Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Media tərəqqisində yeni dövr-reklam,gəlir və yardımdan “0” vergi…

Media tərəqqisində yeni dövr-reklam,gəlir və yardımdan “0” vergi…

Azərbaycanda media subyektləri vergidən azad edilir. Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə gəlir vergisindən azad edilir.


Azərbaycanda media subyektlərinin bir sıra xidmətləri də vergidən azad edilir. Məcəlləyə edilən dəyişikliyə əsasən, media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilir.
Dəyişikliklərlə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.
Media subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsi gələcəkdə media subyektlərinin daha çevik və iqtisadi fəallığa uyğun biznes fəaliyyəti həyata keçirməsinə imkan verəcək. Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin media subyektlərinə güzəştlərin tətbiqi il bağlı Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deyib.


O qeyd edib ki, bu güzəştlər eyni zamanda jurnalistikanın peşəkarlığının artırılmasına imkan verəcək.
Əhməd İsmayılov eyni zamanda bildirib ki, media reyestri birmənalı olaraq kimin jurnalist olmasını müəyyən etmir. Jurnalistlər media reyestrində olmadan da azad şəkildə informasiyanın hazırlanması, ötürülməsi və digər jurnalistika prinsipinə uyğun olaraq fəaliyyətlərini davam etdirə bilərlər.
O qeyd edib ki, hansı jurnalist özünü media reyestrində görmək istəyirsə, özünü media reyestrində bəyan edir. “Media reyetstrində bəyan etdikdən sonra dövlətin tətbiq edəcəyi imtiyazlar barədə məlumatlandırılır və həmin imtiyazlar tətbiq olunmağa başlayır”, – deyə o qeyd edib. İcraçı direktor bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik qəbul edildikdən sonra medianın maliyyə sahəsində şəffaflanmasına, eləcə də reklam bazarında canlanmaya şərait yaradacaq.


Ə.İsmayılov bildirib ki, agentliyin biznes subyektləri və sahibkarlarla görüşü nəzərdə tutulub.
“Biz çalışacağıq ki, bu görüşdə sahibkarlarımızın, biznes subyektlərimizin reklama dəstək verməsi üçün onlara nə lazım olduğunu və qanunvericilikdə hansı mexanizmlərin öz əksini tapa biləcəyini müzakirə edək. Media subyektlərinin rəhbərləri ilə biznes subyektlərinin görüşlərini təşkil etmək istəyirik. Bu görüşlərdə biznes subyektlərinin mediaya dəstək olması üçün müzakirələr keçiriləcək. Düşünürəm ki, bu görüşlərdən sonra ortaq bir fikrə gələ bilərik”, – deyə o qeyd edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bildirib ki, media subyektlərinə tətbiq edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək. O deyib ki, media subyektlərinə dəstək olaraq bu az məbləğ deyil, ancaq medianin inkişafı dövlət büdcəsinin digər sahələrdən gələn gəlirlərinin artmasına imkan verəcək.
Komitə sədri qeyd edib ki, Azərbaycandan xaricə milyonlarla reklam pulları axır. “Sosial şəbəkələrə baxsaq bunu görə bilərik. Bu gün sosial şəbəkələr reklam baxımından media subyeklərini üstələyir, onların daha çevik alətləri var. Vergi dyişiklikləri media subyektlərinə də daha çevik işləməyə imkan verəcək”, – deyə o qeyd edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə isə deyib ki, media subyektlərinə tətbiq edilən vergi güzəştlərinin 3 ildən 5 ilə qədər uzadılması təklif edilir.
M.Abbaszadə qeyd edib ki, media subyektlərinə tətbiq edilən vergi güzəştləri media subyektlərinin iqtisadi vəziyyətini yaxşılaşdıracaq. “Hesa edirəm ki, vergi güzəştlərinin 5 il olması media subyektlərinə daha yaxşı imkan yarada bilər, onlar fəaliyyətlərini daha yaxşı planlaşdıra bilər. Biz də gələcəkdə vergi güzəştlərinin səmərəsin necə olduğunu daha yaxşı görə bilərik”, – deyə o qeyd edib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …