Ana səhifə / Kriminal / Yaşlı qadını Azərbaycana 2 kilo çınqıl gətirdiyinə görə həbs etdilər

Yaşlı qadını Azərbaycana 2 kilo çınqıl gətirdiyinə görə həbs etdilər

Astara gömrüyündə qeyri-adi hadisə baş verib. Gündəlik ehtiyaclarını ödəmək üçün mütəmadi olaraq İrandan Azərbaycana ərzaq və siqaret gətirən qadının kisəsindən bu dəfə qonşu ölkədən topladığı çınqıl daşları aşkarlanıb. Gömrükçülər buna irad bildirdikdə isə qadın onların ünvanına xoşagəlməz ifadələr səsləndirib və çınqıl kisəsini götürərək qaçıb.

Virtualaz.org-un xəbərinə görə, Leyla Əli qızı Əliyeva 30 may 2018-ci ildə Astara rayon Gömrük İdarəsinin inzibati binasında ictimai qaydanı pozaraq gömrük əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməklə xuliqanlıq edib. O, Astara rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 5 sutkalıq həbs olunub.

L.Əliyevanın vəkili Gülmayə Quliyevanın sözlərinə görə, müdafiə etdiyi şəxs yaşlı və tənha qadındır, maddi sıxıntı içərisində yaşayır. Heç yerdən gəliri olmadığından İrandan xırda-xuruş gətirməklə dolanır: “Nə gətirməyindən asılı olmayaraq gömrük əməkdaşları hər şeyi anbara vurmaqla geri qaytarmadıqlarından Leyla xanım da bu cür etiraz edib. O, İran ərazisindən 2 kiloqrama yaxın çınqıl topladıqdan sonra Astara gömrüyünə yaxınlaşıb. Özü ilə gətirdiyi kisəni yoxlama aparatının üstünə qoyub. Gömrük əməkdaşları onun nə demək istədiyini başa düşüblər. Leyla xanım onlara “bunu da vurun anbara” deyə israr edib.

Mayın 26-da 16 ədəd “Kent” markalı qara siqaret gətiribmiş, həmin siqaretin rüsumunu ödəsə də, malı ona vermədikləri üçün və bu cür hərəkətlər davamlı olduğundan qadın həmin yola əl atıb.

Vəkilin sözlərinə görə, həmin gün bundan başqa heç bir hadisə baş verməyib. İyunun 10-dan etibarən L.Əliyeva bir neçə dəfə gömrük əməkdaşlarından anbarda olan və rüsumu ödənilmiş mallarını alıb geri qaytarmaq üçün idarəyə yaxınlaşsa da, onu yubadıblar. Bir neçə saat gözlətdikdən sonra isə Astara rayon Polis Şöbəsinin bir neçə əməkdaşı ona yaxınlaşıb: “Əvvəl polis şöbəsinə, sonra dərhal məhkəməyə aparıblar, beş sutka iş kəsiblər. Leyla xanım izahat yazmaqdan və imzalamaqdan imtina edib. Qərarda da deyildiyi kimi, çınqıl gətirməsi və guya çınqıla görə gömrük əməkdaşlarını söyməsi əsas götürülüb. Gömrük əməkdaşları tərəfindən tərtib olunan aktda Leyla xanımın onların əmrinə tabe olmaması qeyd edilib. 12 iyunda isə polis idarəsində tərtib edilən protokol barədə Leyla xanımın heç bir məlumatı olmur və məhkəmədə olmasının səbəbini yalnız məhkəmədə bilir. Guya çınqıl və söyüş səbəbi ilə insidentlə bağlı tərtib edilən aktda çınqıl və söyüş barədə heç nə yoxdur”.

Vəkil deyir ki, müdafiə etdiyi şəxsin əməlində yalnız onun çınqıl gətirməsi öz təsdiqini tapıb. Şahidlər onun söyüş söyməsini və onları təhqir etməsini məhkəmə izahatlarında göstərməyiblər: “İrandan çınqılın gətirilməsi hansı formada ictimai asayişi pozur? Söyüş söyməyə gəlincə isə, bu məsələ məhkəmə iclas protokolunda öz təsdiqini tapmayıb. On iki gün əvvəl barəsində şikayət verilmiş şəxsə bu barədə məlumat vermədən qəfil saxlanıb məhkəməyə aparılması hüquq sisteminin qanun və ədalət çərçivəsində fəaliyyət göstərməsini şübhə altına alır. Məhkəmələr ədalət nümunəsidir. Hər hansı bir orqanın ədalətsiz hərəkətindən məhkəməyə üz tutan vətəndaşın son güman yeri məhkəmədir”.

Qeyd edək ki, vəkil Astara rayon Məhkəməsinin qərarının ləğv edilməsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib: “Bu qərara baxılana qədər Leyla xanımın 5 günlük həbs müddəti bitəcək. Amma bizi narahat edən bu deyil. Məsələ bu boyda qanunsuzluğa qanuni don geyindirilməsindədir. Onun əməlində heç bir inzibati xəta tərkibi də yoxdur. Ona görə də Astara rayon məhkəməsinən qərarı ləğv edilməlidir”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …