Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / Şahvələd Əliyevdən dövlət büdcəsinə sarsıdıcı zərbə – FAKT

Şahvələd Əliyevdən dövlət büdcəsinə sarsıdıcı zərbə – FAKT

Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-yə ayrılan 700 min manat necə mənimsənilib? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun Namiq adlı sürücüsünün həbs olunması xəbəri uzun müddət mətbuatda müzakirə mövzusuna çevrilmişdi. Məlumatı olmayanlar üçün bir daha xatırladaq ki, xidmət rəisinin sürücüsü SHXÇDX-də yüksək vəzifələrdə işə düzəltmək adı ilə ayrı-ayrı vətəndaşlardan ümumilikdə 500 min manatdan artıq pul alaraq sonradan onların pullarını mənimsəyib. O, birindən 100 min manat, digərindən 200 min manat, başqasından 50 min, ümumilikdə isə 500 min manat pul götürərək onları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yüksək vəzifələrə işə düzəldəcəyinə dair söz verib. Lakin sonradan məlum olub ki, generalın sürücüsü həmin pulları özünə götürüb, söz verdiyi şəxsləri də aldadıb. Hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsindən sonra isə sürücü barəsində cinayət işi açılıb, onun əməlləri tam şəkildə sübuta yetirilərək həbs edilib. Yadınızdadırsa, bu xəbəri verəndə demişdik ki, xidmətdə böyük həbs dalğası gözlənilir. Çünki qurumun əsas vəzifələrində oturan şəxslər əyri işlərə imza atmaqla məşğul olurlar.

Bu arada qeyd edək ki, SHXÇDX-nin tabeliyində olan «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-də də xoşagəlməz işlər cərəyan edir. Əvvəlki saylarımızda MMC-nin rəhbəri Şahvələd Əliyevin göyə sovurduğu pullardan söz açmışdıq. Gundelik-baku.com xəbər verir ki, bir müddət əvvəl MMC-yə təmir-tikinti işləri ilə bağlı olaraq 700 min manat vəsait ayrılıb. Müşahidələrimiz isə onu göstərir ki, «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» həmin vəsaitin heç də hamısını nəzərdə tutulan işlərə yönəltməyib. Vur-tut həmin məbləğin 100 min manatı təmir işlərinə xərclənib. Digər işləri isə ayrı-ayrı şöbələr həyata keçirib. Bəs, yerdə qalan 600 min manat kim (lərin) cibinə gedib? Bunu araşdırıb tapmaq isə bizim yox, müvafiq dövlət qurumlarının işidir. İnanırıq ki, qeyd olunan faktlarla bağlı tezliklə bir tədbir görüləcək. Sonda onu da bildirək ki, sözügedən mərkəz vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirmək məqsədi ilə yaradılıb. Çox təəssüf ki, bu gün mərkəz yalnız sürücülük məktəblərindən ibarətdir. Yəni MMC rəhbərliyi üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarmırlar. Heç olmasa əvvəllər ayda bir-iki dəfə tədbirlər keçirib, cəmiyyət nümayəndələri, gənclər arasında təbliğat işləri aparırdılar. Hazırda mərkəz demək olar ki, fəaliyyətsiz quruma çevrilib. Görəsən, Şahvələd Əliyev buna görə heç narahat olurmu? Qeyd edək ki, «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-də cərəyan edən qanun pozuntularının və Şahvələd Əliyevin imza atdığı yeyinti faktlarının izinə düşmüşük. Tezliklə bu mövzu ətrafında geniş araşdırma yazısı hazırlayacağıq. Bizi izləyin. Qarşı tərəfi də dinləyə bilərik. Gundelik-baku.com

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə bundan uğurla yararlanıb – “Qardian”

Azərbaycanın Ermənistana qarşı qazandığı uğurlarda “Bayraqdar” dronlarının əhəmiyyəti bütün dünyanın gündəmindədir. Axar.az xəbər verir ki, …

Bir cavab yazın