Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Media / Təhsil nazirindən gözlənilməz qəra…

Təhsil nazirindən gözlənilməz qəra…

Müasir dövrümüzün ən aktual problemlərindən biri təhsildir. Bağçadan başlayaraq, universitetlərə kimi təhsil problemlərinin mövcudluğu bu mövzuda redaksiyamıza gələn şikayət məktublarının sayından bəllidir.

Sputnik-in redaksiyasına ünvanlanan daha bir məktubda da təhsil problemindən narazılıq ifadə olunur: “Salam. Mən — Rövşən Nəcəfov oğlumun təhsili ilə bağlı çox narahatam. Dünən sinif rəhbəri 9-cu sinifdə təhsil alan oğlum Səməd Nəcəfova və onun digər sinif yoldaşlarına xəbərdarlıq edib ki, təhsillərini ali məktəbdə davam etdirmək üçün bir neçə gün ərzində ixtisas qrupunu müəyyənləşdirərək seçsinlər və ərizə ilə direktora müraciət etsinlər. Onun sözünə görə, şagirdlər seçimlərinə uyğun olaraq qruplaşdırılacaqlar və təmayüllü siniflər yaradılacaq”.

Sinif rəhbəri qeyd edib ki, şagirdlərə, yalnız təmayülünə uyğun dərslər tədris olunacaq, digər fənlərin tədrisi dayandırılacaq. Bununla yanaşı, xəbərdarlıq olunub ki, əgər təmayül sinifi üçün yetərli sayda şagird yığılmazsa, o zaman şagirdləri digər təmayül sinifi olan məktəbə keçirə bilərlər. Bunu da 3-4 şagirdə görə məktəbdə təmayül sinifinin açılmasının qeyri-mümkün olması ilə əlaqələndirirlər. “Çox narahatam. Təmayül sinifi üçün lazım olan şagird sayı olmazsa, övladımı hansı məktəbə göndərəcəklər? Ümumiyyətlə, digər fənlərinin tədrisi yarımçıq qalacaqsa, ona necə tam orta təhsil şəhadətnaməsi verəcəklər? Xahiş edirəm bu suallara cavab tapmağıma kömək edəsiniz”- şikayətçi yazır.

Məsələ ilə bağlı saytın sorğusunu cavablandıran Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, bu ildən orta məktəblərdə təmayül siniflərinin yaradılması xəbəri həqiqətə uyğundur: “Şagirdlərin seçdiyi ixtisas qrupu üzrə təmayül fənləri təyin olunur. Amma digər fənnlərin tədris edilməyəcəyi ilə bağlı məlumatlar yanlışdır. Şagirdlərə digər fənnlər də tədris olunacaq. Sadəcə olaraq, əvvəllər daha çox fənn tədris olunurdusa, artıq qərar verilib ki, şagirdlərin həddən artıq yüklənməməsi üçün fənnlərin sayı bir qədər azaldılsın. Amma bütövlükdə bütün fənlərin keçirilməməsi məsələsi doğru deyil”.

Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, təmayülləşmiş məktəblərin yaradılmasına hələ iki il öncə başlanılıb və təhsil nazirinin göstərişi ilə Bakı və Sumqayıt şəhərlərində bir neçə belə məktəb təyin edilib. “Bu ildən isə belə məktəblər daha da artıb və artıq 2016-2017 tədris ilindən ölkənin 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunur. Belə məktəblərdə tədris şagirdlərin meyl və maraqlarına uyğun olaraq profilləşir. Belə olan halda, profilə uyğun olaraq həmin fənnlər daha da dərindən tədris edilir və gələcəkdə şagirdlərin qarşılarına qoyduqları məqsədə çatmaq üçün böyük kömək olur. Bu nəinki Azərbaycanda, dünya təcrübəsində tətbiq edilən təhsil sistemidir”.

Nazirliyin sözçüsü təsdiq edib ki, təmayül siniflərinin təşkili üçün müəyyən say lazımdır: “Vəziyyətdən asılıdır. Məsələn, hansısa qrup üzrə seçim edən seçim edən şagirdlərin sayı 3-4 nəfər olarsa, bu zaman onlar təmayülləşmiş başqa məktəbdəki siniflərə köçürülə bilərlər. Axı 3-4 şagird üçün sinif açmaq mümkün deyil”.

Sözügedən yeniliyi şərh edən təhsil üzrə ekspert Nadir İsrafilov, bu məsələdə müəyyən problemlər meydana çıxdığını deyib: “İstər təhsil, istər “Azərbaycan 2020: gələcəyə baxış” dövlət strategiyasında 12 illik təhsilə keçid nəzərdə tutulur. Burada ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil tətbiq olunacaq. Hal — hazırda bir neçə məktəbdə pilot layihə kimi həyata keçirilir və bunun da bəzi çatışmazlıqları var. Çünki, biz bu sahədə də tələsirik”.
N. İsrafilov tətbiq edilən yenilikdən də narazıdır. O bildirir ki, hazırda bəzi şagirdlər 9-cu siniflə bağlı qaydaların dəyişdirilməsindən istifadə edərək məktəbə getmirlər və təmayüldə oxumaq əvəzinə özləri hazırlaşırlar.

Ekspertin sözlərinə görə, məktəblərdə, yalnız təmayül fənnləri keçmək olmaz: “”Təhsil haqqında” qanunda yazılır ki, təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamalıdır. Artıq ayrı-ayrı fənnlər təhsil sistemindən çıxarılırsa, orta məktəbi bitirən şagird sistemləşdirilmiş biliklərdən məhrum olur və konkret bir sahə üzrə formalaşır. Bu da təhsil qanunvericiliyi ilə uzlaşmayan məsələdir. Düşünürəm ki, biz yenə tələsdik və indi yaranan problemlər bunun fəsadlarıdır”.

Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …

Bir cavab yazın