Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “İdeal”da saxta ətirlər satılır

“İdeal”da saxta ətirlər satılır

Azad İstehlakçılar Birliyinin sədri: “”İdeal”dan da bizə şikayətlər gəlib”

Ətri sevməyən insan yoxdur. Bakıda hər keyfiyyətdə, qiymətdə ətir tapmaq mümkündür. Hazırda bazarda müştəri bolluğu baxımdan “İdeal”, “Sabina”, “Parfume De France”, “La Parfumerie” kimi mağazalar şəbəkəsi bazarın kuratoru sayılır. Düzdür, burada təklif olunan qiymətlər ölkədəki orta əmək haqqına, əksəriyyətin yaşayış səviyyəsinə, əhalinin gəlirlərinə uyğun deyil. Amma bir çox insanlarımız yolunu bu mağazalardan salır.

Bəs əslində bu mağazalarda bizi aldatdıqlarını bilirsinizmi?

Redaksiyamıza “İdeal”la bağlı şikayət daxil olub. Şikayətdə müştəri baha qiymətə aldığı ətirlərin keyfiyyətsiz olduğunu və iyinin qalmadığından şikayətlənirdi.
Bu şikayətlə əlaqədar “28 Moll” ticarət mərkəzində yerləşən “İdeal” mağazasına üz tutduq. Buradakı ətirlər baha olsa da, qiymətləri kimi yüksək deyildi və bu ətirlərin iyləri tibbi spirti xatırladırdı. Ətir müxtəlif qoxulu maddələrin spirtdə həll edilmiş qarışığı olsa da, spirt dozadan artıq olanda alınan məhsul ətir sayıla bilməz. Beynəlxalq təcrübəyə əsasən, ətir ona qarışdırılan spirtin miqdarına uyğun dəyərləndirilir. Spirt nə qədər az olarsa, ətir o qədər keyfiyyətli hesab olunar. Burada saxta ətirlərin satışı iddialarına gəlincə isə müəyyən qədər reallıq vardı. Çünki baha qiymətə bəh-bəhlə satılan ətirlərin testerini yoxladıq və artıq 30 dəqiqə keçdikdən həmin ətrin iyini hiss etmirdik. Qiymətlərə gəlincə isə “İdeal” mağazasından ətir alan şəxsin cüzdanında gərək ən azı 40-50 manat olsun. Çünki buradakı ən ucuz ətrin qiyməti 40 manatdır.

Bəs bu qədər bahalığa səbəb nədir?

 

Qeyd edək ki, parfümeriya məhsullarına gömrük rüsumu çox deyil.  Məsələn, ətirlər üzrə gömrük rüsumu 3303 00 100 0 kodu ilə 15 faiz , tualet suyu  3303 00 900 0 kodu ilə yenə 15 faiz təşkil edir. Digər kosmetika növləri üzrə də  rüsum 15 faizdir. Bura 18 faiz əlavə dəyər vergisini də əlavə edib hesablasaq yenə də qiymətlər “İdeal”dakına çatmır.
“İdeal”ın endirim kampaniyaları da diqqət çəkir. 2009-cu ildən endirim kartlarının  tətbiqinə başlayan şəbəkənin kartlarının yararlılıq “şərtləri” fantastikdir. Yəni bir neçə faizlik endirim qoparmaq üçün  “İdeal”dan  böyük həcmdə və dəyərdə kosmetika alınmalıdır. Konkret olaraq müştəri “Gold” kartı əldə etmək məqsədilə  600 manatlıq alver edib 15 faizlik endirimə nail olmalıdır. 20 faizlik “VİP” kart üçün alverin həcmi 1200 manatdır. Mağazalar şəbəkəsində “Premium” kart da var. Burada isə alverin dəyəri 3500 manatdır.
Ətrin orijinal olub-olmadığını müəyyən etməyə gəlincə isə orijinal ətirlərdə qablaşdırma çox səliqəli olur. Çox az hallarda ərəb markalarında bu nüansa fikir verilmir. Bütün tanınmış markaların ətirləri sellofan qutunun üstünə sıx oturur. Bundan başqa, orijinal ətirlərdə şüşə şəffaf olmalıdır. Amma Türkiyə və ya Çin istehsalı olan ətirlərdə şüşə tünd olur, yazılar bir-birinə qarışır. Bir məsələ də var ki, ştrix kodlarının olmasına aldanmaq olmaz. Ştrix kodları saxta yolla elə  çap edirlər ki, ayırmaq olmur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da “İdeal”dan çoxlu sayda şikayətlər gəldiyini dedi:“Azərbaycanda parfümeriya malları və ətirlər geri qaytarılmayan siyahısındadır. Mən buna çox təəssüflənirəm. Bundan istifadə edən biznes qurumları qanundakı boşluqdan istifadə edirlər. Hökumət orqanlarının biganə mövqeyi insanların aldanmasına səbəb olur. Təsadüfi deyil ki, ardıcıl olaraq İsraildən gətirilən ”Beşeli” firmasının mallarından çoxlu sayda şikayətlər gəlir. Bu malları əhaliyə 2-3 minə satır, nisyə verirlər. bundan sonra isə məhkəmə iddiaları qaldırılır. “İdeal”dan da bizə şikayətlər gəlib. Təsadüfi deyil ki, “İdeal”ın xaricdən gəlmiş nümayəndələri dəfələrlə bizim ofisimizdə olublar. Lakin biz  çox təəssüflər olsun ki, istehlakçı hüququnu qorumağa müvəffəq ola bilməmişik. İstehlakçının şikayətini dövlət orqanına göndərmişik. Ancaq dövlət orqanı da istehlakçının hüququnu qorumaq mövqeyi göstərməyib”.
Qurum sədri ətirlərin üzərində buraxılma və son yararlılıq müddətinin olmasının vacib olduğunu dedi:“Ətrin istehsal və yararlılıq müddəti şüşənin üzərinə yapışdırılan kağızda həkk olunmalıdır. Əgər bu hansısa haloqram və başa düşülməyən pullar şəklindədirsə, alıcılar belə ətirləri almaqdan imtina etsinlər. İdealda bu problemlər yaşanır. Hətta bizim ofisə gələn xarici rəsmi nümayəndələr də istehlakçı hüquqlarına biganə qalıblar və qanundakı boşluq səbəbindən parfümeriya biznesi sürətlə inkişaf edir. Qeyd etdiyim kimi dövlət orqanı da buna seyrçi mövqeyində qalır. Bunun da səbəbi odur ki, hər bir biznesin arxasında dövlət məmuru durur. Prezidentin son vaxtlar apardığı işlər həmin bizneslə məşğul olan o məmurlara yaxşı bir mesaj olmalıdır və bundan dərs almalıdırlar ki, özlərini yığışdırsınlar”.
Günel MANAFLI
Fotolar müəllifindir
Parfüm və kosmetika məhsullarının satışı ilə məşğul olan “İdeal” şirkəti redaksiyamıza aşağıdakı məzmunda məktub göndərib. Dərc edirik.
***
“İDEAL parfum və kosmetika mağazalar şəbəkəsi  haqqında “Yeni Müsavat” qəzeti“ndə və Musavat.com” saytında yazılmış və daha sonra bir sıra saytlar tərəfindən köçürülmüş “İdeal”da saxta ətirlər satılır” məqaləsinə rəsmi münasibətimizi bildirərək aşağıdakıları qeyd etmək istəyirik:
İDEAL Parfumeriya və kosmetika mağazalar şəbəkəsi 1999-cu ildə yaradılıb, hazırda 12 mağazası və 5100 kvadrat metrdən çox ümumi sahəsi  ilə Bakı şəhəri və regionlarda fəaliyyət göstərir.Mağazalarımizda  müştərilərə dünyanın 140 –dan cox   məşhur və eksklyuziv brendlərinə məxsus parfum, dekorativ kosmetika və dəri  üçün qulluq vasitələri təqdim edilir.
 Bildiririk ki, məqalədə yazılanlar tamamilə  əsassız, qərəzli hazirlanmiş məlumatlardır.
Şəbəkəmizdə təqdim olunmuş  məhsulların hər biri Azerbaycan Respublikası Səhiyyə Nazirliyi və Azerbaycan Respublikası Standartlasdırma, Metrologiya ve Patent üzrə Dövlət Komitəsi   tərəfindən verilmiş gigiyenik ve uyğunluq  sertifikatlarına malikdir.
 Gələn həftə İDEAL şirkəti olaraq jurnalistlər üçün mətbuat konfransı təşkil ediləcək, bütün jurnalistləri tədbirə dəvət edirik. Tədbirin yeri ve dəqiq vaxtı haqqında əlavə məlumat veriləcək”.
P.S. “Yeni Müsavat” qəzeti öz növbəsində bildirir ki, yazılanların əsaslı-əsassız olması mübahisə mövzusu olsa da, heç bir halda qərəzdən söhbət gedə bilməz. 

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın