Bazar , Oktyabr 20 2019
Ana səhifə / Media / 98 saylı uşaq bağçasında dözülməz şərait mövcuddur

98 saylı uşaq bağçasında dözülməz şərait mövcuddur

Bağça müasir standartlara uyğun fəaliyyət göstərmir

Son zamanlar uşaq bağçalarında baş verən neqativ olaylar valideynləri təşvişə salıb. Paytaxtda yerləşən bir çox bağçalarda vəziyyət ürəkaçan deyil. İş elə yerə çatıb ki, artıq valideynlər övladlarını bağçalara etibar etmirlər. Sözsüz ki, burada söhbət uşaqların sağlamlığından gedir. Əksər məktəbəqədər təhsil ocağında uşaqların sağlamlığı ciddi təhlükə altındadır. Belə təhsil ocaqlarından biri də Bakı Şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi 1, 1 üvanda yerləşən 98 saylı uşaq bağçasıdır. Bağçadakı mövcud durumla bağlı redaksiyamıza tez-tez şikayətlər daxil olur. Şikayətlərdə göstərilir ki, bağçanın fəaliyyətində ciddi nöqsanlar mövcuddur. Müdirəsi Elnurə İlyasova olan bağçada şərait o qədər də yaxşı deyil. Mənbə bildirir ki bağça müasir standarlara qətiyyən cavab vermir. Artıq uzun müddətdir ki, bağçada təmir işləri aparılmır. Demək olar ki, bağçada uşaqlar üçün əlverişli şərait yoxdur. Yay aylarında uşaqlar istidən, qışda isə soyuqdan əziyyət çəkirlər. Lakin bağça müdirəsini isə bu vəziyyət deyəsən bir o qədər də maraqlandırmır.

Bundan savayı şikayətçilər bildirirlər ki, uşaqlara vaxtı ötmüş məhsullar verirlər. Hətta xoşagəlməz iyin əlindən bağçanın mətbəxinin yanından keçmək mümkün deyil. Məhsulları qəbul edərkən heç bir sənədləşmə aparılmır.

Müəssisədə ərzaq xammalı və qida məhsullarının brakeraj jurnalı olmalıdır. Lakin 98 saylı uşaq bağçasında belə bir jurnal yoxdur.

Qeyd edək ki, dövlət standartının tələblərinə görə körpələr evi-uşaq bağçasına daxil olan qida məhsullarının keyfiyyətinə nəzarət üçün brakeraj keçirilməlidir. Belə ki, brakeraj məqsədilə ayrılmış xüsusi jurnalda qida məhsullarının daxilolma tarixi və vaxtı, son satış müddəti, faktiki satış tarixi və vaxtı, orqanoleptik qiymətləndirmənin nəticələri və.s haqqında qeydlər aparılmalıdır. Bağçada məhsullarla yanaşı, qablar, mətbəxdə istifadə olunan qazanlar və s. bir vannada yuyulur ki, bu da sanitariya normalarının pozulması deməkdir.

Adının çəkilməsini istəməyən şəxs bildirir ki, bir müddət bağçada aşpaz köməkçisi çalışıb: “Orada çalışdığım ərəfədə bəzi neqativ hadisələrin şahidi oldum. Uşaqlara iylənmiş ətdən hazırlanan xörəklər verilirdi. Xörəyə xüsusi ədviyyatlar qataraq ətin iyini məhv etməyə çalışırdılar. Bu cür halları qəbul edə bilmədiyimdən təhsil müəssisəsindən uzaqlaşdım”.

Redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, bağça müdirəsi Elnurə İlyasova rəhbərlik etdiyi təhsil müəssisəsinə valideynlərin daxil olmasına imkan vermir. Heç sözügedən bağçanın ətrafında İlyasovanın xəbəri olmadan quş da uça bilməz. Bundan başqa bağça müdirəsi təhsil ocağında yer ola-ola bağçaya uşaqları qəbul etmir. Valideynləri get-gələ salır. Hansı valideyn müdirəni razı salırsa, həmin valideynin övladı üçün dərhal bağçada yer olur.

Qeyd edək ki, 2011-ci ilin dekabrında ölkə prerzidenti İlham Əliyevin sərəncamı ilə uşaq bağçaları yerli İcra Hakimiyyəti orqanlarının tabeliyinə verildi. Prezident Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə bu sərəncamı imzalayarkən, məqsəd adıgedən tərbiyə müəssisələrinin müasir tələblər səviyyəsində qurulması, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması idi. lakin hazırda vəziyyət olduqca acınacaqlıdır. Demək olar ki, əvvəlki illərdə fəaliyyət göstərən uşaq bağçalarından əsər-əlamət qalmayıb.

Bütün valideynlər övladlarını bağçaya qoyarkən rahat idilər. bilirdilər ki, vaxtlı-vaxtında yeməklə təmin olunacaqlar. Vaxtlı-vaxtında yatacaqlar. Hər şeyi öyrənəcəklər. Uşaqların təlim-tərbiyəsinə də xüsusi diqqət ayırırdılar.

gundelikbaku.com

Həmçinin oxuyun

“İsa Qəmbərin mövqeyi etik qaydaya sığmırdı” – Yadigar Sadıqlı

Müsavat Partiyasının IX qurultayında başqanlığa namizədliyini irəli sürən, qurultaydan sonra açıqlama və fikirləri ilə diqqət …

Bir cavab yazın