Ana səhifə / Şou Biznes / Keçmiş deputatdan etirazçı idmançılara sərt sözlər

Keçmiş deputatdan etirazçı idmançılara sərt sözlər

Sabiq deputat, jurnalist Etibar Hüseynov iki gün öncə etiraz edən idmançılar barədə yazıb.

O, öz yazısını çap olunması üçün müsavat.com-a da yollayıb. Yazımı olduğu kimi dərc edirik:

“Dünya və Olimpiya çempionu olmuş güləşçilərimizin etiraz aksiyasını bir çoxları kimi mən də təəssüflə izlədim. Hər bir halda məsələni ictimailəşdirmədən, (düşmənlərimizi sevindirmədən!) sadəcə cənab prezidentə bir müraciətlə də həll etmək olardı. Çünki ölkə başçısının idmana və idmançıya diqqəti məlumdu.

Sözüm sizədi, əziz dostlar, əziz idmançılar! Hər biriniz bizim fəxrimiz, qürurumuzsunuz. Çünki uzun illər ən çox tamarzı qaldığımız qələbə sevincini də bizə məhz sizlər yaşadıbsınız. Buna görə bir daha sevgi və sayğılar hər birinizə. Amma bu nailiyyətinizə görə dövlət də, millət də sizlərə əlindən gələni artıqlaması ilə edib axı. Bu gün – beynəlxalq yarışlara sayılı günlər qaldığı bir vaxtda maaş davası eləmək, bir sıra şantaj xarakterli, ultimativ tələblər səsləndirmək heç sizlərə yaraşırmı? Axı dünyanın heç bir ölkəsində idmançı bu qədər hörmət və diqqətlə dəyərləndirilmir. (Bir sıra ən varlı və hegemon dövlətlərlə bağlı müqayisələr hətta təəccüb belə doğurur.) Bu gün “qanuni maaşımızı istəyirik” deyirsiniz.

Tamam, haqqınızdır. Bəs hər dəfəsində aldığınız fantastik məbləğdə rəsmi mükafatla bərabər, həmin mükafatın az qala həcmi qədər də qeyri-rəsmi hədiyyə və mükafatlar da alıbsınız axı. İndi isə bir qədər gecikdiyinə görə aylıq maaş davası edirsiniz. Bəyəm çempion olmadan əvvəl yüksək maaş alır, indiki kimi komfortlu həyat sürürdünüz? Nə oldu, ölkə bir balaca iqtisadi çətinliklər yaşayan kimi nədən ona dil uzatdınız?! İnciməyin, amma bir çoxları kimi mən də bunu bəzilərinin qarşıdan gələn yarışlarda uğrayacağı məğlubiyyətdən sığortalanmaq cəhdi, bəhanə kimi qiymətləndirirəm.

Bu dövlət heç kimə sizə göstərdiyi diqqət qədər dəyər verib, mükafatlandırmayıb. Hətta buna görə onu kifayət qədər qınayıblar da. Amma təəssüflər olsun ki, bir çoxları bu diqqət və qayğıdan ruhlanıb daha böyük nəticələr əldə etmək əvəzinə, səs-soraqları idmandan başqa haralardan desən gəldi. Növbəti yarışmalarda isə biabırçı nəticələr və sairə… Dünyanın idman ulduzları əldə etdikləri mükafatların önəmli bir hissəsini sosial fond və ya xeyriyyə aksiyalarına sərf etdikləri halda, sizin timsalınızda bunun şahidi olmadıq. Amma bu, önəmli deyil, öz halal pulunuzdu, özünüz bilərsiniz. Lakin bu gün hansısa müvəqqəti maliyyə sıxıntısına görə bütün edilənlərin üstündən xətt çəkmək də sizə yaraşmaz. Allah eşqinə, kimlərinsə təxribatlarına uyaraq (və ya hisslərə qapılaraq) min bir əziyyət hesabına əldə etdiyiniz ümumxalq məhəbbətinə kölgə salmayın. Düşmənlərimizi sevindirməyin, əllərinə bəhanə, girəvə verib, dəyirmanlarına su tökməyin. Allah xatirinə, böyük qələbələri, kiçik hisslərə, cılız məsələlərə qurban verməyin. Siz qazandığınızı qazanmısınız, həm maddi, həm də mənəvi mükafatınızı almısınız. Azərbaycanın idman tarixinə adınızı qızıl hərflərlə yazıbsınız. Artıq bu gün sizin gənclərə, sizdən sonra gələnlərə nümunə, örnək olan vaxtınızdı. Sizə baxıb, idmana gələnlər, sizə baxıb, çempion olmaq istəyənlər az deyil. Elə isə bir yaxşı fikirləşin, bu hərəkətiniz, bu davranışınız onların təsəvvürlərini necə dəyişə bilər? Bunu etməyin. Sizi sevirik və hər birinizdən qələbə sevinci, qələbə xəbərləri gözləyirik. Azərbaycan naminə irəli!”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın