Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun 63 yaşı tamam olub.
2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə tutduğu vəzifədən
çıxarılan, ardınca rəhbərlik etdiyi qurum ləğv olunan Eldar Mahmudovla
bağlı qaranlıq məqamlar bu günə qədər qalmaqdadır.
Onun
işdən çıxarılması ilə MTN-də əsas idarələrin rəisləri həbs olundu,
Mahmudovun qanunsuz əmrlərini icra etmiş işçiləri də qandallandı. Eldar
Mahmudovla bağlı müəmmalı durum isə bu günə qədər davam edir. Onun
statusu haqda məlumat verilmir. Bu günə qədər Eldar Mahmudovun
təqsirləndirilən şəxs, şahid, zərərçəkən və ya digər statusu rəsmi
olaraq açıqlanmır.
Bugünlərdə
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov müsahibə verərək Eldar
Mahmudovla bağlı, onun statusu ilə bağlı açıqlama vermişdi. YAP Yasamal
təşkilatının sədri olan Tağı Əhmədov Eldar Mahmudovun ev dustağı
olduğunu, onun hətta yas məclisinə belə icazə almaqla getdiyini
açıqlamışdı.
Belə
bir durumda Eldar Mahmudov özünün 63-cü doğum gününü qeyd edir. Onun
Nardarandakı bağ evində nəzarət altında saxlanıldığı haqda xəbərlər var.
Eldar Mahmudovun ad günündə əmisi oğlu, köməkçisi olmuş Vüqar Mahmudova
Bakı Hərbi Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub
ki, Dövlət Təhlükəsizliyi Xidməti təqsirləndirilən şəxsə qarşı mülki
iddianı geri çəkib və hər hansı bir tələbi yoxdur. Daha sonra prosesdə
məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış edərək
Vüqar Mahmudovun 4 il azadlıqdan məhrum edilməsini istəyib. Vüqar
Mahmudovun vəkili təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün
çıxarılmasını istəyib. Vüqar Mahmudov son söz deməkdən imtina edib.
Məhkəmə müşavirəyə yollanıb. Sonra məhkəmənin hökmü ilə V.Mahmudova 2 il
müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O, ibtidai istintaq və
məhkəmə istintaqı dövründə həbsdə olduğu üçün məhkəmə zalından azadlığa
buraxılıb. Hökmdə həmçinin qeyd edilib ki, V.Mahmudova məxsus əmlaklar
müsadirə olunub.
Qeyd
edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu
V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə
rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq sabiq nazir
E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant
V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır
Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət
işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova Cinayət
Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya
israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə),
182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu
ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə
hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış
fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər
tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış
fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən
həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan
keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli
pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada
informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə
edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır
nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə
ittiham irəli sürülüb.
Prokurorun
Vüqar Mahmudova gözlənilən cəzadan qat-qat aşağı cəza istəməsi və sonra
isə azad edilməsinin məhz Eldar Mahmudovun ad gününə təsadüf etməsi
ortada maraqlı gedişatın olduğundan xəbər verir. Bu, Eldar Mahmudov üçün
63-cü doğum günündə bundan yaxşı xəbər ola bilməz.
Sabiq
nazir 1956-cı il noyabrın 28-də Bakı şəhərində anadan olub. 1978-ci
ildə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun
maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq
fakültəsini bitirib. SSRİ Silahlı Qüvvələrinin sıralarında müddətli
həqiqi hərbi xidmət keçib. 1980-2004-cü illərdə daxili işlər
orqanlarında xidmət etmişdir. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla
mübarizə, cinayət-axtarış strukturlarında çalışıb. 1993-cü ildə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə
İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, bir müddətdən sonra
həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilmişdi. 1993-2003-cü
illərdə İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin və İqtisadi sahədə
Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləmişdir.
2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi
vəzifəsinə təyin edilmişdi. Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu
nəticələrinə və müsbət göstəricilərinə görə müxtəlif mükafatlara layiq
görülüb. 23 iyul 2004-cü ildə milli təhlükəsizlik naziri təyin
olunmuşdu. 2015-ci il oktyabrın 17-si Eldar Mahmudovun karyerasının sonu
oldu. Onun komandasının əsas üzvləri həbs edildi, özü də ev
dustaqlığına göndərildi.
Belə görünür ki, Eldar Mahmudov ayağa qalxmaq üzrədir…
“Yeni Müsavat”
Ana səhifə / Kriminal / Sabiq MTN şefinin ad günündə məhkəmənin Vüqar Mahmudovu azad etməsi təsadüfdürmü? – İLGİNC
Həmçinin oxuyun
Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir
“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …