Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Media / Bakıda qəbiristanlıqlardan biri dəfn üçün qapadıldı

Bakıda qəbiristanlıqlardan biri dəfn üçün qapadıldı

Xətai rayonundakı Zığ Zeytunluq Sovxozunun ərazisində yerləşən qəbiristanlıq qapadılıb, ərazidə dəfn edilməsinə icazə verilmir. Bunu virtualaz.org saytına yaxınlıqda yaşayan sakinlər deyiblər.

Zeytun ağacları ilə əhatələnmiş qəbiristanlıqda 200-dən çox məzar var. Amma qəbiristanlıq baxımsız qaldığından ətraf zibil tullantıları ilə əhatələnib. “Digər qəbiristanlıqlardan fərqli olaraq, buranın rəsmi işçiləri yoxdur, zibil tullantıları, məzarın üzərindəki ot-alaq ziyarətə gələnlər tərəfindən yandırılır”, – məzarlığı ziyarətə gələnlər söyləyiblər.

Bir müddət əvvəl zeytunçuluğun inkişafı məqsədilə qəbiristanlığın köçürülməsi məsələsi gündəmə gəlib. “Dedilər ki, məzarları Hövsan və ya Zığ kəndi ərazisinə köçürəcəklər. Ərazidə zeytun ağaclarının sayının artırılması, yaxınlıqda park salınması təklif olunurdu. Amma sonradan köçürülmə olmadı. İndi də məzarlığın hasarlanacağı söylənilir”, – yaxınlıqda yaşayan Elnur İslamov deyir.

Ziyarətə gələnlər isə mərmər güldanların, dəmir hasarların, məzar üstünə qoyulan güllərin oğurlanmasından şikayətçidirlər. “Qəbiristanlığa nəzarət yoxdur, məzarların üstündə su şüşəsindən tutmuş, yemək qalıqlarınadək nə istəsən var. Pul verib məzarın üstünü təmizlətmək mümkündür. Amma oğurluğun qarşısını almaq olmur”, -qardaşının məzarını ziyarət edən Nəsib adlı şəxs deyir. Onun sözlərinə görə, bir saat əvvəl gül gətirib, molla ilə danışıb qayıdanda güllərin oğurlandığını görüb. “Burda ilan çox olduğundan yay aylarında gəlmək olmur. Payız-qışda isə qəbirstanlığın bir hissəsi su altında qalır. Ərazinin nəzarətsiz qalması hörmətsizlikdir”.

Zeytunluq sovxozunun əməkdaşları da qəbiristanlığın dəfn üçün qapadıldığını deyiblər. Onların sözlərinə görə, ərazinin abadlaşdırılması nəzərdə tutulub, lakin qəbiristanlığın taleyindən xəbərsizdilər.

Həmçinin oxuyun

“Gəncə və Bərdədə gördüyümüz səhnələr dəhşətli idi” – Fransalı jurnalist

Döyüş zonasından uzaqda yerləşən Bərdə bazarına kasetli bombalarla hücum edilmişdi. Bu, dəhşət idi, bomba heç …

Bir cavab yazın