Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Rusiya öz imzasına hörmət qoymur, verdiyi vədə əməl etmir”

Təbriz Musayev: “Rusiya öz imzasına hörmət qoymur, verdiyi vədə əməl etmir”

MDB ölkələri İnstitutunun Ermənistan bölməsinin direktoru Aleksandr Markarov Rusiyanın “eadaily.com” saytına müsahibəsində bütün çərçivələri aşaraq Laçın yolunda aksiya keçirənləri ekoterrorçu adlandırıb:

“Məlumdur ki, Rusiya sülhməramlıları ilə Azərbaycan arasında blokadanın açılmasına dair danışıqlar gedir, lakin indiyədək gördüyümüz kimi, müsbət nəticə verməyib. Buna görə də Ermənistan cəmiyyətində açıq-aşkar narazılıq var. Rusiyaya verilən suallar, prinsipcə, təbiidir: “Niyə Laçın dəhlizində yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti öz resurslarından istifadə edərək azərbaycanlı “ekoloji fəallar” və ya “ekoterrorçular” tərəfindən yaradılan blokadaya son qoya bilmir? Digər tərəfdən, sülhməramlıların mandatı, deyək ki, çox sadələşdirilmişdir, ona görə də mülki adlanan şəxslərə hər hansı təsir tədbirlərini tətbiq etmək kifayət qədər çətindir”.

Görünən odur ki, Rusiya informasiya resursu ermənilərin mövqeyindən çıxış edən şəxslərə Laçın yolunda aksiya keçirənləri “ekoterrorçu” kimi təqdim etməyə şərait yaradır. Markarov qərəzli mövqedən çıxış edərək onları “ekoterrorçu” adlandırır, sayt da belə fikirləri dərc edir.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Rusiya timsalında belə halların baş verməsi təəccüblü deyil: “Ona görə ki, Rusiya öz imzasına hörmət qoymur, verdiyi vədə əməl etmir. Tarixən bu belə olub. Azərbaycanla Rusiya arasında 2022-ci ilin fevralında müttəfiqliyə dair müqavilə imzalanıb. Müqavilədə bir sıra məsələlər öz əksini tapıb. O cümlədən də, media vasitələrində sözügedən məsələlərə diqqət edilməsi öz əksini tapıb. Ancaq bu bir ildə prinsipial olaraq dəyişən bir şey olmayıb. Rusiyanın bir sıra informasiya resursları Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatları tirajlayır. Media prinsiplərindən çıxış edərək qarşı tərəfin mövqeyi də verilməlidir. Ancaq Azərbaycana gəldikdə, bu nəzərə alınmır. Yalnız erməni tərəfinə təəssübkeşlik edirlər. Bir sıra mətbuat orqanları, ümumiyyətlə, Ermənistanın mövqeyindən çıxış edir. Sanki Ermənistan dövlətini təmsil edirlər. Məsələnin təəccüb doğuran tərəfi odur ki, Laçında aksiya keçirənləri hansısa sıradan bir politoloq yox, bəlli statusu olan şəxs “ekoterrorçu” adlandırır. Baxmayaraq ki, Markarovun səsləndirdiyi fikirlər məsuliyyət yaradır. Ancaq Moskvada ona bununla bağlı irad bildirilmir. Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan deputatı Vitali Milonov Azərbaycana qarşı ağzına gələni danışır, sərsəm fikirlər səsləndirir, amma ona dur deyən olmur. Halbuki, “Vahid Rusiya” hakim partiyadır. Jirinovskinin partiyası deyil ki, deyəsən sərsəmləyir. Deməyim odur ki, Rusiya üçün fərqi yoxdur. Müqavilə bağlamırsan nə edirsən et, xeyri yoxdur. Bu baxımdan biz belə təxribatlara hər zaman hazır olmalıyıq və gərəkən adekvat cavabı verməliyik. Başqa cür mümkün deyil”.

Bir sözlə, İAT sədri hesab edir ki, Rusiya imzasına hörmət qoymadığı üçün bu ölkəyə etibar etmək olmaz.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …