Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Sakinlərdən Elmira Süleymanovaya müraciət: “AMEA rəhbərliyi yaranmış problemləri həll etmək niyyətində deyil”

Sakinlərdən Elmira Süleymanovaya müraciət: “AMEA rəhbərliyi yaranmış problemləri həll etmək niyyətində deyil”

Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən “Aspirantlar yataqxanası”nda daimi qeydiyyatda olmaqla yaşayan sakinlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya müraciət ünvanlayıblar.
Azinforum.az “Aspirantlar yataqxanası”nın sakinlərinin ombudsmana müraciətini təqdim edir:

“Hörmətli Elmira Süleymanova!

AMEA-nın mərhum prezidenti akademik Mahmud Kərimovun və Yasamal rayon Şərifzadə küçəsi 12 ünvanındakı yataqxanada acınacaqlı vəziyyətdə yaşayan sakinlərin Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına müraciətindən sonra bu məsələnin həlli ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş verilmiş, həmin ünvanda yaşayan 118 ailənin razılıq imzası alınmış, “Evrostroy-S” MMC ilə AMEA arasında 14.11.2012-ci il tarixində podrat müqaviləsi imzalanmışdır. Bakı şəhər icra hakimiyyətinin 19.12.2012-ci il 564 saylı sərəncamı ilə Yasamal rayonu Şərifzadə 12 ünvanında yerləşən “Aspirantlar yataqxanası”nın həyətindəki 0.66 ha torpaq sahəsi “Evrostroy-S” MMC-yə, bu yataqxanada yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və onların hər birinin (118 ailə) 65 m2-dən az olmayaraq mənzillə təmin olunması şərti ilə 4 ədəd 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Həmin podrat müqaviləsinin 1.3 maddəsində qeyd olunur: “Podratçı” Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan, daimi qeydiyyatı və orderləri olan akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa etdiyi 1girişli 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla sifarişçiyə təhvil verməyi öz üzərinə götürür”. Müqavilədə açıq şəkildə yazılıb ki, tikinti şirkəti öz hesabına bu yataqxanadakı sakinlər üçün mənzillər tikib AMEA-ya təhvil verəcək.
Hazırda yataqxananın həyətindəki ərazidə layihə üzrə nəzərdə tutulan 4 ədəd 16 mərtəbəli binanın yerində 5 ədəd bina tikilmiş və təhvil verilmişdir. Yataqxananın təxminən 3-4 metrə qədər yaxınlığında tikilən yeni binaların inşası zamanı bütün insan hüquqlarımız kütləvi şəkildə pozulmuşdur. 5 ilə qədər acınacaqlı şəraitdə yaşamağımız, ailə üzvlərimizin səhhətinə ciddi zərər vurmuşdur (tikintinin toz-torpağı nəinki böyüklərin, həm də uşaqlarımızın səhhətinə ciddi zərər vurmuş; səs-küyün yaratdığı rahatsızlıq elmi yaradıcılığımıza mane olmuş və olmaqda davam edir; onsuz da acınacaqlı vəziyyətdə olan otaqlar günəş işığından məhrum olmuşdur; mənzillərdə nəmlənmə və kiflənmə son həddə çatmışdır və s.).
Ən ali qanunumuzun – Konstitusiyamızda təsbit edilən insan hüquqlarımızın pozulmasına bu qədər dözümlülük göstərməyimizin yeganə səbəbi yeni tikiləcək binada mənzillə təmin olunacağımıza bəslədiyimiz inam olmuşdur. Lakin 13.06.2017 tarixdə AMEA rəhbərliyinin verdiyi ədalətsiz qərar ölkədə həssaslıqla qorunan haqq və ədalətə olan güvənimizi kökündən sarsıtdı. Belə ki, AMEA çox ədalətsiz bölgü apararaq yalnız bir qrup sakini müqavilədə göstəriləndən artıq (113, 105, 98 m2 və s.) sahəyə malik mənzillərlə təmin edib. Bizə verilmək üçün nəzərdə tutulan digər mənzilləri isə xüsusi qazanc məqsədilə mənimsəmək istədiyinə görə bizi qanunsuz olaraq mənzil almaq hüququndan məhrum etmişdir.
Artıq iki aya yaxın müddətdir ki, biz – yataqxana sakinləri AMEA tərəfindən aparılmış ədalətsiz mənzil bölgüsünün ləğv olunması barədə dəfələrlə etdiyimiz müraciətlərin nəticəsi olaraq AMEA rəhbərliyi mənzil komissiyasını ləğv etmək deyil, tərkibində dəyişiklik etmək qərarına gəldiyini bildirib. AMEA rəhbərliyi və mənzil komissiyasının mövqeyini nəzərə alsaq, yaranmış münbit vəziyyətdən istifadə edib vətəndaşların rifahını yaxşılaşdırmaq əvəzinə öz maraqlarını üstün tutaraq narazı sakinlərin hüquqlarını bilərəkdən pozduqlarını görürük. AMEA rəhbərliyi qeyd olunan ünvanda yaşayan hüquqları pozulmuş sakinlərin problemlərini həll etmək əvəzinə, qəbul xatirinə qəbullar təşkil edərək yalançı vədlər verib zaman qazanmaq niyyəti güdmüşdür. Görünən o olmuşdur ki, AMEA rəhbərliyi heç bir problem həll etmək niyyətində olmamış, əksinə olaraq qondarma komissiyanın qərarı ilə mənzil almış bina sakinləri ilə mənzil hüquqlarından məhrum olunmuş sakinləri üz-üzə qoyaraq konflikt yaratmaqla məşğuldur. Butün bunlar ona hesablanmışdır ki, nə olur-olsun AMEA rəhbərliyi hər vəchlə öz maraqlarını üstün tutub yaranmış problemləri həll etmək niyyətində deyil. Ona görə də, biz – sakinlər AMEA rəhbərliyinin təmsil olunduğu mənzil bölgüsü aparan yeni mənzil komissiyasının obyektiv qərarlar qəbul edəcəyinə inanmırıq.

Hörmətli Elmira Süleymanova!
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili kimi Sizin bu məsələdə həssaslıq göstərərək yataqxana sakinlərinin Akademiya rəhbərliyi tərəfindən bütün pozulmuş hüquqlarını tam bərpa olunmasına kömək edəcəyinizə inanaraq, yaranmış yeni mənzil komissiyasının işində birbaşa iştirak etməyinizi ümid edərək, bu müraciəti Sizə ünvanlayırıq”.

 

Azinforum.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın