Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Media / Öz övladının qatilinə cevrilən valideynlər cəzalandırılacaq

Öz övladının qatilinə cevrilən valideynlər cəzalandırılacaq

İyulun 30-da Suraxanı rayonunun Əmircan qəsəbəsində azyaşlı Nuray Əfəndiyeva yaşadığı mənzilin pəncərəsindən yıxılıb və hadisə yerində ölüb. Bir gün əvvəl isə Nizami rayonunda 3 yaşlı uşaq yaşadığı binanın eyvanından yıxılmışdı…

Son vaxtlar az qala hər gün valideyn nəzarətsizliyindən pəncərədən, eyvandan yıxılıb ölən uşaqlarla bağlı xəbərlər oxuyuruq. Təkcə iyul ayında 6 uşaq valideyn məsuliyyətsizliyinin qurbanı olub.

Əvvəllər bu cür faciəli ölümlərə ən yaxşı halda psixoloq və ya hüquqşünastlar standart açıqlama verməklə münasibət bildirirdi. Amma son ayların dəhşət saçan statistikası hüquq mühafizə orqanlarını da “dilə gətirib”. İyulun 13-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq açıqlama yayaraq valideynləri diqqətli olmağa çağırıb. “Son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı səbəbindən azyaşlı övladlarının nəzarətsiz olmaları nəticəsində yaşadıqları mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir. Mayın 12-də paytaxtın Nizami rayonunda 3 yaşlı İsa Vəliyevin, mayın 28-də 3 yaşlı Jalə İbrahimovanın, iyunun 28-də Binəqədi rayonunda 2 yaşlı İmran Quliyevin, iyulun 3-də 5 yaşlı Nadir Xəlilovun və iyulun 10-da Pirallahı rayonunda 2 yaşlı Arzu Abışzadənin yaşadıqları çoxmərtəbəli mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri faktları qeydə alınıb. Rayon prokurorluğu və polis orqanları əməkdaşları tərəfindən hadisə yerlərinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Qeyd olunan faktlar üzrə müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işləri başlanıb və istintaq aparılır”, – deyə qurumların birgə açıqlamasında qeyd olunur.

Amma açıqlamanın yayıldığı gündən – iyulun 13-dən 30-dək azyaşlı ölümünə səbəb olan daha 3 faicə qeydə alınıb. Və görünür ki, valideynlərə xəbərdarlıq kifayət etməyib.

Bəs, baş verən faciələrin qarşısını necə almaq olar? Virtualaz.org saytı bu suala cavab axtarmaqla azyaşlıların belə faciəli şəkildə həlak olmasının arxasında dayanan böyük məsuliyyətsizliyə diqqəti cəlb etməyə çalışıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, valideyn məsuliyyəti qanunla tənzimlənməlidir. Və qanunda cərimədən tutmuş azadlıqdan məhrumetməyə qarşı bütün cəza növləri nəzərdə tutulmalıdır. “Valideyn nəzarətsizliyi nəticəsində hər il təxminən 20-30 uşaq ya dünyasını dəyişir, ya da xəsarət alır. Yəni valideyn məsuliyyətsizliyi ilə öz övladının qatilinə çevrilir”, – hüquq müdafiəçisi belə hesab edir.

Bəs valideynlər uşaqlara qarşı niyə bu qədər diqqətsiz olublar? K.Ağazadənin fikrincə, valideynlərin internetə, xüsusilə də sosial şəbəkələrə aludə olması çox hallarda uşaqların nəzarətsiz qalması ilə nəticələnir: “Bizim təşkilatın sığınacağına gətirilən uşaqların əksəriyyəti də valideyn məsuliyyətsizliyindən küçələrə düşüb. Valideynlər əksər halda sosial problemləri qabartmaqla məsuliyyətsizliyi pərdələməyə çalışırlar. Amma uşaqların nəzarətsiz qalmasına haqq qazandırmaq olmaz”.

Psixoloq Səbinə Babayeva da interneti ailələrin ən böyük faciəsi adlandırır: “Təəssüf ki, bu gün baş verən faciələrin əksəriyyəti internetdən qaynaqlanır. Uşaqların aqressiv olması, insanlar arasında ünsiyyətin zəifləməsi, intiharlar və digər problemləri internetin bəlaları sırasındadır”.

Müsahibim deyir ki, ona müraciət edən valideynlərin çoxu uşağın davranışından şikayətçidir. “Araşdırma nəticəsində isə bəlli olur ki, ya valideyn kompüterin qarşısında çox vaxt keçirir, ya da uşaq. Ana söyləyir ki, uşağın kompüterin qarşısında saatlarla vaxt keçirməsi onun işini asanlaşdırır. Çünki uşaq hər dəqiqə gəlib onu narahat etmir. Amma bəzən ani nəzarətsizliyin faciələrə yol açdığı unudulur”.

S.Babayeva daim məşğul olan valideynlərə təhlükənin qarşısını almaq üçün təkliflər verib: “Xüsusilə yay aylarında evin havalandırılması üçün qapı-pəncərələr daim açıq olur. Azyaşlı övladı olan ailələr pəncərələrə dəmir barmaqlıqlar vurmaqla təhlükədən sığortalana bilərlər. Çoxmərtəbəli binalarda eyvanlara açılan qapı bağlı saxlanılmalıdır. Bundan əlavə, valideynlər, xüsusilə də analar evdə günün planını tutmalı, uşağa vaxt ayırmalıdırlar”.

Psixoloq sosial çarxların hazırlanmasını, əhalinin gur olduğu yerlərdə, ictimai nəqliyyatda göstərilməsini təklif edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə valideyn məsuliyyətini tənzimləyən qanun layihəsi hazırlayıb. Qanunda uşaqların nəzarətsiz qalmasından tutmuş erkən ərə verilməsinədək bütün nüanslar nəzərə alınıb. Komitənin mütəxəssisləri hesab edirlər ki, valideynlərin cərimələnməsi və ya həbs təhlükəsi vəziyyəti nisbətən dəyişəcək. Gözləyək…

Həmçinin oxuyun

Fransada Qarabağ haqqında reportajın müəllifi olan jurnalist kəskin tənqid olunur

«Sərhədsiz Reportyorlar» TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona …

Bir cavab yazın