əməliyyatı dünya hərb tarixində analoqu olmayan bir əməliyyat idi…”
 
– Özünüzü əməliyyat zamanı nəyisə etmədiyinizə görə günahkar sayırsınızmı?
– Yenə də deyirəm ki, biz bir zabit, bir döyüşçü kimi əlimizdən gələni etmişik. Təsvir etdiyim şəraitdə, 3700 m yüksəklikdə yol getməyin özü fədakarlıqdı. Orada döyüşən, donan, itkin düşən əsgərlərimizin ruhu bizi bağışlamaz. İştirak edənlər bilir ki, Meydançay əməliyyatı dünya hərb tarixində bəlkə də analoqu olmayan bir əməliyyat idi ki, Azərbaycan əsgəri onu həyata keçirməyi bacardı…
“Əmrlərin düzgün veriləcəyi və icra olunacağı təqdirdə Kəlbəcəri tam azad edə bilərdik…” 
Mən yayda Daşkəsənə getmişdim, oradan Murov dağına baxanda vahimələndim ki, ilahi, biz, o 18-20 yaşlı gənclər o dibi görünməyən qarlı sıldırımları necə keçmişik? Əslində bizim 701 saylı briqada təkcə düşmənlə yox, həm də təbiətlə də vuruşub. Biz günlərlə su, yemək üzü görə bilmirdik. Yanımızdakı çörəklər də şaxtadan daşa dönürdü, yeyə də bilmirdik. O şəraitdə döyüşləri aparsaq da, çox heyf ki, sonu uğursuz oldu… Halbuki biz sərt iqlim və çox ağır relyef şəraitinə baxmayaraq, Kəlbəcərin 13 kəndini azad edib, 22 km irəliləmişdik. Və əmrlərin düzgün veriləcəyi və icra olunacağı təqdirdə Kəlbəcəri tam azad edə bilərdik…
Sultan Laçın

Həmçinin oxuyun

“Artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur”- Tofiq Zülfüqarov

Terrorçu Ermənistanın törətdiyi cinayətlər səbəbindən Rusiya və Fransanın təşəbbüsü ilə əldə olunan hər iki humanitar …

Bir cavab yazın