Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / “Plan qurduq ki, onlar öldürmədən biz öldürək” – AzTV rəhbərinə qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi

“Plan qurduq ki, onlar öldürmədən biz öldürək” – AzTV rəhbərinə qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilənlərin növbəti məhkəməsi baş tutub.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılıb. Təqsirləndirilənlər Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdur.

Məhkəmə prosesində şahid qismində Yaşar Eyyubov dindirilib. Şahid bildirib ki, Şamaxıdakı notariat konturunun rəhbəridir: “Polis idarəsinə dəvət elədilər. Orada Şücayət Əkbərov keçmiş həyat yoldaşı Səliməyə notarial qaydada etibarnamə verdi. Bunlar hamısı könüllü şəkildə oldu. Həmin vaxtı Şücayət polis tərəfindən həbs edilmişdi”.

Təqsirləndirilən Ş.Əkbərovla şahid arasında mübahisə yaranıb. Hakim Şücayət Əkbərova xəbardarlıq edib və onu zaldan çıxarıb. Buna etiraz edən Şücayət Əkbərovun qızını və keçmiş həyat yoldaşını da məhkəmə zalından çıxardıb.

Prosesdə istintaq dövründə Şücaət Əkbərov və Qoçəli Cebiyev arasında üzləşmənin görüntüləri izlənilib. Həmin görüntülərdə Qoçalı Nəbiyev bildirib ki, Şücayət Əkbərov onun düşmənli olduğunu deyib: “Dedi ki, borcu var. Onu öldürmək istəyirlər. Mən də soruşdum ki, kimdir? Dedi, televiziyada işləyən adamdır. Adı Arifdir. Biz də plan qurduq ki, onlar onu öldürmədən biz öldürək. Plana əsasən, onlar Şamaxıya gələndə biz görüş təyin edib onları öldürməliydik. Zöhrabı Şücayətlə mən tanış etmişəm. Onunla danışdıq. O da Arifi vurmaq üçün Şücayətə kömək edəcəkdi. Bunun qarşılığında Zöhraba 100 min manat verəcəkdi. Bir də 7 min manata “Niva” aldı. Ümumiyyətlə bu cinayətə bizi Şücayət Əkbərov sövq edib”.

Şücayət Əkbərov həmin görüntülərdə Qoçalı ilə düşmən olduğunu deyib. O, sui-qəsdlə bağlı isə həmin görüntülərdə sifariş verdiyini nə təsdiq nə də təkzib edib. Daha sonra prosesdə Zöhrab Şirinovla Şücayət Əkbərovun istindaqdakı üzləşməsinin götüntüləri izlənilib.

Həmin görüntülərdə Zöhrab Şirinov da Arif Alışanova sui-qəsd təşkil etdiklərini etiraf edib: “Qoçalı bizi tanış elədi. 100 min manat qarşılığında Arif Alışanovu öldürəcəkdik. İlk olaraq 7 min manata mənə “Niva” aldılar”.

Ş.Əkbərov məhkəmədə bildirib ki, həmin ifadələri təzyiq altında verib. Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.

Qeyd edək ki, məhkəmə zalında Aqşin Hüseynov digər təqsirləndirlən şəxslərdən ayrı şüşə qəfəsdə saxlanılır. A.Hüseynov digər təqsirləndirilən şəxslərdən fərqli ifadə verib və məhkəmə gedişində də onlar arasında dəfələrlə mübahisə yaranıb.

Bildirək ki, ittiham aktında yazılır ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həmçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Rəsmi məlumata görə, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.

İttihama görə, M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …